23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Şəhriyar Məcidov: “Kreditlərin sığortalanması şirkətlərin yığımlarını artıracaq”

Şəhriyar Məcidov: “Kreditlərin sığortalanması şirkətlərin yığımlarını artıracaq”

“İstehlak kreditlərinin sığortalanması sığorta hadisəsi baş verdikdə, yaxud əlillik aldıqda kredit götürən vətəndaşların varislərinin və ya özlərinin maddi rifahını stabil saxlamaq üçün atılan addımdır”. Bu fikri “vergiler.az”a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının eksperti Şəhriyar Məcidov səsləndirib. 

Onun sözlərinə görə, borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması, eləcə də kredit risklərinin idarə olunması qaydalarına əlavə və düzəlişlərin edilməsi sığorta şirkətlərinin yığımlarına və problemli kreditlərin azalmasına müsbət təsir göstərəcək: “Hazırda kredit alan şəxslərin sığortalanması sahəsində ipoteka götürən şəxslər üstünlük təşkil edir. İstehlak kreditləri ilə bağlı aktiv satış müşahidə olunmur. İstehlak kreditləri götürən şəxslərin həyatının sığortalanması ilə bağlı son dəyişiklikdən sonra sığorta şirkətləri bu məhsul üzrə satışlarını daha da artıracaq. Dəyişikliklər vətəndaşlara kreditlərin daha əlçatan olmasına imkan verəcək. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, 2014-2015-ci illərə qədər Azərbaycanda fəaliyyət göstərən bankların 70-80 faizində istehlak krediti götürən şəxslərin həyatı bir qayda olaraq sığortalanırdı. Sonradan banklar vətəndaşlara daha aşağı faizlə kredit məhsulları təklif etmək üçün kredit götürən şəxsin sığortasından imtina etdilər. Nəticədə son 9 ildə istehlak kreditləri üzrə problemli kreditlərin həcmi daha da çoxaldı. Qaydaların dəyişdirilməsi ilə həyat sığortasının aktivləşdirilməsi gələcəkdə problemli kreditlərin azalmasına səbəb olacaq”.

Qaydalara gətirilən yeni tələblər əlilliyi olan şəxslərin kredit götürməsini də asanlaşdıracaq. İndiyədək sığorta şirkətlərinin I və II qrup əlilliyi olan şəxsləri sığorta təminatına götürməkdən imtina etdiklərini deyən Ş.Məcidov dəyişikliklərdə həmin şəxslərə də “yaşıl işıq” yandırıldığını vurğulayıb: “Vətəndaşlar üçün kredit məhsulunun daha da əlçatan olması məqsədilə I və II qrup əlillik təyinatı olan şəxslər də həyat sığortası ala biləcək və ondan yararlanacaqlar. Kredit götürdükdən sonra hər hansı səbəbdən əlillik qazanan vətəndaşların kredit borcları isə onların əmək qabiliyyətini itirmə faizindən asılı olaraq, sığorta şirkəti tərəfindən qarşılanacaq”.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edilib. Yeni qaydanın tətbiqi ilə istehlak krediti götürən şəxslər üçün bir sıra tənzimləyici yumşalmalar müəyyən edilib. Belə ki, istehlak kreditinin həcmindən asılı olaraq sığortalanmanın operativliyini təmin etmək, o cümlədən bankdaxili kredit verilməsi üzrə prosedurların əlavə vaxt itkisinə səbəb olmasının qarşısını almaq hədəflənib. Eyni zamanda, borcalan tərəfindən sığortalanma haqqında ərizə olmadan sığorta müqaviləsinin bağlanması imkanı da yaradılıb.

Fərqanə ALLAHVERDİQIZI

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?