"Kölgə iqtisadiyyatı" ilə mübarizədə nağdsız ödənişlər önə çıxır
Elektron ticarət vasitəsilə aparılan əməliyyatların həcmi 2 dəfə artıb
Prezident İlham Əliyev dəfələrlə bildirib ki, nağdsız ödənişlərin aşağı səviyyədə olması "kölgə iqtisadiyyatı"nı qidalandırır. Ona görə də "kölgə iqtisadiyyatı" ilə effektiv mübarizə aparılması üçün nağdsız ödənişlərin həcminin artırılmasına ehtiyac var.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov "vergiler.az" saytına nağdsız ödənişlərin cari vəziyyəti barədə məlumat verib. Onun sözlərinə görə, cari ilin üçüncü rübünün sonuna ölkədə fəaliyyət göstərən 27 bank və poçt rabitəsinin milli operatoru internet bankçılıq, 23 bank isə mobil bankçılıq xidmətini təqdim edir. Bu dövr ərzində cari hesablar üzərindən aparılan əməliyyatların həcminə görə 64 faizi kağız daşıyıcılar, 36 faizi isə elektron daşıyıcılar əsasında həyata keçirilib. Hazırda ödəniş kartlarının emissiyası 29 bank və poçt rabitəsinin milli operatoru tərəfindən həyata keçirilir.
1 oktyabr tarixinə banklar tərəfindən emissiya edilmiş ödəniş kartlarının ümumi sayı 7,53 milyon ədəd təşkil edib. Dövriyyəyə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çox – 1,2 milyon təmassız ödəniş kartları buraxılıb. 2019-cu ilin 9 ayı ərzində ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatların ümumi həcmi 15,5 milyard manat təşkil edib. Bu əməliyyatların 78,7 faizi nağd formada, 21,3 faizi isə nağdsız formada həyata keçirilib. Ölkə daxilində elektron ticarət vasitəsilə 2019-cu ilin 3-cü rübü ərzində aparılan əməliyyatların ümumi həcmi 2,2 milyard manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Səbuhi TURAN