Teymur Əşrəf: “Uçot data və təhlil arasında körpü rolunu oynayır” MÜSAHİBƏ
Maliyyə hesabatlarının hazırlanması və düzgün vergi uçotunun aparılması sahibkarları bir çox risklərdən, itkilərdən qoruyur. Bəs burada yol verilən yanlışlıqlar nələrə səbəb ola bilər? Təcrübə mübadiləsi bizi necə qoruyur?
“vergiler.az”ın bu və digər suallarını "Good Finance" şirkətinin həmtəsisçisi Teymur Əşrəf cavablandırır:
- Teymur müəllim, mühasibat uçotunun qanunvericilik tərəfləri bəllidir, bu zaman müəyyən tələblərə əməl etmək vacibdir. Bəs biznesin inkişafı baxımından uçotun əhəmiyyəti nədir? Sahibkarlar, mühasiblər daha çox nəyə diqqət etməlidirlər?
- Keyfiyyətli data, düzgün uçot və əhatəli təhlil biznesin inkişafının zəruri şərtlərindəndir. Bunların birlikdə olması idarəetmədə təsadüfi qərarların qarşısını alır, biznesin zəif yönlərini ortaya çıxarır, güclü tərəflərini isə risklərdən qoruyur. Beləliklə, uçot data və təhlil arasında körpü rolunu oynayır. Üstəlik, uçot məlumatları müxtəlif hesabatların əsas “xammal”ı, başlıca “qida mənbəyi”dir. Nəzərə alsaq ki, həmin hesabatların istifadəçiləri həm dövlət qurumları, həm də biznes tərəfdaşlarıdır - düzgün uçotun əhəmiyyəti daha da bəlli olur. Yəni uçota təkcə daxili idarəetmə aləti kimi yox, həm də “biznesin güzgüsü” kimi baxmalıyıq. Belə bir müqayisə qursaq ki, insanın söz ehtiyatı nə qədər kasad olsa, nitqi də o qədər zəif alınır, bir biznesin söz bazası onun uçotu, nitqi isə hesabatlılığıdır, yəni biri digərini şərtləndirir.
Uçotu vahid biznes sistemindən ayrı düşünmək olmaz. Biznesi idarə edənlər uçotu həm sistemin elementi, həm də idarəetmə aləti kimi nəzərə almalıdırlar. Sistemin bu elementinin “axsaması” bütövlükdə onu geri atdığı kimi, idarəetmə aləti kimi effektiv istifadə edilməməsi də yekunda inkişafa mənfi təsir göstərir, raqabətdə geri salır. Bu baxımdan, sahibkarlar və rəhbərlər uçota ögey münasibət bəsləməməli, məcburiyyət, “pul gətirməyən” element kimi yanaşmamalıdırlar. Mühasiblər və digər uçota məsul şəxslər isə işlərini sistem idarəetmənin tərkib hissəsi kimi qavrayıb bu istiqamətdə qurmalıdırlar. Onların işi elə təşkil olunmalıdır ki, “uçot məlumatların qeydiyyatıdır”, “mühasib vergi hesabatlarını hazırlayan şəxsdir” - formatı “uçot idarəetmə alətidir, mühasib isə idarəetmənin aktiv iştirakçısıdır” mexanizmi ilə əvəz edilsin.
Uçota təkcə daxili idarəetmə aləti kimi yox, həm də “biznesin güzgüsü” kimi baxmalıyıq
- Təcrübədə bu sadaladığınız sahələrdə tez-tez rast gəldiyiniz yanlışlıqlar nələrdir?
- Mənim ixtisaslaşma sahəm vergi olduğu üçün bu istiqamətdə yol verilən və maliyyə itkisi ilə nəticələnən xeyli misallar və praktiki keyslər sadalaya bilərəm. Buraya bəyannamələrin səhv tərtibatından tutmuş vergi riski ilə nəticələnən əməliyyatlara qədər müxtəlif məsələlər daxildir. Amma istəyirəm ki, suala daha ümumiləşmiş formada və yanlışların özünü yox, səbəblərini göstərməklə cavab verim. Uçotda yanlışlıq varsa, ilk növbədə, düzgün uçot sistemi yoxdur, şirkətdaxili kommunikasiya düzgün qurulmayıb, proseslər lazımi qayadada koordinasiya olunmur və kadr hazırlığına, onların inkişafına diqqət yetirilmir.
- Ən bahalı səhvlər nələr ola bilər və bu yanlışlıqlar nə zaman üzə çıxır? Düzəldilməsi mümkündürmü?
- İnsanın şəxsi həyatında da, biznesdə də, uçotda da ən bahalı səhv səhvin doğru hesab olunaraq davam etdirilməsidir. Uçotla bağlı yanlışlıqlar diaqnostika, daxili audit və kənar audit prosesləri nəticəsində ortaya çıxa bilər. Amma bütün bunlara qədər şəxsi məsuliyyət, gördüyün işə cavabdehlik çox vacibdir. Ümumiyyətlə, səhvin hansı mərhələdə üzə çıxması önəmlidir. Vergiyönümlü yanaşdıqda, ortaya çıxan səhvləri qanunvericiliyə uyğun konkret situasiyadan asılı olaraq düzəltmək mümkün və ya mümkünsüz olur. Səhv vergi orqanına qədər, yəni şirkət daxilində aşkar edildikdə aradan qaldırılması daha rahatdır. Dövlət vergi orqanları tərəfindən aşkar edilən səhvlərin (terminoloji olaraq - kənarlaşmaların) düzəldilməsinə yanaşma da fərqlidir. Məsələn, kameral vergi yoxlaması zamanı aşkarlanmış uyğunsuzluqlar üzrə dəqiqləşdirmələr aparılmaqla səhvlərin aradan qaldırılması mümkündür. Səyyar vergi yoxlaması zamanı aşkar edilmiş səhvlər isə vergi yoxlayıcıları tərəfindən bərpa olunmaqla vergidən yayınma ilə şərtlənirsə, hətta maliyyə sanksiyası ilə nəticələnir ki, bildiyimiz kimi, yoxlama başladıqdan sonra artıq vergi ödəyicisinin həmin səhvləri aradan qaldırmaq şansı olmur.
İnsanın şəxsi həyatında da, biznesdə də, uçotda da ən bahalı səhv
səhvin doğru hesab olunaraq davam etdirilməsidir
- Mühasibat və vergi uçotunun paralel aparılması və ya birinə üstünlük verilməsi ilə bağlı fikirlər səslənir. Siz necə düşünürsünüz, hansı daha vacibdir və niyə?
- Doğrusu, məsələnin bu cür qoyulması ilə bir az razı deyiləm, çünki bu anlayışlar bir-birinin alternativi yox, tamamlayıcısıdır. Bu, bir növ meyvə ilə almanın, uçot tərəfdən misal gətirsək, əsas vəsaitlə avadanlığın müqayisəsinə bənzəyir. Söhbətimizin əvvəlində də qeyd etdiyimiz kimi, uçot datadan formalaşır, hesabatlar isə uçotdan. Bu hesabatlar maliyyə, vergi və digər hesabatlar ola bilər. Vergi uçotuna isə vergi hesabatlarını qanunvericiliyin tələblərinə uyğun formada hazırlamaq üçün ümumi uçotun daxilində ayrıca istiqamət kimi baxmaq olar. Suala yekun cavab olaraq, - maliyyə hesabatı standartlarına və vergi qanunvericiliyinin tələblərinə uyğun aparılan uçot vacibdir, - deyərdim.
- Son dəyişikliklərlə Vergi Məcəlləsinə əlavə edilən yeni nəzarət forması vergi risklərinin idarə olunmasını daha da asanlaşdırmış olacaq. Bu haqda düşüncələriniz maraqlıdır...
- Sonuncu dəyişikliklər bir neçə istiqaməti əhatə etsə də, daha çox vurğulamaq istədiyim, sizin də qeyd etdiyiniz kimi, Vergi Məcəlləsinə yeni vergi nəzarəti formasının – üfüqi monitorinqin daxil edilməsidir. Zənnimcə, bu üsul gələcəkdə dövlət vergi orqanları ilə biznes subyektlərinin fərqli, daha kommunikativ əməkdaşlığı ilə nəticələnəcək. Yekunda isə həm biznes subyektlərinin vergi riskləri azalmış olacaq, həm də fiskal nəzarət daha proaktiv və şəffaf modelə keçəcək.
Vergi Məcəlləsinə yeni vergi nəzarəti formasının – üfüqi monitorinqin daxil edilməsi ilə
həm biznes subyektlərinin vergi riskləri azalmış olacaq, həm də fiskal nəzarət
daha proaktiv və şəffaf modelə keçəcək
- Vergiləndirmə, risklər, mühasibat uçotunun əhəmiyyətinə həsr olunan forumlardan geridönüşlər Sizə nə deyir? Faydalıdırmı?
- “Vergi və Mühasibatlıq Zirvəsi” dördüncü dəfə “Bahalı səhvlər” konsept mesajı ilə təşkil olundu. Şəxsi təcrübəmdən çıxış edərək bildirərdim ki, həmkarlarımızdan xeyli müsbət rəylərlə yanaşı, iradlar, tənqid və təkliflər də daxil olur. İllərini bu sektora həsr etmiş ekspertlərin tədbirə spiker kimi qatılmaları, öz təcrübələrini bölüşmələri, müasir trendi iştirakçılara çatdırmaları çox faydalıdır. Çünki təcrübə danışdıqca “bahalı səhvlər” susur, ortaya çıxmır. Tədbirlərimizi faydalı edən, iştirakçıların hər il ciddi marağına səbəb olan ən vacib nüanslardan biri isə dövlət qurumlarının, xüsusilə vergi orqanlarının səlahiyyətli şəxslərinin tədbirdə birbaşa iştirakıdır. Bu, imkan verir ki, iştirakçılar onları maraqlandıran sualları dövlət rəsmilərinə birbaşa ünvanlasınlar, müzakirələr apara bilsinlər. Tədbiri maraqlı edən digər bir məqam isə sektor nümayəndələrinin şəbəkələşməsinə, öz aralarında fikir və təcrübə mübadiləsi aparmasına şərait yaratmasıdır.
Fərqanə ALLAHVERDİQIZI
