Azərbaycanda dinlərarası və millətlərarası münasibətlər ən yüksək səviyyədədir
Prezident İlham Əliyev fevralın 5-də Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillə görüşüb. AZƏRTAC xəbər verir ki, Patriarx Kirilli qarşılayan dövlətimizin başçısı ali qonağı Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib, patriarx tacqoyma mərasiminin 10 illiyi münasibətilə təbrik edib.
Prezident İlham Əliyev bildirib ki, dinlərarası dialoqun, müxtəlif konfessiyaların, müxtəlif millətlərin, ölkələrin nümayəndələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsi işində çox mühüm rol oynayan Moskvanın və bütün Rusiyanın Patriarxının fəaliyyəti Azərbaycanda çox diqqətlə izlənilir: "Əlbəttə, bizim üçün çox xoşdur ki, Siz bizim ölkəyə çox xeyirxah münasibət bəsləyirsiniz. Siz ilk dəfə deyil ki, Azərbaycana gəlirsiniz və Sizin budəfəki səfəriniz də münasibətlərimizin - həm dinlərarası əməkdaşlıq sahəsində, həm də bütövlükdə çox uğurla və dinamik inkişaf edən Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcək".
Azərbaycana səfərindən və dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu ifadə edən Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill bildirib ki, bu onun üçün hər zaman mühüm mənəvi-mədəni hadisədir: "Zəngin və qədim tarixi olan, mürəkkəb sivilizasiya qovuşuğunda yerləşən ölkəniz həm ətraf xalqların müdrikliyini, həm də əlbəttə ki, özünün sadə olmayan, amma şübhəsiz, xalqı gözəl mədəniyyət və mənəviyyatla zənginləşdirən tarixi təcrübəsini əxz edib. Mən Azərbaycana səfər edərkən həmişə dinlərarası münasibətlərin yüksək səviyyəsinə diqqət yetirirəm. Həm də bu münasibətlər yalnız hansısa rəsmi səviyyədə göstərici deyil. Bütün bunlar sadə insanların həyatına birbaşa aiddir. Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər. O cümlədən Azərbaycanda millətlərarası, dinlərarası sülhün möhkəmlənməsində həm də çox müsbət işlər görən dostum şeyxülislam Paşazadənin rolunu xüsusi qeyd etmək istərdim. O, həm də şübhəsiz rus kilsəsi ilə təkcə Azərbaycanın müsəlmanları ilə deyil, həm də Qafqazın ali dini rəhbəri olduğuna görə Rusiya müsəlmanları ilə münasibətlərin inkişafında böyük işlər görür. Biz də onun sülhməramlı rolunu, həm də dinlərarası münasibətlər sahəsində mürəkkəb məsələləri həll etmək bacarığını çox yüksək qiymətləndiririk".
Azərbaycanda pravoslav kilsəsinin vəziyyəti ilə əlaqədar Prezident İlham Əliyevə xüsusi təşəkkürünü çatdıran patriarx bütün bunların qarşılıqlı münasibətlərin daha da inkişafına böyük töhfə verdiyini vurğulayıb: "Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər. Onlar öz ölkələrinin həm vicdanlı vətəndaşlarıdır, eyni zamanda, pravoslavdırlar. Onları həm dini əqidələrinə, həm də ənənəyə görə tarixi vətəni – Rusiya ilə bağlayan çox şey var. Ölkələrimiz arasında münasibətlərin inkişafına Azərbaycan çox sanballı töhfələr verir. Sizin bu münasibətlərin inkişafına xoş məramınız, Sizin səmimiyyətiniz bizim xalqımız tərəfindən yüksək qiymətləndirilir".
Sonra Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə də görüşüb.