19 Aprel 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏDV-nin qaytarılması prosesində istehlakçıların diqqət etməli olduqları məqamlar

2019-cu ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə şəffaflığın artırılması üçün ƏDV-nin bir hissəsinin alıcılara qaytarılması məsələsi də öz əksini tapmışdı. Texniki məsələlər tamamlandıqdan sonra 2020-ci ilin mart ayında Nazirlər Kabinetinin qərarı və aprel ayında ƏDV-nin geri qaytarılması ilə bağlı portalının işə düşməsi ilə bu prosesə başlanılıb. Mövzunu İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev şərh edir.

Qaydalara görə, hər hansı alıcı iri supermarketlərin, mağazaların, həmçinin ictimai iaşə obyektlərinin – kafe və restoranların xidmətlərindən istifadə edən zaman nağd şəkildə ödəniş etdikdə ona kassa çeki verilməlidir və o, həmin çekin məlumatlarını portalda yerləşdirməlidir. 30 gün ərzində istehlakçının müraciətinə əsasən, ödədiyi nağd vəsaitdən ƏDV-nin 10 faizi ona geri qaytarılır.

Amma, alıcılar kassa çeklərinin əldə olunmasında bir sıra çətinliklərlə üzləşirlər. Alıcıların çoxu ƏDV ödəyiciləri olan satış məntəqələrini, mağazaları və ictimai-iaşə obyektlərini müəyyənləşdirə bilmirlər. Bunun ən asan yolu həmin obyektlərin özündən ƏDV ödəyicisi olub-olmadıqlarını soruşmaqdır. Çekin üzərində ayrıca ƏDV göstərilirsə, bu da həmin müəssisənin ƏDV ödəyicisi olduğunu göstərir.

İkinci çətinlik kassa aparatlarının onlayn vəziyyətdə vergi xidmətinə qoşulmuş olmasıdır. İstehlakçılara əvvəldən alınmış köhnə və real rejimdə vergi xidməti şəbəkəsinə qoşulmayan kassaların çekləri verilir ki, onlar bu çeklərdəki məlumatları portala yükləməkdə çətinlik çəkirlər.

Üçüncü çətinlik budur ki, bir sıra satış məntəqələri, ictimai iaşə obyektləri çox vaxt çek əvəzinə müştəriyə obyektin daxili arayışını təqdim edirlər. Bu halda, İqtisadiyyat Nazirliyinin istehlakçıların hüquqlarını qorumaq üçün yaratdığı "Qaynar xətt"ə müraciət etmək, alıcıya təqdim edilmiş qeyri-qanuni sənəd haqqında məlumat vermək və həmin obyekti bu yolla şəffaflığa dəvət etmək lazımdır.

Dördüncü məqam budur ki, mərkəzdən kənar bəzi yerlərdə, xüsusilə rayonlarda mağaza və dükanların, ictimai iaşə obyektlərinin əksəriyyətində heç bir kassa çeki verilmir. Bu zaman da alıcı "Qaynar xəttə" zəng etməlidir.

Kassa çeki ilə bağlı daha bir məqam da çap olunan çeklərdə texniki səbəbdən yazıların çətin oxuması ilə bağlıdır. Çek düzgün oxunmadıqda məlumatların sistemə yerləşdirilməsi mümkün olmur.

Bütün bu hallar qanunvericiliyə görə hüquq pozuntusudur. Hesab edirik ki, istehlakçılar maarifləndirilməli, onların fəallığı artırılmalıdır. Belə olan halda, köhnə kassa aparatlarını yeni nəsil kassa aparatları ilə əvəz etməyən və yanlış məlumatlar verən sahibkarlıq subyektləri daha asan aşkar olunacaq, həm vergidən yayınma halları aradan qaldırılacaq, həm də istehlakçıların hüquqları bərpa olunacaqdır.

Fəxriyyə İKRAMQIZI

Vergiİşçilərin yemək xərcləri üçün ödənilən ƏDV məbləği əvəzləşdirilirmi? VergiTəlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi? VergiDaimi iş vaxtı yolda keçən işçilərə ödənilən əlavə vəsaitlər vergiyə cəlb olunurmu? VergiƏcnəbi vətəndaşlar üçün vergi güzəşti VergiMəkləbli ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri VergiHüquqi şəxsin tərkibindən başqa bir hüquqi şəxsin ayrılması zamanı zəruri prosedurlar VergiRezidentin partnyorlara ödədiyi nəqliyyat və yemək xərclərinin gəlirdən çıxılması necə tənzimlənir? VergiElektron qaimə-fakturanın gecikdirilməsinə görə cərimə tətbiq olunurmu? VergiXırda ticarətlə məşğul olan şəxsin vergi öhdəlikləri VergiDövlət sektorunda iki yerdə çalışan işçinin vergi öhdəlikləri