4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏDV-nin əvəzləşdirilməsi üçün hansı tələblərə əməl edilməlidir?

vergiler.az” iqtisadçı ekspert Anar Bayramovun mövzuya dair şərhini təqdim edir.

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur.
1 yanvar 2022-ci ildən Vergi Məcəlləsinin 175.1-ci maddəsinə edilən düzəliş nəticəsində ƏDV-nin əvəzləşdirilmə şərtləri müəyyənləşdirilib. Həmin maddəyə əsasən, ƏDV-nin əvəzləşdirilməsi üçün hesablaşmalar zamanı aşağıdakı iki şərt mütləq təmin olunmalıdır:

- malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği, əməliyyatın dəyəri bank hesabına ödənilməlidir. Yəni, ƏDV ödəyicisi 118 manatlıq (ƏDV daxil) malın ödənişini həyata keçirərsə, 100 manat mütləq qarşı tərəfin bank hesabına ödənilməlidir;

- ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənilməlidir. Misal üçün, vergi ödəyicisi 118 manatlıq (ƏDV daxil) malın 18 manatını ƏDV depozit hesabına ödəməlidir.

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə edilən dəyişiklik birinci halla bağlıdır. Dəyişiklikdə qeyd edilir ki, əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməlidir. Dəyişiklik redaktə xarakterli düzəliş kimi qiymətləndirilsə də, burada ödənişi həyata keçirən şəxsin də bank hesabından istifadə etməsi konkretləşdirilib.

Maddədə ƏDV-nin əvəzləşdirilməsi üçün konkret sərhədlər müəyyən edilib. Əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Misal 1: ƏDV ödəyicisi olan “A” MMC qarşı tərəfdən 200 manatlıq mal alıb. Həmin malın dəyəri (200 manat) qarşı tərəfin bank hesabına, ƏDV (200 x 18%=36 manat) isə depozit hesabına ödənildiyi halda ƏDV-nin əvəzləşdirilməsinə icazə veriləcək.

Bəs vergi ödəyicisi əsas məbləği qismən ödədiyi halda əvəzləşdirməyə icazə verilirmi?

Vergi Məcəlləsinin 175.1.1-ci maddəsində qeyd edilir ki, hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - bu Məcəllənin 176-cı maddəsinə uyğun olaraq alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt əvəzləşdirilən ƏDV-nin vaxtı hesab edilir.

Vergi Məcələsinin 175.1.3-cü maddəsinə əsasən, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.

Misal 2: ƏDV ödəyicisi olan “A” MMC qarşı tərəfdən yanvar ayında 1.000 manatlıq mal alıb. “A” MMC yanvar ayında bank hesabına həmin malın 600 manatını və müvafiq olaraq 108 manat (600 manat x 18%) ƏDV-ni ödəyib. Fevral ayında isə bank hesabına 400 manat və ona mütənasib 72 manat (400 x 18%) ƏDV-ni depozit hesabına ödəyib. Bu halda “A” MMC yanvar və fevral aylarında müvafq olaraq 108 manatlıq və 72 manatlıq ƏDV-ni əvəzləşdirə biləcək.

Misal 3: Vergi ödəyicisi qarşı tərəfdən mart ayında 4.000 manatlıq mal almasına baxmayaraq, 8 apreldə bank hesabına 3.000 manat əsas məbləğ ödəsə də, aprel ayı ərzində cəmi 200 manat ƏDV məbləğini depozit hesabına ödəyib. Bu zaman vergi ödəyicisi 8.000 manata görə hesablanan ƏDV-ni, yəni 540 manatı (3.000 manat x 18%) əvəzləşdirə bilməyəcək.

Bir məqamı qeyd edək ki, vergi ödəyicisi misalımıza uyğun ödənişləri həyata keçirərsə, ona maliyyə sanksiyası tətbiq olunacaq. Çünki Vergi Məcəlləsin 58.6-cı maddəsinə əsasən, ƏDV məbləğinin Vergi Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi ödəyicisi 3.000 manat ödəniş etdiyi zaman 540 manat yox, 200 manat ödədiyinə görə vaxtında ödənilməyən 340 manatın (540 manat - 200 manat) 50 faizi - 170 manat miqdarında maliyyə sanksiyasına məruz qalacaq.

Misal 4: Vergi ödəyici təqdim olunan mallara görə qarşı tərəfin bank hesabına 4.000 manat nağdsız ödənişlə yanaşı, 1.000 manatlıq ƏDV-ni depozit hesabına ödəyib. Bu zaman vergi ödəyicisinin əvəzləşdirəcəyi məbləğ 1.000 manat yox, 720 manat olacaq.

4.000 x 18% = 720 manat.

Misal 5. Vergi ödəyicisi aprel ayında göstərilən xidmətlərə görə digər vergi ödəyicisinə nağd şəkildə 3.000 manat ödəniş edib, müvafiq olaraq 540 manatı da ƏDV depozit hesabına köçürüb. Xidmətin dəyəri nağd formada ödənildiyi üçün vergi ödəyicisi əvəzləşdirmə hüququnu itirir.

Misal 6: Vergi ödəyicisi may ayında malların alınması üçün digər vergi ödəyicisinə nağdsız qaydada 3.000 manat ödəniş edib, müvafiq olaraq 540 manatı da qarşı tərəfin depozit yox, bank hesabına köçürüb. Maddənin tələblərinə əsasən, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənilmədiyi üçün vergi ödəyicisi əvəzləşdirməni həyata keçirə bilmir.

Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması