Fuad Seyidəliyev: “Yerli istehsalçılar Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasını özlərinə hədəf seçməlidirlər”
Ölkəmizdə biznes və investisiya mühitinin ildən-ilə şəffaflaşması, tənzimləyici qanunvericilik bazasının təkmilləşdirilməsi yerli və xarici sərmayəçilərin öz bizneslərini daha da canlandırmasına təkan verir.
“SAVALAN-ASPİ Vayneri” MMC 2007-ci ildə təsis edilib. Müəssisənin həmtəsisçisi Fuad Seyidəliyevin sözlərinə görə, fəaliyyətlərinin əsas məqsədi Azərbaycanda qədim zamanlardan geniş yayılmış üzümçülüyün, eləcə də şərabçılığın keçmiş şöhrətini bərpa etmək, süfrələri dünyanın ən dadlı, yüksək keyfiyyətli üzüm növləri və şərablarla zənginləşdirməkdir. Müasir texnologiyanın tətbiqinə üstünlük verən və Azərbaycan şərabçılarının tarixi ənənələrinə əsaslanan müəssisə üzümün yetişdirilməsindən başlamış yüksək keyfiyyətli şərab məhsullarının buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir.
Azərbaycan şərabları Hollandiya, Almaniya, Fransa, Danimarka,
Belçika, Lüksemburq, Polşa, Türkiyə, Rusiya, Çin, Yaponiyaya ixrac edilir
Şirkət yarandığı gündən tingləri yetişdirmək üçün İtaliya və Fransa şirkətləri ilə sıx əlaqə yaradıb, həmin şirkətlərin mütəxəssislərinin tövsiyələri ilə qədim dövrlərdə şərab sənayesinin çiçəkləndiyi yerdə – Böyük Qafqaz dağlarının ətəklərində, Qəbələ rayonunda nadir iqlim şəraitinə malik Savalan vadisində geniş üzüm sahələri salıb.
F.Seyidəliyev bildirib ki, hazırda şirkətin 350 hektarlıq üzüm bağında 24 növ texniki, 16 növ süfrə üzümü, o cümlədən dünyada məhşur olan "Şardone", "Kabernet Savinyon", “Merlo", “Sirah” kimi üzüm növləri yetişdirilir. “Savalan” üzüm emalı və şərab istehsalı müəssisəsinin illik faktiki istehsal gücü 500.000-600.000 ədəd butulka həcmindədir.
Müəssisənin istehsal etdiyi “Savalan” şərabları Hollandiya, Almaniya, Fransa, Danimarka, Belçika, Lüksemburq, Polşa və s. Avropa ölkələrinə, həmçinin Türkiyə, Rusiya, Çin və Yaponiyaya ixrac edilir. Hazırda şərabların Böyük Britaniyaya, Cənubi Koreyaya və İsveçə ixracı üçün danışıqlar aparılır.
F.Seyidəliyev əlavə edib ki, şirkət indi dünyanın ən populyar alkoqollu içkilərindən sayılan "brendi"nin istehsalına hazırlaşır.
“Zavodumuzun ərazisində maraqlı bir muzey yaradılır. Muzeydə Azərbaycanda qədim şərabçılıq, şərabçılığın xronologiyası, müasir dövrdə inkişafı və s. haqqında geniş məlumatlar, Qəbələdə arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatlar öz əksini tapacaq. Əminəm ki, bu muzey istər yerli, istərsə də xarici qonaqların və turistlərin həvəslə gəldikləri məkan olacaq”, - deyən sahibkar əlavə edib ki, şirkət həm də “Savalan şərab turları” təşkil edir. Turlar zamanı yerli və əcnəbi turistlər üzüm bağlarına səyahət edir, zavodda şərabın istehsalı prosesinin bütün mərhələləri ilə yaxından tanış olur və mütəxəssislərlə birlikdə professional şərab dequstasiyasında iştirak edirlər. Məqsəd yerli və əcnəbi turistlərə Azərbaycanın tarixi şərabçılıq adət-ənənələrini, şərabçılıq mədəniyyətini və müasir şərabçılığı yaxından tanıtmaq üçün turizmin bu sahəsini daha da inkişaf etdirməkdir.
F.Seyidəliyev hazırda beynəlxalq şərab bazarında böyük rəqabət olduğuna diqqət yönəldərək qeyd edib ki, Azərbaycanda üzümçülüyün və şərabçılıgın inkişafına dair Dövlət Proqramlarına əsaslanaraq üzümün yetişdirilməsı və təkrar emalı sahəsinin inkişafı üçün yeni plantasiyalar salınmalı, istehsalat xətləri yaradılmalı, şərabçılıq ənənələri bərpa olunmalı, festivalların keçirilməsi ənənəyə çevrilməlidir. Bununla yanaşı, yerli məhsullar beynəlxalq festivallarda, sərab müsabiqələrində aktiv şəkildə nümayiş olunmalıdır. Yerli istehsalçılar Azərbaycanın şərab istehsal edən qabaqcıl ölkələr siyahısında yer almasını özlərinə hədəf seçməlidirlər.
Bu gün özəl sektorlarda fəaliyyət göstərən bir çox
sahibkarlar ölkəmizin iqtisadi inkişafına öz töhfələrini verə bilirlər
F.Seyidəliyev vurğulayıb ki, Azərbaycanda sahibkarlara dəstək mexanizmləri getdikcə təkmilləşdirilərək daha çevik və əlçatan olur: ”Fəaliyyət göstərdiyimiz müddətdə biz də dövlətin dəstəyinə arxalanmışıq. “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlər, eləcə də Azərbaycan Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydaları”na əsasən, yeni investisiya layihələri üçün sahibkarlara vergi, gömrük və digər güzəştlərin verilməsi, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Prezident Fərmanına əsasən kənd təsərrüfatı avadanlıqlarının dəyərinin 40 faizinin dövlət tərəfindən subsidiyalaşdırılması, dövlət başçısının 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydaları”na əsasən əkin subsidiyasının verilməsi, fermerlərə becərmədə istifadə etdikləri sertifikatlı toxum, ting, gübrə, pestisid alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək üçün subsidiya verilməsi bu dəstək mexanizmlərinə aiddir.
Prezidentin yürütdüyü iqtisadi siyasət çərçivəsində xarici ölkələrə təşkil edilən ixrac missiyalarında, sərgilərdə iştirak üçün dövlət tərəfindən dəstək göstərilməsi, xarici ölkələrdə bazar araşdırması aparmaq üçün maliyyə yardımı göstərilməsi sahibkarlığın inkişafına təkan verir: “Ölkəmizdə özəl sektor artıq yeni inkişaf mərhələsinə daxil olub. Bu gün özəl sektorlarda fəaliyyət göstərən bir çox sahibkarlar ölkəmizin iqtisadi inkişafına öz töhfələrini verə bilirlər. Dövlət başçısının qeyd etdiyi kimi: "Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın".
İlhamə İSABALAYEVA