Sahibkarlar üçün sınaq dövrü
Yeni şərtlər, sanitar-karantin və sosial davranış qaydaları əsasında işləməyə öyrənmək reallığa çevrilməlidir
"Pandemiyanın nə zaman bitəcəyi məlum deyil, ona görə də sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial davranış qaydaları əsasında işləməyə öyrənməlidirlər". Bu günlərdə İqtisadiyyat naziri Mikayıl Cabbarovun səsləndirdiyi bu fikri Azərbaycan sahibkarlarının yeni qaydalara vərdiş etməsinə növbəti çağırış da adlandırmaq olar. Bu o deməkdir ki, bir neçə aydır davam edən karantin rejimi və pandemiyanın gətirdiyi məhdudiyyətlər ticarət və xidmət obyektlərinin yeni qaydalara mümkün qədər tez vərdiş etməsini qaçılmaz edir. Koronavirus pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlərin və yaranmış yeni çağırışların milli iqtisadiyyata təsirləri gücləndikcə sahibkarların biznesi və ümumən mövcudluğu üçün vacib olan bu sadə həqiqətin dərk edilməsinin əhəmiyyəti də daha çox artır.
Bu bir faktdır ki, dövlət pandemiya elan olunan ilk günlərdən başlayaraq, bütün lazımi və təxirəsalınmaz tədbirləri görməkdədir. Hətta sərt karantin rejiminin tətbiq edildiyi şəraitdə belə iqtisadiyyatın dayanıqlığının qorunmasına yönəlik mühüm addımlar atılır, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri tətbiq olunur. Lakin etiraf etmək lazımdır ki, dünya miqyasında təzyiqlərin artdığı, qlobal iqtisadi əlaqələr zəncirinin qırıldığı, sərhədlərin aylarla bağlı qaldığı bir şəraitdə dövlətin özünün də imkanları məhdudlaşır. Üstəlik, belə bir dönəmdə dövlətin həm də vətəndaş dəstəyinə ehtiyacı yaranır. Bu ehtiyac isə vətəndaşdan yalnız bir şey tələb edir: məsuliyyətin artırılmasını. Çox təəssüf ki, aylardır aparılan maarifləndirmə işlərinə, karantin rejiminin tələblərindən irəli gələn tədbirlərin görülməsinə baxmayaraq, hələ də ayrı-ayrı şəxslər, o cümlədən bəzi sahibkarlar tərəfindən etinasızlıq nümayiş olunan hallara rast gəlinir. Bəzi qapalı məkanlarda, ticarət və xidmət obyektlərində müşahidə olunan xoşagəlməz mənzərə, sosial məsafənin qorunmaması, dezinfeksiya və fərdi qoruyucu vasitələrdən istifadə olunmaması göstərir ki, hətta dünyanın ən qabaqcıl təcrübəsi tətbiq olunsa belə, bu təcrübə sosial məsuliyyətə söykənmədiyi halda lazımi effekt verməyəcək. İqtisadi itkilərdən qaçmaq üçün ən əsas şərtlərdən biri də məhz sosial məsuliyyətdir. Biznesin davamlı fəaliyyəti və gəlirlərin sabitliyi yeni iqtisadi həyat tərzinə uyğunlaşmaqdan çox asılıdır. Çünki qaydalara əməl edilməməsi ağır nəticələrə gətirib çıxara bilər. Bu baxımdan, sahibkarlıq fəaliyyətinin davamlılığının əsas məqsədə çevrildiyi bir zamanda dövlətin dəstək tədbirləri ilə yanaşı, biznes subyektlərinin yeni iqtisadi həyat tərzinə uyğunlaşması da son dərəcədə vacibdir. Başqa sözlə, artıq virusun yayılmasının qarşısını almaq hər kəsin vətəndaşlıq borcu və ümumxalq işidir. Bunu dərk edib əməldə nümayiş etdirən vətəndaş iqtisadiyyata da, geniş mənada dövlətə də öz töhfəsini vermiş olacaq. Obrazlı desək, indi hər kəs kimi, sahibkarlar üçün də sınaq dövrüdür. Bu dövrdə yeni şərtlər, sanitar-karantin və sosial davranış qaydaları əsasında işləməyə öyrənmək isə birmənalı olaraq reallığa çevrilməlidir.