13 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fəaliyyətini dayandıran vergi ödəyicisi yenidən fəaliyyətə başlayarsa, bəyannaməni necə təqdim etməlidir?

Mövzunu vergiler.az-a iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əgər vergi ödəyicisi ilin ortasında öz fəaliyyətini müvəqqəti dayandırırsa, o zaman Vergi Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, 30 gün müddətində mənfəət ( gəlir) vergisi bəyannaməsini təqdim etməlidir. Lakin bəzən təcrübədə rastlaşırıq ki, vergi ödəyicisi ilin ortasında, məsələn 31.08.2024-cü il tarixində fəaliyyətini müvəqqəti dayandırmasına baxmayaraq, həmin il üçün mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi üçün son tarix kimi 31.03.2025-ci il tarixi olduğunu düşünür və mənfəət vergisi bəyannaməsini təqdim etmir. Vergi ödəyicisi bəyannamənin təqdim olunması üçün son tarix olaraq 31.03.2025-cü ili gözlədiyi müddət ərzində vergi orqanı tərəfindən kameral qaydada ona mənfəət vergisi hesablanır.

Əvvəllər təcrübədə vergi ödəyicisi ilin ortasında fəaliyyətini dayandırır, Vergi Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, həmin il üçün mənfəət vergisi bəyannaməsi təqdim edirdi və ilin əvvəlindən fəaliyyətini dayandırdığı günədək əldə etdiyi gəlirləri və bu gəlirlərin əldə edilməsi ilə bağlı olan xərcləri mənfəət vergisi bəyannaməsində əks etdirirdi. Həmin müddət aralığı üçün mənfəət vergisi öhdəliyini ödəyir və cari mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən təsdiqlənirdi. Bir müddət keçdikdən sonra vergi ödəyicisi fəaliyyətini yenidən bərpa edirdi. Lakin fəaliyyətini bərpa etdikdən sonra fəaliyyətini bərpa etdiyi tarixdən ilin sonuna kimi olan dövr ərzində əldə etdiyi gəlirləri vergiyə cəlb etmir və dəqiqləşmiş bəyannamə təqdim etmirdi. Həmin il üçün təqdim etdiyi cari mənfəət vergisi bəyannaməsi vergi orqanı tərəfindən təsdiqləndiyi üçün və Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, həmin dövr üçün vergi orqanı tərəfindən kameral vergi yoxlamasının aparılması mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyətini bərpa etdiyi tarixdən ilin sonuna kimi olan dövrə qədər əldə etdiyi gəliri vergiyə cəlb etmir və vergidən yayınırdı.

Misal: Tutaq ki, vergi ödəyicisi 30.06.2024-cü il tarixində fəaliyyətini müvəqqəti dayandırıb. İlin əvvəlindən həmin tarixədək müəssisənin 800.000 manat gəliri və bu gəlirin əldə olunması ilə bağlı 200.000 manat xərcləri olub. Fəaliyyətini dayandırdığı üçün 30 gün müddətində cari mənfəət vergisi bəyannaməsini təqdim edir və 600.000 manat mənfəətindən 120.000 manat mənfəət vergisini ödəyir. Müəssisə 01.09.2024-cü il tarixində yenidən fəaliyyətini aktiv edir və 01.09.2024-cü il tarixdən 31.12.2024-cü il tarixədək 100.000 manat gəlir əldə edir. Ancaq müəssisə bu dövr ərzində əldə etdiyi gəliri vergiyə cəlb etmir.

2024-cü ildən Vergi Məcəlləsinə edilən əlavəyə əsasən, əgər vergi ödəyicisi ilin ortasında fəaliyyətini müvəqqəti dayandırarsa və fəaliyyətini dayandırdığı günədək olan dövr üçün mənfəət vergisi bəyannaməsi təqdim edərsə, sonradan həmin ildə fəaliyyətini təkrar bərpa edərsə, o zaman növbəti ilin 31 martından gec olmayaraq dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etməlidir.
Yuxarıda qeyd edilən misalda müəssisə yenidən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etməli və bəyannamədə il ərzində əldə etdiyi ümumi 900.000 manat gəliri və bu gəlirin əldə olunması ilə bağlı 200.000 xərci əks etdirməklə 700.000 manat mənfəətindən vergisini ödəməlidir.

Əks halda, vergi orqanı tərəfindən kameral qaydada vergi hesablanacaq.

VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir?