6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2020-ci ildə vergi gəlirləri üzrə 10 faizlik artım proqnozlaşdırılıb

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mətbuata açıqlamasında bildirib ki, dövlət büdcəsinin gəlirlərinin tərkibində neft sektorunun payının çox olması fonunda 2020-ci ildə qeyri-neft sektorunun daha sürətli artımı nəzərdə tutulub. Gələn il ilk dəfə həmin sektordan daxilolmaların 11 milyard manata yaxın olacağı proqnozlaşdırılıb. Son illərdə müşahidə olunan meyillərin əksinə olaraq, 2020-ci ildə cari illə müqayisədə Dövlət Neft Fondundan transfertlərin məbləğinin və ümumilikdə transfertlərin büdcə gəlirlərində payının azalma meyilli olması gözlənilir: "Son zamanlar müşahidə olunan vergi ödəyiciləri üzərində inzibati təzyiqlərin yumşaldılması və vergi inzibatçılığının əsasən intizamsız vergi ödəyiciləri üzərində gücləndirilməsi prosesi könüllü bəyanetmənin səviyyəsini artırmaqla qeyri-neft sektorunun potensialından daha səmərəli istifadə olunmasını təmin edir. Bu meyillər bilavasitə dövlət büdcəsi gəlirlərinin bir sıra əhəmiyyətli parametrlərinin müsbət inkişafını şərtləndirməklə 2020-ci il üçün dövlət büdcəsi gəlirlərinin proqnoz göstəricilərinin də artım prioritetlərini müəyyənləşdirib".

Hesablama Palatası dövlət büdcəsi gəlirlərinin tərkibində vergi gəlirlərinin, eləcə də qeyri-neft sektorundan ümumilikdə və vergi orqanları xətti ilə yığılan gəlirlərin növbəti il üzrə əhəmiyyətli artımlarla proqnozlaşdırılmasını real sektorun dayanıqlı inkişafı kimi qiymətləndirib. V.Gülməmmədov qeyd edib ki, bu illə müqayisədə 2020-ci il üçün vergi gəlirləri üzrə 10 faizlik (9 milyard 551,4 milyon manata qarşı 10 milyard 507,0 milyon manat), qeyri-neft sektorundan ümumi gəlirlər üzrə 12 faizlik (9 milyard 467,7 milyon manata qarşı 10 milyard 604,5 milyon manat), o cümlədən vergi orqanları xətti ilə qeyri-neft sektorundan yığılan gəlirlər üzrə 14,4 faizlik (4 milyrd 980 milyon manata qarşı 5 milyard 695 milyon manat) artımlar nəzərdə tutulub. Sədrin fikrincə, vergi qanunvericiliyi ilə güzəşt və azadolmaların genişləndirilməsi şəraitində büdcə gəlirlərinin bu cür proqnozlaşdırılması "kölgə iqtisadiyyatı"nın sürətli şəkildə rəsmi müstəviyə transformasiya olunmasından xəbər verir və hökumətin islahatların səmərəliliyi üçün nə dərəcədə israrlı olduğunu göstərir: "Büdcə gəlirlərinin, xüsusilə vergi gəlirlərinin tərkibində əlavə dəyər vergisi (ƏDV) xüsusi paya malikdir. Bir faktı qeyd edək ki, növbəti il üçün gəlirlərin tərkibində ən böyük artım da məhz bu tədiyə növü üzrə nəzərdə tutulub. Növbəti ilin dövlət büdcəsinin gəlirlərində dövlət vergiləri daha sürətli artımla proqnozlaşdırılıb".

V.Gülməmmədov əlavə edib ki, növbəti ilin dövlət büdcəsinin gəlirlərinin təhlili Vergi Məcəlləsinə 2020-ci ildən tətbiqi nəzərdə tutulan dəyişikliklərin də diqqətə alınmasını tələb edir. "Büdcə zərfi”nə daxil edilən layihə genişmiqyaslı tədbirləri nəzərdə tutur. Palata sədri həmin tədbirlərin icrasının büdcə gəlirlərinin hesabatlığında şəffaflığın yüksəldilməsinə, rəqabət mühitinin gücləndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına şərait yaratmaqla korrupsiya əleyhinə də bir alət kimi təsir edəcəyini bildirib: "Bununla yanaşı, büdcə gəlirlərinin inzibatçılığının potensialın reallaşdırılması istiqamətində böyük əhəmiyyətə malik olması danılmaz faktdır. Son illər həm vergi, həm də gömrük orqanlarının fəaliyyətində müsbət meyillər bu sahədə öz nəticəsini göstərir. Eyni zamanda, ümumilikdə vergi və gömrük inzibatçılığının daha da təkmilləşdirilməsi üçün konkret aralıq və son hədəflər göstərilməklə kompleks inkişaf strategiyasının hazırlanması dövlət gəlirlərinin daha da artırılması üçün münbit şəraiti formalaşdıra bilər".

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?