11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məzuniyyətdə olan işçinin əmək müqaviləsinə xitam verilə bilərmi?

“Vergiler.az”ın sualına sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Məzuniyyətdə olan işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı suala cavab vermək üçün ilkin olaraq Əmək Məcəlləsinin 73-cü maddəsində baxmalıyıq. Maddənin 1-ci hissəsində göstərilib ki, müddətli əmək müqaviləsinə müqavilənin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməzsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

Məcəllənin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əməkhaqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin işçinin işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Maddədən aydın olur ki, məzuniyyətdə (əmək, sosial və digər məzuniyyət növlərində) olan işçinin əmək müqaviləsinə məzuniyyətdən qayıdandan sonra xitam verilə bilər. Həmçinin, işəgötürən məzuniyyətdə olan işçilərin əmək müqaviləsini işə qayıdan kimi və ya maksimum 1 həftə ərzində ləğv edə bilər: xitam üçün son müddət bir həftədir. Odur ki, analıq məzuniyyətində olan işçi analıq məzuniyyətindən, ödənişsiz məzuniyyətdə olan işçi ödənişsiz məzuniyyətdən, əmək məzuniyyətində olan işçi də əmək məzuniyyətindən qayıdandan sonra onların əmək müqaviləsinə xitam verilə bilər.

Bu kimi hallarda işəgötürən çox diqqətli olmalıdır. Belə ki, əgər işçinin əmək müqaviləsinin müddəti bitirsə, ona əmək məzuniyyəti elə verilməlidir ki, məzuniyyət dövrü müqavilənin müddətindən sonrakı tarixlərə düşməsin.

Bəs əmək müqaviləsinin müddəti işçi məzuniyyətdə olanda bitərsə, işçinin istəyi ilə onun əmək müqaviləsinə xitam verilə bilərmi?

Əlbəttə, işçinin öz istəyi ilə müqaviləyə xitam verilə bilər. İşçi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müraciət edərsə, işəgötürən məzuniyyətin başa çatmasını gözləmədən bunu edə bilər.

Analıq məzuniyyətində olan işçi məzuniyyətdən qayıdandan sonra qismən ödənişli məzuniyyətə çıxa bilərmi?

Bu sualın cavabı üçün Əmək Məcəlləsinin 127-ci maddəsinə nəzər yetirməliyik.

Maddə 127. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları

1. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.

2. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.

Burada aydın göstərilib ki, işçi qismən ödənişli sosial məzuniyyətdən istifadə edə bilər. Belə ki, analıq məzuniyyətdə olan işçinin faktiki olaraq əmək müqaviləsi məzuniyyətdə olan dövrdə bitmiş sayılır. Sadəcə xitamın rəsmiləşdirilməsi məzuniyyətdən qayıdandan sonra həyata keçirilməlidir. Yəni işəgötürənin tam səlahiyyəti vardır ki, işçi analıq məzuniyyətindən qayıdandan sonra işçini ödənişsiz məzuniyyət ilə təmin etməsin və əmək müqaviləsinə xitam versin.

73-cü maddəyə görə əmək müqaviləsinə xitam verilməsinə məhdudiyət ancaq işçi məzuniyyətdə olanda tətbiq edilir.

Analıq məzuniyyətində olan işçi məzuniyyətdən qayıdandan sonra qismən ödənişli məzuniyyətdən istifadə etmək barədə ərizə ilə müraciət etdiyi halda işəgötürən bunu təmin etməyə və əmək müqaviləsinə xitam verə bilər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?