13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Açıq bankçılıq bu gün və gələcəkdə

Məsafədən idarəetmə və bank xidmətlərinin genişlənməsi “fintekslərə” tələbatı artırır. Bu isə açıq bankçılıq xidmətlərinin imkanlarını genişləndirməyi tələb edir. Mövzunu “vergiler.az”a bank mütəxəssisi Bəxtiyar Məmmədov şərh edir.

XX əsrin sonlarından başlayaraq informasiya texnologiyalarının inkişafı bütün sahələrə təsir etməyə başladı. Sözsüz ki, bu təsirlər bank sektorundan da yan keçə bilməzdi. Öncə banklarda daxili texnoloji sistemlər yarandı, daha sonra banklar müxtəlif sistemlər təklif etməklə öz müştərilərinə məsafədən xidmət təqdim etməyə başladılar. İnkişaf o həddə çatdı ki, bankın müştərisi illərlə banka gəlmədən bank xidmətləri əldə edə bildi. Daha sonra bank və müştəri arasında vasitəçi şirkətlər yaranmağa başladı ki, onlar ümumi şəkildə “finteks” adlandırılacaqdı. Fintekslər, əslində bank məlumatlarını bankdan əldə edərək üçüncü tərəflərə bank xidmətləri göstərə bilən texnologiya şirkətləridir. Bundan əlavə, bir çox orta və iri şirkətlərdə bankların təqdim etdiyi xidmətləri şirkətlərin öz daxilində istifadə etdiyi sistemlər vasitəsilə əldə etmək, şirkətlərin sistemləri ilə bank əməliyyatları etmək zərurəti yarandı. Bu zərurət isə açıq bankçılıq adlanan yanaşmanın yaranmasına və inkişafına səbəb oldu.

Açıq bankçılıq nədir?

Müasir dövrdə bank müştəri və onun əməliyyatları barədə məlumatların saxlanmasını və əməliyyatların faktiki icrasını həyata keçirir. Müştərilərə əməliyyatların icrası üçün lazım olan məlumatlar və proqram interfeysləri isə müştərinin razılığı əsasında üçüncü tərəf və ya tərəflərin vasitəsilə təqdim olunur. Açıq bankçılıq yanaşmasının əsasında məhz bu durur. Məsələn, tutaq ki, hər hansı texnoloji sistemin yaradılması ilə məşğul olan şirkət – finteks şirkəti bank sektoru üçün universal bir proqram təminatı hazırlayıb. Bu proqram təminatı bank hesablarını idarə etməyə imkan verir. Bunun üçün şirkət banklarla müqavilə imzalayıb, bir neçə bankla razılığa gəlib ki, müştəri razılıq bildirdiyi halda, finteks şirkəti öz sistemi vasitəsilə müştərinin bir neçə bankda olan hesabları barədə məlumatları vahid proqram təminatı üzərindən müştəriyə təqdim edəcək və müştəri həmin proqram təminatı ilə əməliyyatlar həyata keçirə biləcək. İndiki halda hər bir bankda olan hesabımız üçün həmin bankın mobil əlavəsindən və ya internet bank sistemindən istifadə etməyimiz lazım gəldiyi halda, qeyd etdiyimiz misalda vahid proqram təminatı vasitəsilə bir neçə bankdakı hesablarımız barədə informasiya əldə etmək və əməliyyatlar aparmaq mümkündür. Bunun mümkünlüyünün səbəbi isə bankın açıq bankçılıq xidmətini müştəri və bank arasında üçüncü tərəf rolunu oynayan finteks şirkətinə təqdim etməsidir. Amma şübhəsiz ki, bu xidmətin üçüncü tərəf vasitəsilə təqdim olunmasına müştəri razılıq verləlidir. Açıq bankçılıq xidmətinin təqdim edilməsi üçün banklar tərəfindən müvafiq sorğu qəbuletmə və göndərmə sistemi rolunu oynayan APİ (Application Programming İnterface) adlı xüsusi texnoloji imkan yaradılır və qeyd etdiyimiz üçüncü tərəflərə bank tərəfindən təqdim edilir. Sanki bank ümumilikdə xidməti təşkil edir, o xidməti hansı kanal vasitəsilə əldə etməyi isə müştəri özü seçir. Bu kanallar finteks şirkətləridir.

Dünyada açıq bankçılıq

Açıq bankçılıq, əsasən, son 10 ildə inkişaf etməyə başlayıb. Bunun qanunvericilik bazası artıq müxtəlif ölkələrdə bir neçə il öncə yaradılıb. Məsələn, Avropa İttifaqında açıq bankçılıq barədə normativ aktlar 2015-ci ildə Avropa Parlamenti tərəfindən PSD2 direktivi kimi qəbul edilib. Latın Amerikası ölkələrində də açıq bankçılıq prinsipləri müxtəlif qanunvericilik aktları ilə tənzimlənir. Xüsusilə Meksika və Braziliya bu sahədə kifayət qədər irəliləyiblər. ABŞ-da digər qanunvericilik aktlarına əsaslanma tətbiq edilib, birbaşa açıq bankçılıq barədə qanunvericilik tətbiq edilməyıb. Turkiyədə müvafiq qanunvericilik aktları 2019-cu ildə qəbul edilib. Avstraliyada isə açıq bankçılıq “İstifadəçi məlumatları hüquqları” (Consumer Data Rights) normativ aktına əsasən 2019-cu ildən tətbiq edilir. Rusiyada açıq bankçılıq üzrə tənzimləyici funksiyasını Rusiya Mərkəzi Bankı həyata keçirir. Ümumilikdə, dünya ölkələrində daha çox Avropa və Böyük Britaniya təcrübələri əsasında açıq bankçılıq qanunvericiliyi və prinsipləri inkişaf etdirilir, amma bütün ölkələrdə bu istiqamət yeni olduğundan qanunvericilik tez-tez təkmiləşdirilir.

Açıq bankçılıq əməliyyatlarının həcminə gəlincə, müxtəlif ölkələr arasında kəskin fərqlər vardır. Məsələn, Britaniyada təxminən 5 milyon insan açıq bankçılıq xidmətlərindən istifadə edir. Ümumi həcmlə müqayisədə bu, bank xidmətlərindən istifadə edənlərin az hissəsidir. Lakin zaman keçdikcə bu istiqamətin inkişaf edəcəyi, 2024-cü ilədək dünya üzrə açıq bankçılıq istifadəçilərinin sayının 60 milyondan artıq olacağı proqnozlaşdırılır.

Azərbaycanda açıq bankçılıq

Azərbaycanda açıq bankçılıq sahəsində bir sıra addımlar atılıb. Mərkəzi Bank tərəfindən tətbiq edilmiş “Ani ödənişlər sistemi”nin bir sıra açıq bankçılıq imkanları vardır. Bu imkanlar banklar tərəfindən texnoloji sistem olaraq Mərkəzi Bankla inteqrasiya edilib. Bu istiqamətə ümumi baxış olaraq Mərkəzi Bank tərəfindən 2021-2025-ci illəri əhatə edən “Açıq bankçılığın tətbiqi üzrə yol xəritəsi” hazırlanıb. Yol xəritəsində növbəti illərdə həm qanunvericilik bazasının təkmilləşdirilməsi, açıq bankçılıq üzrə texnoloji mühitin yaradılması, açıq bankçılıq infrastrukturu iştirakçılarının fəaliyyətinin təmin edilməsi və fəaliyyətə nəzarətin təşkili kimi tədbirlər nəzərdə tutulub.

Açıq bankçılıq gələcəkdə

Ümumiyyətlə, bir zamanlar müxtəlif kommunal ödənişlər, yaxud hər hansı digər bir vəsaitin ödənilməsi üçün müvafiq təşkilatlara yaxınlaşır və ödənişləri nağd qaydada həyata keçirirdik. Yaxud hər hansı əmtəəni əldə etmək üçün birbaşa satıcıya yaxınlaşır və ödəniş edirdik. İndiki halda bir çox ödənişlərimizi heç həmin müəssisənin ünvanını belə bilmədən, üçüncü tərəfin təqdim etdiyi hər hansı bir mobil əlavə və ya internet saytı üzərindən həyata keçirə bilirik. Məsələn, elektrik enerjisindən istifadə üçün tamamilə fərqli bir şirkəti proqram təminatından istifadə edib ödənişimizi həyata keçiririk.
Gələcəkdə bank sistemlərinin də eyni tərzdə bir xidmət olacağı gözlənilir. İnkişaf istiqaməti belə nəzərdə tutulur ki, banklar sadəcə bank xidmətlərini təmin edən bir müəssisələrə çevriləcək, həmin banklarda müxtəlif əməliyyatların aparılması imkanlarını isə bizə üçüncü tərəflər – fintekslər daha rahat təqdim edəcəklər. Bu istiqamətdə görünən yol isə açıq bankçılığın tətbiqinin genişlənməsidir. Açıq bankçılıq üzrə dünyada gedən inkişaf və ölkəmizdə yol xəritəsinin müəyyən olunması bu dəyişiklikləri görməyimizə şərait yaradacaq, fiziki şəxslər və sahibkarlıq subyektləri daha asan xidmətlər əldə edə biləcəkdir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?