Gülnarə Abdullayeva: “Şagirdlər Heydər Əliyev irsinin öyrənilməsinə böyük maraq göstərirlər”
“Ulu öndər Heydər Əliyevin adına keçirilmiş “Heydər Əliyev - 100 il” müsabiqəsi məndə xoş təəssüratlar yaratdı. Mən bu tədbirdə həm əyləndim, həm də Heydər Əliyev haqqında daha geniş bilgilərə yiyələndim”.
Bunu “vergiler.az”a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi müsabiqənin qalibi olan 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin VII sinif şagirdi Sevda Əmirli deyib.
“Dostlarımla birlikdə bu müsabiqənin qalibi olmaqdan qürur duydum”, - deyən S.Əmirli müsabiqənin suallarının o qədər çətin olmadığını söyləyib. O qeyd edib ki, müsabiqə keçirilməmişdən əvvəl də Heydər Əliyev haqqında çox məlumatlar oxuyub. Bu məlumatlar ona müsabiqənin qalibi olmağa yardım edib.
Məktəbin V sinif şagirdi Anar Babayev isə müsabiqənin digər qalibidir. O, Heydər Əliyev Mərkəzinin şəkli əks olunmuş lövhəni ən tez tamamlayan 15 şagirddən biridir. Müsabiqədən çox razı qalan A.Babayev Heydər Əliyev haqqında məlumatları kitablar vasitəsilə əldə etdiyini, eləcə də bu məlumatların müəllimlər tərəfindən onlara verildiyini söyləyib.
Müsabənin çox əyləncəli keçdiyini deyən X sinif şagirdi Qəniyev Elbrus da bildirib ki, müsabiqədə Heydər Əliyev haqqında bilmədiyi bəzi yeni məlumatları öyrənib: “Müsabiqə mənim üçün çox əyləncəli keçdi. Günümüz maraqlı oldu. Buna görə təşkilatçılara təşəkkür edirik. Müsabiqədə verilən suallarla bağlı da heç bir çətinliyim olmadı. Onlara rahatlıqla cavab verib qalib oldum”.
11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayevanın sözlərinə görə, şagirdlərin sosial həyata daha yaxşı adaptasiya olunmaları üçün İqtisadiyyat Nazirliyi ilə uzun müddətdir ki, əməkdaşlıq edirlər: “Nazirlik bayram və istirahət günlərində məktəbimizin şagirdləri üçün əyləncəli proqramlar təşkil edir. Şagirdlərimiz nazirliyin yardımı ilə Atçılıq Mərkəzinə, bir çox ticarət mərkəzlərinə səfər ediblər. “Heydər Əliyev - 100 il” müsabiqəsi də belə tədbirlərin davamıdır. Tədbir şagirdlərimiz üçün çox maraqlı keçdi. Məktəbin şagirdləri Heydər Əliyev irsinin öyrənilməsinə böyük maraq göstərirlər. Onlar Ulu Öndərimiz haqqında zəngin məlumatlar əldə etdilər. Məktəbimizdə daim Ulu Öndərin qoyduğu gözəl ənənələri davam etdiririk. Şagirdlərimizin əkdiyi ağacların sayının 2000-i ötməsi də onu göstərir ki, onlar Heydər Əliyev ənənələrinin gözəl davamçılarıdırlar”.
Qeyd edək ki, iyulun 20-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin uşaqları üçün maarifləndirici-əyləncəli tədbir keçirib. Uşaqlar üçün təşkil olunan nahardan sonra ümummilli lider Heydər Əliyevlə bağlı təqdimat nümayiş etdirilib. Təqdimatdan sonra viktorina keçirilib, Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sualları düzgün cavablandıran 5 şagirdə hədiyyələr təqdim olunub. Tədbir çərçivəsində uşaqlar arasında “Heydər Əliyev - 100 il” müsabiqəsi də təşkil edilib. Müsabiqə zamanı Heydər Əliyev Mərkəzinin şəkli əks olunmuş lövhəni ən tez tamamlayan 15 nəfərə hədiyyələr verilib.
İlhamə İSABALAYEVA