BFB və “Nasdaq” Azərbaycanın kapital bazarının inkişaf perspektivlərini müzakirə edib
Bakı Fond Birjasının (BFB) rəhbərliyi “Nasdaq” şirkətinin nümayəndələri ilə görüş keçirib. BFB-nin məlumatına görə, görüşdə Azərbaycanın kapital bazarının inkişafı və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər maliyyə bazarının növbəti inkişaf mərhələsinin əsas istiqamətlərini, o cümlədən səhm və istiqraz seqmentlərinin genişləndirilməsini, brokerlərin iştirakının artırılmasını, yeni maliyyə məhsullarının tətbiqini, bazar məlumatlarının mübadiləsi və texnoloji inteqrasiya məsələlərini, eləcə də regional əməkdaşlıq imkanlarını müzakirə ediblər.
“Nasdaq”ın son yenilikləri və beynəlxalq nailiyyətlərinə, Azərbaycanın birja infrastrukturunun təkmilləşdirilməsi məqsədilə qabaqcıl dünya praktikalarının və texnoloji həllərin tətbiqinə xüsusi diqqət yetirilib.
Maliyyə bazarları üçün infrastruktur həllərinin aparıcı beynəlxalq təchizatçıları ilə tərəfdaşlıq BFB-nin bazar potensialının gücləndirilməsi, innovasiyaların stimullaşdırılması və ölkənin kapital bazarının dayanıqlı inkişafı istiqamətindəki səylərinin mühüm hissəsidir.
