16 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Müəssisənin ödədiyi hansı sığorta haqları onun gəlirindən çıxıla bilər?

Bəzən təcrübədə müəssisələr öz əməkdaşlarını motivasiya etmək üçün əlavə stimullaşdırıcı işlər görür. Məsələn, naharın müəssisə tərəfindən verilməsi, işçilərin istirahəti üçün xaricə səfər, işçilərin həyatının sığortalanması, işçilərin sağlamlıqları üçün onların könüllü tibbi sığortası, əmlaklarının zərərdən və yaxud icbari sığortalanması və s. Bəs Vergi Məcəlləsinə əsasən müəssisə üçün icbari olmayan və sığorta təşkilatlarına ödənilən sığorta haqlarını müəssisə öz gəlirindən çıxa bilərmi? “vergiler.az”ın sualına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 116-cı maddəsinə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, müəssisə tərəfindən sığorta haqları gəlirdən çıxılır.

Belə olan halda müəssisə öz işçisinin nəqliyyat vasitəsinin həm icbari sığortalanması, həm də zərərdən sığortalanması üçün sığorta təşkilatı ilə sığorta müqaviləsi bağlayır. Bu sığorta məhsullarından müəssisənin işçisinin faydalanmasına baxmayaraq, sığorta təşkilatı göstərdiyi sığorta xidmətlərinə görə müəssisəyə elektron qaimə-faktura təqdim edir. Müəssisə də bağlanmış müqavilə və elektron qaimə-faktura üzrə sığorta təşkilatına ödəniş edir.

Misal 1: “AA” müəssisəsi öz işçisinin nəqliyyat vasitəsini həm zərərdən, həm də icbari sığortalayıb. İşçisinin nəqliyyat vasitəsinin icbari sığortası üzrə 150 manat, nəqliyyat vasitəsinin zərərdən sığortalanması üzrə isə 2.000 manat məbləğində sığorta haqqı sığorta təşkilatına ödənilib.

İşçinin nəqliyyat vasitəsinin icbari sığortası üzrə müəssisənin ödədiyi 150 manat sığorta ödənişi, Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, müəssisə üçün icbari ödəniş hesab olunmur. Buna baxmayaraq, Vergi Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, müəssisə işçinin əmlakının icbari sığortası üzrə ödədiyi 150 manat sığorta haqqını öz gəlirindən çıxa bilər. Ancaq işçisinin əmlakının zərərdən sığortalanması üzrə sığorta təşkilatına ödədiyi 2.000 manat sığorta haqqını isə müəssisə öz gəlirindən çıxa bilməz və həmin məbləği yalnız sərəncamında qalan bölüşdürülməmiş mənfəətindən çıxa bilər.

Sığorta haqlarının gəlirdən çıxılması ilə bağlı xüsusi bir məqamı da qeyd edək. Müəssisə o zaman sığorta haqlarını gəlirindən çıxa bilər ki, mütləq həmin sığorta haqlarını sığorta təşkilatına ödəmiş olsun. Yəni, baxmayaraq ki, müəssisə ilə sığorta təşkilatı arasında müqavilə bağlanıb, sığorta təşkilatı dövr ərzində öz sığorta xidmətini müəssisəyə göstərib və müəssisəyə elektron qaimə-faktura təqdim edib, əgər müəssisə sığorta haqlarını sığorta təşkilatına ödəməyibsə, o zaman həmin sığorta haqlarını gəlirindən çıxa bilməz.

Misal 2: “BB” müəssisəsi öz işçisini könüllü tibbi sığorta etdirmək üçün illik 2.000 manat dəyərində “Sağlam ol” paketi üzrə sığorta təşkilatı ilə müqavilə bağlayıb. Sığorta təşkilatı 29.12.2022-ci il tarixində müəssisəyə 2.000 manat dəyərində elektron qaimə-faktura təqdim edib. Ancaq müəssisə işçisinin könüllü tibbi sığortası üçün sığorta təşkilatına 2.000 manat sığorta ödənişini 06.01.2023-cü ildə həyata keçirib.

Müəssisə öz gəlirlərinin və xərclərinin uçotunu hesablama metodu ilə aparır. Sığorta təşkilatı elektron qaimə-fakturanı müəssisəyə 2022-ci ildə təqdim edib, lakin müəssisə tərəfindən bu ödəniş 2023-cü ildə həyata keçirilib. Buna görə müəssisə həmin sığorta xərcini yalnız 2023-cü ildə öz gəlirlərindən çıxa bilər.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?