ABİF kiçik məbləğlərdə maliyyəyə ehtiyacı olan sahibkarlar üçün mikrokreditlər təqdim edir
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə kiçik həcmdə maliyyə vəsaitinə ehtiyacı olan sahibkarlar üçün mikrokredit məhsulunu təqdim edir.
Fondun məlumatına görə, bu kredit məhsulu layihənin məqsədinə, fəaliyyət sahəsinə və maliyyə ehtiyacına uyğun seçilir.
Mikrokreditlər 15 min manatdan 50 min manatadək məbləğdə, 60 ayadək müddətə təqdim olunur. Güzəşt müddəti kredit müddətinin yarısınadək müəyyən edilir. Kredit məbləğinin 50 faizədək hissəsi tikinti və təmir xərclərinin maliyyələşdirilməsinə yönəldilə bilər. Kredit üzrə illik faiz dərəcəsi layihənin fəaliyyət sahəsindən asılı olaraq əsas əhəmiyyətli sahələrdə 7 faizədək, digər əhəmiyyətli sahələrdə isə 8 faizədək təşkil edir. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün kreditin aşağı həddi 10 min manatdır və illik faiz dərəcəsi 5 faiz təşkil edir.
Məhsulun əsas üstünlüyü investisiya və əməliyyat xərclərinin vahid kredit çərçivəsində maliyyələşdirilməsinə imkan verməsidir. Bu, sahibkarlara layihələrinin həyata keçirilməsi və cari fəaliyyətlərinin maliyyələşdirilməsi üçün çevik imkan yaradır.
Qeyd edək ki, güzəştli kredit, dövlət zəmanəti və faiz subsidiyası mexanizmləri üzrə əsas əhəmiyyətli sahələrə qeyri-neft sənayesi, yaşıl taksonomiya, strateji kənd təsərrüfatı, strateji logistika və təchizat zənciri infrastrukturu aiddir. Digər əhəmiyyətli sahələrə əsas siyahıya daxil edilməyən digər qeyri-neft sənayesi layihələri, kənd təsərrüfatı, balıqçılıq və akvakultura, rəqəmsal inkişaf və İKT layihələri, yükdaşıma, saxlama və ictimai sərnişindaşıma, turizm və yerləşdirmə infrastrukturu, səhiyyə, təhsil və sosial xidmət infrastrukturu, istehsal və kənd təsərrüfatını dəstəkləyən xidmətlər, eləcə də digər xidmət və kommersiya infrastrukturu daxildir.
ABİF güzəştli kreditlər, dövlət zəmanəti və faiz subsidiyaları, eləcə də investisiya qoyuluşları vasitəsilə ölkənin biznes mühitinə maliyyə dəstəyi göstərən əsas dövlət qurumlarından biridir. Fondun fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun inkişafını təşviq etməyə, idxalı əvəzləyən və ixracyönümlü layihələri dəstəkləməyə, həmçinin yerli bizneslərin rəqabət qabiliyyətini gücləndirməyə yönəlib. O, həmçinin, maliyyəyə çıxış imkanlarının genişləndirilməsində, özəl sektor investisiyalarının təşviqində və ölkəyə birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır.
