14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hansı halda vergi orqanı malların dəyərini düsturla hesablayır?

1 yanvar 2022-ci ildə Vergi Məcəlləsinin 58.16-cı maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

“Alışı bu Məcəllə ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən malların təqdim edilməsinə dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə, həmin malların alışı ilə bağlı çəkilən xərclərin dəyəri təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsi yolu ilə alınan dəyər kimi müəyyən edilir.”

İqtisadçı ekspert Anar Bayramov qanunvericilikdəki bu dəyişikliyi “vergiler.az”a şərh edir.

Malların alış dəyərini hesablamaq üçün, maddədə diqqətçəkən bir çox məqam var.

Birinci məqam: Düsturun tətbiqi üçün əsas həmin malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mədaxilinin rəsmi qaydada aparılmamasıdır. Yəni, vergi nəzarəti tədbirlərində həmin malların alışı zamanı sənədlərdə düzgün rəsmiləşdirmə aparıldığı, amma təqdimetmədə problemlərin mövcud olduğu üzə çıxarsa, o zaman malların dəyərinin 1,2-yə bölünməsini nəzərdə tutan düsturdan istifadə edilmir.

İkinci məqam: Malların təqdim olunmasına dair tərtib edilmiş elektron qaimə-fakturalarda mallar barədə məlumatlar, o cümlədən malın adı dəqiq göstərilmədikdə düsturdan istifadə edilmir. Misal üçün, malların təqdim edilməsi zamanı bənzər adlardan istifadə edildiyi halda malların dəyərinin 1,2-yə bölünməsi düsturundan istifadə tətbiq olunmur.

Üçüncü məqam: Düsturdan istifadədə məqsəd malların alış qiymətini müəyyənləşdirməkdir. Yəni, vergi orqanı təqdimetmə ilə bağlı məlumata malik olsa da həmin malların alış dəyərini müəyyənləşdirməlidir ki, həmin qiymətə maliyyə sanksiyası tətbiq etsin.

Dördüncü məqam: Düstur vasitəsilə hesablama yalnız Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə - malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmaması halında deyil, həmçinin Vergi Məcəlləsinin 58.8.3-cü maddəsi ila tənzimlənən Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadığı hallarda tətbiq edilir.

Beşinci məqam təqdim edilən malların ümumi dəyərinin ekspert və mütəxəssisin rəyi əsasında müəyyənləşdirmək mümkün olmaması ilə bağlıdır. Yəni, dəvət edilən ekspet və mütəxəsis malların adının konkret olmadığı üçün təqdim olunan mallar üzrə bazar araşdırması və digər fəaliyyət həyata keçirə bilməyəcək.

İndi isə misallar üzərində maliyyə sanksiyalarını hesablayaq.

Misal 1: Vergi orqanının keçirdiyi vergi nəzarəti tədbirləri aşkar edib ki, vergi ödəyicisi 40.000 manatlıq malın təqdim edilməsi zamanı ad hissəsində sadəcə “məişət texnikası” qeyd edib. Vergi orqanı alış sənədləri olmadığı üçün “məişət texnikası” adı altında hansı malların satılmasını müəyyən edə bilmir. O zaman malların alış dəyərini hesablamaq üçün təqdim edilən malların dəyərinin 1,2-yə bölünməsini həyata keçirir. Hesablamalara əsasən, malların alış dəyəri - 33 333,33 manat götürülərək maliyyə sanksiyası tətbiq edilir.

Misal 2: Vergi ödəyicisinin təqdim etdiyi məlumatlara əsasən yoxlama dövrü ərzində “meyvə-tərəvəz” adı altında 24.000 manatlıq mal təqdim edilib. Vergi orqanı həmin malların alış dəyərini müəyyən etmək üçün mütəxəssis dəvət edə bilmir. Çünki vergi ödəyicisinin konkret hansı meyvələri (alma, armud və s.) təqdim etməsi haqqında informasiya yoxdur. Bu zaman vergi orqanı maliyyə sanksiyası tətbiq etmək üçün malların təqdim edilmiş məbləğinin 1,2-yə bölünməsini həyata keçirir:

24000 : 1,2 = 20000 manat.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?