12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlətimizin başçısı bir sıra rəsmi şəxslərlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ilə görüşüb. Söhbət zamanı Cənub Qaz Dəhlizinin uğurlu icrasından məmnunluq ifadə edilib, bu baxımdan Məşvərət Şurasının toplantılarının önəmi vurğulanıb. Dövlətimizin başçısı bu layihənin icrasında Avropa İttifaqının fəal iştirakını və rolunu qeyd edib, bu sahədə bütün işlərin uğurla həyata keçirildiyini bildirib.

Günter Ottinger Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak etməkdən məmnunluğunu bildirib, layihənin icrasında Azərbaycan tərəfindən peşəkar komandanın fəal çalışdığını vurğulayıb. Qonaq bu layihənin uğurlu icrasında Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirib.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında digər sahələrdə də uğurla həyata keçirilən əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

***

Fevralın 20-də Prezident İlham Əliyevin Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönməz ilə görüşü olub. Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusi qeyd edən türkiyəli nazir ölkəsinin bu layihənin ilk mərhələsindən Azərbaycanın yanında olduğunu vurğulayıb. İndiyədək TANAP layihəsinin və STAR neft emalı zavodunun açıldığını xatırladan Fatih Dönməz belə layihələrin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev Türkiyənin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında yüksək səviyyədə iştirakına görə minnətdarlığını bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə imzalanan bu layihənin təməlinin TANAP ilə qoyulduğunu vurğulayan dövlətimizin başçısı onun tarixi əhəmiyyətini qeyd edib və qısa müddətdə başa çatdırılmasının böyük nailiyyət olduğunu vurğulayıb. Türkiyə-Azərbaycan əməkdaşlığının bütün sahələrdə, o cümlədən enerji sahəsində də böyük nəticələrə gətirib çıxardığını qeyd edən Prezident İlham Əliyev məmnunluqla bildirib ki, indiyədək 1 milyard kubmetrdən çox qaz yeni xətt vasitəsilə Türkiyəyə çatdırılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 20-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk ilə də görüşüb. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında layihənin uğurlu icrası ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğulayan dövlətimizin başçısı ötən il bir neçə mühüm layihənin icrasının başa çatdırıldığını qeyd edərək, bugünkü toplantıda yeni tərəflərin də təmsil olunduqlarını vurğulayıb və bildirib ki, bu, layihəyə artan marağın göstəricisidir. Prezident İlham Əliyev ABŞ dövlət başçısı Donald Trampın Cənub Qaz Dəhlizi layihəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Xanım Sandra Oudkirk 2018-ci ildə layihənin uğurlu icrası istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu, ötən il bu layihə çərçivəsində yeni xətlə Türkiyəyə ilk dəfə olaraq 1 milyard kubmetr qazın çatdırıldığını vurğulayıb. Görüşdə bərpaolunan və alternativ enerji, eləcə də digər sahələrdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Fevralın 20-də Prezident İlham Əliyevin İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşü olub.
Görüşdən məmnunluğunu bildirən dövlətimizin başçısı səfərin məhsuldar olacağına əminliyini ifadə edib, Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. İtaliya şirkəti tərəfindən inşa olunmuş "SOCAR-Polymer" zavodunun bir neçə gün əvvəl açılışında iştirakını xatırladan Prezident İlham Əliyev ötən il bu zavodun birinci mərhələsinin açılışının İtaliyanın dövlət başçısı Sercio Mattarella ilə birlikdə həyata keçirildiyini deyib. O, İtaliya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən neft-qaz, tikinti və iqtisadiyyatın digər sektorlarında da uğurla fəaliyyət göstərdiklərini və ölkəmizin onların fəaliyyətindən məmnun olduğunu bildirib. Andrea Cioffi dövlətimizin başçısı ilə görüşün bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı imkan olduğunu deyib, iki ölkə arasında münasibətlərin bütün sahələrdə, o cümlədən ticarət sahəsində də inkişaf etdiyini vurğulayıb.

***

Prezident İlham Əliyev fevralın 20-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak ilə görüşüb. Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrasında Məşvərət Şurasının toplantılarının önəmini vurğulayan Vazil Hudak təmsil etdiyi bankın Avropa İttifaqının əsas maliyyə strukturu kimi Cənub Qaz Dəhlizi layihəsinə maliyyə dəstəyi göstərməsinin əhəmiyyətini qeyd edib. Regionda Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat layihələrinə toxunan qonaq Avropa İnvestisiya Bankının bu kimi nəqliyyat və digər layihələrin də maliyyələşdirilməsində maraqlı olduğunu ifadə edib.

Layihəyə verdiyi dəstəyə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, bu, bankın bölgədə maliyyələşdirdiyi ən böyük layihələrdən biridir. Cənub Qaz Dəhlizinin dayanıqlı layihə olduğunu xatırladan Prezident İlham Əliyev bu kreditlərin Avropa İnvestisiya Bankının və Avropa İttifaqının layihəyə dəstəyini nümayiş etdirdiyini bildirib. Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

***

Fevralın 20-də Prezident İlham Əliyevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşü olub. Dövlətimizin başçısı Dünya Bankının Cənub Qaz Dəhlizi layihəsinə və Azərbaycanın reallaşdırdığı digər layihələrə verdiyi davamlı dəstəyə görə minnətdarlığını ifadə edən dövlətimizin başçısı bu əməkdaşlığı yüksək qiymətləndirdiyini, qarşılıqlı işbirliyinin bundan sonra da uzunmüddətli və məhsuldar olacağına əminliyini ifadə edib.

Xanım Mersi Tembon Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında dərin məzmunlu nitqində mühüm məsələlərə toxunduğunu vurğulayaraq, Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyevanın Davosda dövlətimizin başçısı ilə görüşdən dərin təəssüratla ayrıldığını bildirib. O, Azərbaycan ilə Dünya Bankı arasında aparılan müzakirələrdə əksini tapan məsələlərin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlərin reallaşdırıldığını deyib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?