Bakıda Yaşıl Enerji Dəhlizinə həsr olunan ilk beynəlxalq forum keçirilir
Bakıda “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin investisiya və tərəfdaşlıq imkanlarına həsr olunan “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” Forumu keçirilir.
Energetika Nazirliyindən verilən məlumata görə, tədbir layihənin praktiki icra və investisiya mərhələsinə keçidini sürətləndirmək, maliyyələşdirmə strukturunu müzakirə etmək və 2029-cu ildə nəzərdə tutulan yekun investisiya qərarına hazırlığa töhfə vermək məqsədi daşıyır.
Forumda Azərbaycan və tərəfdaş ölkələrin dövlət qurumları, Avropa İttifaqı, Dünya Bankı, EIB, EBRD daxil olmaqla beynəlxalq maliyyə institutları və "Masdar", "SOCAR Green", "Siemens Energy" kimi aparıcı enerji və texnologiya şirkətlərinin nümayəndələri iştirak edirlər.
Energetika naziri Pərviz Şahbazov çıxışında layihənin regional enerji təhlükəsizliyi və yaşıl keçid baxımından strateji əhəmiyyətini vurgulayıb, cari ilin iyulunda başa çatan tədqiqatın onun texniki və iqtisadi cəlbediciliyini təsdiqlədiyini bildirib. Təxminən 3 min kilometr uzunluğundakı dəhlizin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi, ötürmə gücünün 4 QVt-a çatdırılması və 2040-cı ildən Avropaya ildə 20 milyard kilovat-saat elektrik enerjisinin ötürülməsi nəzərdə tutulur. Qara dənizin 2 200 metrədək dərinliyində sualtı kabelin çəkilməsi planlaşdırılan layihənin kommersiya dayanıqlılığını təmin etmək üçün hibrid biznes modeli nəzərdən keçirilir. Forum altı tematik sessiya ilə işini davam etdirir.
