15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qeyri-rezidentlərlə aparılan əməliyyatlar zamanı kameral uyğunsuzluqlar necə aradan qaldırılır?

Qeyri-rezidentlərlə aparılan əməliyyatlarda ödəmə mənbəyində verginin və ƏDV-nin hesablanması, eləcə də bunların bəyannamədə əks etdirilməsinin vaxtı necə müəyyən olunur? “vergiler.az” mövzu ilə bağlı sərbəst auditor Altay Cəfərovun şərhini təqdim edir.

Təcrübədə qeyri-rezidentlərlə aparılan əməliyyatlarda bəzən ƏDV-nin hesablanması vaxtı ilə ödəmə mənbəyində verginin hesablanması vaxtı arasında fərqlər yaranır. Bu məsələlərlə bağlı, aşağıdakı misallarda göstərildiyi kimi, vergi ödəyicilərində müxtəlif kameral uyğunsuzluqlar əmələ gəlir.

Misal 1: “AA” MMC 2023-cü ilin mart ayında qeyri-rezident şirkətdən 5.000 ABŞ dolları dəyərində kompüter təminatı xidməti əldə edib. “AA” MMC vəsaiti qeyri-rezident şirkətə aprel ayında ödəyib.

Misal 2: “AA” MMC digər bir qeyri-rezident şirkətdən 3.000 dollar dəyərində analoji xidmət əldə etmək üçün vəsaiti avans olaraq 2023-cü ilin martında ödəyib. Qeyri-rezident şirkət isə xidməti 2023-cü ilin aprel ayında yerinə yetirib.

Hər iki misalda ödəmə mənbəyində verginin və ƏDV-nin hesablanması və bəyannamədə əks etdirilməsi vaxtı necə müəyyən olunur?

Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.

Məcəllənin 169.3-cü maddəsində isə göstərilir ki, bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.

Beləliklə, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə görə, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə edilmiş gəlirlərinə görə ödəniş aparanda ödəmə mənbəyində vergi tutulur.

Məcəllənin 169.3.-cu maddəsinə görə isə ƏDV qeyri-rezidentə ödəmə aparılanda hesablanılır. Həmçinin, əvvəlcədən ödəmə aparılmışdırsa, onda verginin hesablanması vaxtı əvvəlcədən ödənilmə vaxtı sayılır.

Burada başqa suallar da meydana gəlir: “qeyri-rezidentin gəliri” dedikdə nə başa düşülür? “Gəlirin tanınması vaxtı” hansı vaxtdır?

Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən, gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir.


Deməli, əməliyyatın gəlir kimi tanınması üçün mallar, işlər və xidmətlər təqdim edilməlidir. Mallar, işlər və xidmətlər qarşı tərəfə təqdim edilməmişdirsə, gəlirdən söhbət gedə bilməz.

Birinci misalda “AA” MMC mart ayının ƏDV bəyannaməsinin 306-cı sətrində qeyri-rezident üzrə təqdim edilən dövriyyənin məbləğini 8.500 manat qeyd edəcəkdir: 5.000 x 1,7 = 8.500 manat.

18%-lik ƏDV məbləği - 1.530 manat bəyannamənin “təqdim edilən” sütununda yazılmalıdır: 8.500 x 18% = 1.530 manat.

2023-cü ilin aprel ayına aid ƏDV bəyannaməsində 8.500 manat və 18%-lik ƏDV (1.530 manat) dövriyyə kimi 306-cı sətirdə qeyd ediləcəkdir. ƏDV-nin hesablanması vaxtı isə aprel ayı olacaq. Çünki əsas məbləğ qeyri-rezident şirkətə 2023-cü ilin aprelində ödənilib. Əgər 1.530 manat məbləğində ƏDV dövlət büdcəsinə qeyri-rezidentin ƏDV büdcə kodu ilə ödənmiş olsa, bu, 2023-cü il aprel ayının ƏDV bəyannaməsinin 312-ci sətrində əvəzləşdirmə kimi yazılacaq.

“AA” MMC 850 manat məbləğində ödəmə mənbəyində vergini 2023-cü ilin birinci rüb ÖMV bəyannaməsində qeyd etməyəcəkdir.

5.000 x 10% = 500 dollar
500 x 1,7 = 850 manat

Ödənişin martda gəlir kimi nəzərə alınmasına baxmayaraq, həmin gəlirə görə qeyri-rezidentə ödəniş aprel ayında edilib. Ona görə də 850 manat 2023-cü ilin ikinci rübü üçün ödəmə mənbəyində vergi bəyannaməsində yazılacaq.

İkinci misaldakı 2023-cü ilin aprel ayı üçün ƏDV bəyannaməsində 918 manat ƏDV məbləği 306-cı sətirdə “daxil olan” kimi yazılacaq:

3.000 x 1,7 = 5.100 manat
5.100 x 18% = 918 manat.

Bu məbləğ həmin sətrin “təqdim edilən” sütununda yazılmayacaq. Çünki avans apreldə ödənilib. Avans isə xidmətlərin təhvil verilməsi sayılmır və gəlir kimi qəbul edilmir.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, avans məbləğlərinə ƏDV hesablanıldığından 918 manat ƏDV bəyannamədə “daxil olan” kimi yazılmalı və aprel ayının ƏDV bəyannmaməsinin 306-cı sətrində “təqdim edilən” hissədə qeyd edilməlidir. Çünki martda alınmış avansa görə xidmət apreldə təqdim edilib.

Ödəmə mənbəyində vergi isə birinci rübün bəyannaməsində 510 manat göstəriləcək:

3.000 x 1,7 = 5.100 manat;
5.100 x 10% = 510 manat.

3.000 dollar avans martda ödənilib, avans isə gəlir sayılmır. Xidmət qeyri-rezident tərəfindən apreldə təqdim edildiyinə görə gəlir kimi I rübdə nəzərə alınmayacaq və ikinci rübə aid ödəmə mənbəyində vergi bəyannməsində 510 manat vergi göstəriləcək.

Göründüyü kimi, qeyri-rezidentlər üzrə ƏDV-nin hesablanması vaxtı ilə ödəmə mənbəyində verginin hesablanması vaxtında fərqlər yaranmış olur. Bununla bağlı vergi orqanlarından daxil olan müxtəlif kameral uyğunsuzluları müvafiq açıqlamalar təqdim etməklə aradan qaldırmaq mümkündür.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?