14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tahir Cəfərov: “Yaşıl enerji strategiyasının ölkəmizə böyük dividendlər gətirəcəyi şübhəsizdir"

Mərkəzi Asiya ölkələrinin yüksək günəş enerjisi potensialı və Abşeronun külək enerjisi potensialının birgə istifadəsi “Qara Dəniz Enerji Kabeli” layihəsinin (“Black Sea Energy”) effektivliyini xeyli artıracaq.

Bu barədə fikirlərini "vergiler.az"la bölüşən energetika üzrə müstəqil ekspert Tahir Cəfərovun sözlərinə görə, son zamanlar dünyada enerji qiymətlərinin artması və enerji bazarının yenidən bölüşdürülməsi “Yaşıl enerji” strategiyasının ölkə üçün əhəmiyyətini və tətbiqinin zəruriliyini bir daha aktuallaşdırıb.

“17 dekabr 2022-ci ildə Buxarestdə imzalanmış “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş” Azərbaycan Prezidentinin elan etdiyi strategiyanın beynəlxalq səviyyədə icrasıdır. Beynəlxalq energetika tarixində ilk dəfə olaraq belə bir cürətli layihənin həyata keçirilməsi siyasi və diplomatik məsələlərlə yanaşı, texniki və texnoloji məsələlərin həllini də tələb edir”, - ekspert deyib.

3 sentyabr 2024-cü il tarixində Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 8-ci Nazirlər/Rəhbər Komitənin iclasının keçirildiyini xatırladan T.Cəfərov sözügedən layihənin məqsədinin Abşeronun Xəzər akvatoriyasının zəngin külək potensialından istifadə etməklə, 20 GVt gücdə ekoloji təmiz enerjini yaradılacaq üçüncü enerji magistralı - “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə ixrac etmək olduğunu vurğulayıb. “Energetika naziri Pərviz Şahbazovun Buxarestdə qeyd etdiyi kimi, Yaşıl Enerji Dəhlizinin şərqə doğru uzanması Mərkəzi Asiya ölkələrinin də bu layihədə iştirakına şərait yaradacaq. Buxarestdəki iclasda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - “Azərenerji”, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica”, MVM arasında Birgə Müəssisənin yaradılmasını nəzərdə tutan “Səhmdar Müqaviləsi”, həmçinin iclasın yekunlarına dair Protokol imzalanıb. Birgə Müəssisəyə fəaliyyət planının hazırlanması və layihə üzrə biznes modellərlə bağlı məsləhətləşmələrə başlamaq tapşırılıb", - ekspert qeyd edib.

O əlavə edib ki, bu layihə dənizdə (ofşor zonada) quraşdırılacaq böyük gücdə külək qurğuları parkı və mürəkkəb sabit cərəyan çevirici - ötürücü texnologiyalar əsasında həyata keçiriləcək. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” vasitəsilə böyük gücdə (20GVt) elektrik enerjisinin Avropaya ötürülməsi ənənəvi dəyişən cərəyanla deyil, sabit cərəyan elektrik verilişi xətləri və çevirici yarımstansiyalar vasitəsilə həyata keçiriləcək. “Son illərdə inkişaf etmiş ölkələrdə tətbiq edilən bu texnologiya dəyişən cərəyanlı ötürücü sistemlərlə müqayisədə böyük üstünlüklərə malik olduğundan daha geniş yayılmaqdadır", - T.Cəfərov deyib.

Ekspertin fikrincə, layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması dəqiqlik tələb edir: “Məlumdur ki, külək enerji qurğuları il ərzində ən yaxşı halda 3 500 saat tam gücdə işlədiyindən, Yaşıl Enerji Dəhlizinin yüklənmə dərəcəsi 40% həddində olacaq. Fikrimcə, Mərkəzi Asiya ölkələrinin layihəyə qoşulması, yəni yüksək günəş potensialına malik səhralardakı günəş elektrik stansiyalarının da dəhlizə qoşulması Yaşıl Enerji Dəhlizinin yüklənmə dərəcəsini əlavə 20% artırmaqla, layihənin effektivliyini 60%-ə çatdıracaq. Bu isə Yaşıl Enerji Dəhlizi layihəsinin yüksək effektivlik dərəcəsində olacağından xəbər verir", - ekspert deyib.

Onun sözlərinə görə, gələcəkdə, Yaşıl Enerji Dəhlizinin istismar rejimindən və idarəetmə prosesindən asılı olaraq, effektivlik göstəricisinin bir qədər də yüksəldilməsi mümkündür: “Ulu Öndər Heydər Əliyevin enerji siyasətinin Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl enerji” strategiyasına transformasiyasının gələcəkdə ölkəmizə böyük dividendlər gətirəcəyi şübhəsizdir".

Tamilla MƏMMƏDOVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?