Ümummilli lider Heydər Əliyevin uğurlu iqtisadi siyasətində vergi sisteminin yeri MƏQALƏ
- Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf konsepsiyasının həyata keçirilməsi nəticəsində hərtərəfli inkişafın təmin olunması üçün möhkəm təməllər yarandı.
- Ulu öndər Heydər Əliyev: “Əgər biz müstəqil dövlətiksə, müstəqil inkişaf etmək istəyiriksə, biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də vergi orqanlarının işinə daha çox diqqət yetirməliyik”.
- 2003-cü ilin əvvəlində vergi sistemi strukturca yeni, daha çevik forma əldə etdi.
- Prezident İlham Əliyevin rəhbərliyi ilə vergi xidmətinin təkmilləşdirilməsi prosesi uğurla davam etdirildi.
- Ölkəmizin iqtisadi inkişaf hədəflərinə və yeni çağırışlara adekvat olaraq, vergi sisteminin qarşısında yeni ciddi vəzifələr və məqsədlər dayanır.
Azərbaycanın inkişaf strategiyası və tərəqqi yolunda əldə etdiyi uğurların bünövrəsində ümummilli lider Heydər Əliyevin müdrik siyasəti, həyata keçirdiyi islahatlar və xalqımıza olan sonsuz sevgisi dayanır. Onun müəyyən etdiyi iqtisadi inkişaf konsepsiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanda demokratik dövlət quruculuğu və kompleks islahatların reallaşması, azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması, yeni dövrün tələblərinə uyğun təsərrüfat sisteminin bərqərar edilməsi və hərtərəfli inkişafın təmin olunması üçün möhkəm təməllər yarandı. Ulu öndər Heydər Əliyev həmin dövrdə müstəqil dövlətin islahatlar həyata keçirməsinin olduqca çətin və mürəkkəb olduğunu bildirirdi: “Azərbaycan istiqlaliyyət əldə etdiyi vaxtdan bəri öz həyatını, dövlətini, iqtisadiyyatını, öz milli mənafelərini əsas tutaraq, demokratiya prinsipləri əsasında qurur. Bu da bütün iqtisadi sistemin ciddi şəkildə yenidən qurulmasını qarşıya bir şərt kimi qoyur. Bununla əlaqədar olaraq, Azərbaycan azad iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri əsasında yenidənqurma strategiyasını elan etmişdir və bu yolla gedir. Təbiidir ki, 70 il ərzində başqa sosial-iqtisadi sistem şəraitində yaşamış olan respublika üçün bu yol son dərəcə çətin və mürəkkəbdir. Lakin bununla yanaşı, bu, iqtisadiyyatdakı çətinlikləri aradan qaldırmaq, sosial-iqtisadi böhrandan çıxmaq və Azərbaycanı dünya iqtisadi sisteminə qoşmaqdan ötrü iqtisadiyyatın inkişafını beynəlxalq standartlara müvafiq surətdə təmin etmək üçün yeganə yoldur”. Nəticədə liberal bazar iqtisadiyyatının bütün komponentlərini həyata keçirməyi islahatların başlıca hədəflərinə çevirən Azərbaycan hökuməti 1994-cü ildən başlayan bərpa və dinamik inkişaf dövrünün tələblərinə uyğun qətiyyətli addımlar atdı.
Ulu Öndər vergi sisteminin inkişafına xüsusi önəm verirdi
Azərbaycanda həmin dövrdə mövcud olan iqtisadi vəziyyət səmərəli vergi sisteminin qurulmasını tələb edirdi. Bu səbəbdən, həmin sahədə köklü dəyişikliklərin aparılması, müasir standartlar əsasında formalaşdırılması mühüm vəzifə kimi qarşıya qoyulmuşdu. Ulu öndər Heydər Əliyevin “Əgər biz müstəqil dövlətiksə, müstəqil inkişaf etmək istəyiriksə, biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Buna görə də vergi orqanlarının işinə daha çox diqqət yetirməliyik”, - deyimi ölkəmizin vergi sisteminin gələcək inkişaf istiqamətlərini və hədəflərini müəyyənləşdirdi. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi, bu istiqamətdə vahid normativ hüquqi bazanın yaradılması, vergi dərəcələrinin aşağı salınması hesabına vergitutma bazasının genişləndirilməsi, kiçik və orta sahibkarlıq üçün əlverişli vergi mühitinin təmin olunması, həmçinin vergi xidməti orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması tədbirləri xüsusi diqqət mərkəzində idi. Bu baxımdan, xüsusilə 1999-2005-ci illəri Azərbaycanın vergi xidmətinin mühüm islahatlar dövrü kimi qeyd etmək lazımdır.
Ümummilli Liderin tövsiyələrinə uyğun olaraq, bütün diqqət təkmil qanunvericiliyin yaradılmasına, inzibati idarəetmənin yaxşılaşdırılmasına və vergilərin dövlət büdcəsinə tam səfərbər olunmasına yönəldilmişdi. İlk növbədə, vergi xidmətində kompleks islahatların müfəssəl strateji planı və bu islahatların həyata keçirilməsinin optimal müddətləri işlənib hazırlandı. Qısa müddətdə dünya standartlarına cavab verən yeni qanunvericilik bazası yaradıldı, onlarca mütəxəssisin cəlb edilməsi ilə aparılan böyük və gərgin iş prosesindən sonra 2001-ci ildə Vergi Məcəlləsi qüvvəyə mindi. Vergi Məcəlləsinin qəbul edilməsi vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addımlardan biri idi. 2000-ci illərin əvvəllərində vergi orqanlarında köklü struktur dəyişiklikləri aparıldı - yerli strukturların sayı azaldıldı, hər bir inzibati rayonda mövcud olan vergi orqanlarının əvəzinə regional xarakterli qurumlar yaradıldı, nəticədə 2003-cü ilin əvvəlində vergi sistemi strukturca yeni, daha çevik forma əldə etdi.
Daim diqqət mərkəzində olan məsələlərdən biri vergi nəzarətinin təşkil olunması idi. Bu məqsədə nail olmaq üçün 2001-ci ildə xüsusi bir struktur olan Vergi cinayətlərinin ilkin araşdırılması idarəsi yaradıldı. Bu struktur irimiqyaslı vergidən yayınma hallarına hüquqi qiymət verirdi. Vergi nəzarətinin təmin edilməsi, vergi cinayətlərinin araşdırılması sahəsində vergi orqanına belə əlahiddə səlahiyyət verməklə yanaşı, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Prezident fərmanı ilə digər qurumların/strukturların biznesin işinə müdaxilələrinin qarşısı alındı. Bununla da Azərbaycanın vergi xidmətinin yeni strukturu sistemlilik, çeviklik, operativlik, əlaqələndirmə və güclü təşkilati-idarəetmə mexanizmi kimi müsbət keyfiyyətləri özündə birləşdirdi. Vergi xidmətinin kadr heyəti yenidən komplektləşdirildi, qanunvericiliyin təkmilləşdirilməsi prosesi davam etdirildi, kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli vergitutma mexanizmlərini özündə birləşdirən optimal bir sistem yaradıldı, sadələşdirilmiş vergi sistemi tətbiq edildi. Bütün bunlar son nəticədə vergi inzibatçılığının əhəmiyyətli şəkildə yaxşılaşmasına, vergilərin məcburi yığılmasından tədricən könüllü ödəməyə keçidə şərait yaratdı.
Vergi sisteminin inkişafında yeni mərhələ
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olaraq, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə vergi xidmətinin təkmilləşdirilməsi prosesi uğurla davam etdirildi. Dövlət başçımızın müasir vergi sisteminin qurulması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, bu sahədə ardıcıl islahatlar həyata keçirildi. Vergi ödəyiciləri ilə münasibətlər dövlət və biznesin qarşılıqlı maraqlarına söykənməklə kütləvi nəzarətdən tərəfdaşlıq müstəvisinə çevrildi. Vergi sistemində elektronlaşma və texnologiyaların geniş tətbiqi təsbit edildi. Sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə qeydiyyatının aparılması ölkədə biznes mühitinin sağlamlaşdırılması istiqamətində reallaşdırılan islahatların tərkib hissəsi kimi beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yüksəlməsinə əhəmiyyətli təsir göstərdi. Bununla yanaşı, vergi ödəyicilərinə elektron vergi bəyannamələrindən və elektron vergi hesab-fakturalarından istifadə etmək, vergiləri elektron şəkildə ödəmək, vətəndaşlarla dövlət qurumu arasında elektron formada məktublaşma imkanı verən İnternet Vergi İdarəsi sistemindən faydalanmaq imkanı yaradıldı. Azərbaycanda ilk dəfə ƏDV inzibatçılığı prosesində vergi nəzarətinin tam elektronlaşdırılmasına imkan verən vahid ƏDV depozit hesabı tətbiq edildi və bu, ƏDV üzrə vergidən yayınmaların qarşısının alınmasına, eyni zamanda vergi ödəyicilərinin inzibati yükünün azaldılmasına gətirib çıxardı. Biznes strukturlarına və vətəndaş cəmiyyətinə beynəlxalq standartlara uyğun elektron xidmətlərin göstərilməsi işləri davamlı xarakter aldı. Elektron xidmətlərin geniş formada tətbiqi vətəndaş və biznes cəmiyyətinin vergi sisteminə olan inamını artırdı.
“Kölgə iqtisadiyyatı”nın həcminin azaldılması, əmək bazarında leqal münasibətlərin bərqərar olması, uçotun dəqiqləşdirilməsi, dövriyyələrin və əməkhaqqı fondunun “ağardılması”, şəffaflaşmanın genişləndirilməsi vergi sisteminin iqtisadi artımın təmin edilməsində rolunu daha da aktuallaşdırdı. Həyata keçirilən islahatlar nəticəsində vergi siyasəti təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, eyni zamanda ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməyə başladı.
Yeni hədəflərə doğru...
Əldə edilən bütün uğurlarla yanaşı, ölkəmizin iqtisadi inkişaf hədəflərinə və yeni çağırışlara adekvat olaraq, vergi sisteminin qarşısında yeni ciddi vəzifələr və məqsədlər dayanır. Ölkə iqtisadiyyatında əldə olunmuş böyük uğurların davam etdirilməsi, o cümlədən iqtisadi artım templərinin və şaxələndirmə proseslərinin sürətləndirilməsi üçün yeni çağırışlar və vəzifələrdən irəli gələn strateji islahatlar gündəliyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təfsilatı ilə əks olunub və artıq icrasına başlanılıb. Bu strategiyanın da uğurla icra edilməsi nəticəsində ölkə iqtisadiyyatının inkişafında yeni bir keyfiyyət mənzərəsi yaradılacaq. Bu baxımdan, vergi inzibatçılığının keyfiyyətinin artması şəraitində qarşıda duran fiskal öhdəliklər üzrə proqnozların icra olunması, vergi ödəyicilərinə xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, risk əsaslı nəzarət sisteminin genişləndirilməsi, ortamüddətli perspektiv üçün vergi siyasəti üzrə əsas hədəflərin həyata keçirilməsi prioritet istiqamətlərdir. Müasir vergi sistemi iqtisadiyyatımızın maliyyə dayaqlarının möhkəmləndirilməsinə, ölkəmizdə sahibkarlığın inkişafına və tərəqqiyə xidmət edəcək.
Gülay NƏBİYEVA