15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan sulfat turşusu və şüşə taralar ixrac edəcək

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi Prezident İlham Əliyevin iyulun 20-də Sumqayıt Kimya Sənaye Parkında açılışını etdiyi müəssisələrin fəaliyyəti ilə tanış olub. Mediaturun məqsədi ölkədə fəaliyyət göstərən sənaye zonaları, eləcə də Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə tanış olmaq idi.

Sulfat turşusunun idxaldan asılılığı tam aradan qaldırılacaq

Prezident İlham Əliyevin açılışını etdiyi müəssisələrdən biri olan “Azərsulfat” MMC-nin təməli 2021-ci il yanvarın 18-də dövlət başçısının iştirakı ilə qoyulub. Müəssisə 1,5 hektar ərazidə inşa edilib. Zavodun kükürd əritmə, kükürdün filterlə tənzimlənməsi, maye kükürdün saxlanılması çəni, kükürd sobası, konvensiya, elektrik qızdırıcıları kimi bölmələri var. Zavodda çalışanların hamısı yerli mütəxəssislərdir. Müəssisənin tikintisində də yerli mütəxəssislər iştirak ediblər. Zavodda quraşdırılmış bir çox avadanlıqlar Çindən idxal edilib, bəzi avadanlıqlar isə yerli istehsaldır. “Azərsulfat”da çalışan 34 işçinin 33-ü Sumqayıt sakinidir.

Müəssisədə mineral gübrələrin (superfosfat, ammonium-sulfat) istehsalında, kimya sənayesi və metallurgiyada, neft sənayesində təmizləyici maddə kimi istifadə olunan sulfat turşusu istehsal ediləcək.
Artıq istehsala tam hazır olan zavod yaxın günlərdə fəaliyyətə başlayacaq.

İndiyədək sulfat turşusunun Azərbaycana xaricdən idxal edildiyini deyən “Azərsulfat” MMC-nin baş direktoru Emil Quliyev bildirib ki, yeni müəssisənin fəaliyyəti nəticəsində artıq yerli məhsul olan sulfat turşusu istehsal olunacaq və bununla da sulfat turşusunun idxaldan asılılığı tam aradan qaldırılacaq.

Gündəlik 60 ton olmaq şərtilə müəssisənin illik istehsal gücü 20 min tondur. Onun 10 min tonu daxili bazar, 10 min tonu isə ixrac üçün planlaşdırılır. Ümumi investisiya dəyəri 10 milyon manatdan çox olan müəssisənin məhsulları ilkin mərhələdə daxili tələbatın ödənilməsinə yönəldiləcək, növbəti mərhələlərdə isə Gürcüstan və Rusiyaya da sulfat turşusu ixrac olunacaq. Artıq Gürcüstanın “Rustavi azot” müəssisəsi ilə illik 10 min ton sulfat turşusunun ixrac edilməsini nəzərdə tutan müqavilə bağlanılıb.

Daxili bazarda da bu məhsula tələbatın getdikcə artdığını deyən E.Quliyev bunu da qeyd edib ki, “Azərsulfat”ın idarəetmə otağında quraşdırılmış sistem monitor müəssisənin fəaliyyətinə bütün sutka ərzində nəzarət etməyə imkan verəcək.

“Azərsulfat”ın baş texnoloqu Rəşad Namazov açıqlayıb ki, müəssisə ölkədə sulfat turşusuna olan tələbatı tam olaraq ödəyə biləcək.

İstehsal prosesini izah edən baş texnoloq deyib ki, zavodda kükürd bunkerlərə veriləcək, daha sonra əritmə çəninə göndəriləcək, əritmə isə buxar qazanında həyata keçiriləcək. Əridilmiş kükürd filterdə təmizlənərək maye kükürd vəziyyətinə gətiriləcək, 270 kubmetrlik maye kükürd saxlanılma məqsədilə çənə göndəriləcək. Növbəti mərhələdə isə maye kükürdün yeraltı çəndən kükürd sobasına göndərilməsi və sobada yandırılması prosesi baş verəcək.

İkinci şüşə tara zavodu tikiləcək

KİV nümayəndələri daha sonra “Glassica” QSC-nin Şüşə tara məhsullarının istehsalı müəssisəsində olublar. Ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisənin illik istehsal gücü 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) təşkil edir.

Müəssisədə istehsal olunan məhsullar daxili tələbatı tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac ediləcək. Sənaye Parkının 2,6 hektar ərazisində inşa edilmiş müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.

Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 ildən çox təcrübəyə malik olan “HORN Glass Industries AG” şirkəti tərəfindən həyata keçirilib.

Zavodun direktoru İbrahim Həsənovun bildirdiyinə görə, Azərbaycan istehsalı olan şüşə taralarına xaricdə - Gürcüstan, Rumıniya və Bolqarıstanda da tələbat var.

Bu tələbata görə yaxın vaxtlarda ikinci mərhələ üzrə yeni zavodun inşa edilməsi planlaşdırılır. Yeni müəssisə mövcud müəssisənin yaxınlığında tikiləcək. Onun illik istehsal gücü 120 milyon ədəd şüşə tara məhsulları (butulka) təşkil edəcək. Bu zavodun məhsullarının təxminən 40 faizi xarici ölkələrə ixrac ediləcək, qalan 60 faiz isə daxili bazar üçün nəzərdə tutulacaq. İ.Həsənov əsas məqsədlərinin ilk növbədə yerli bazarı şüşə taralarla təmin etmək olduğunu söyləyib: “Artıq təkcə yaxın xaricdən deyil, uzaq xaricdən də məhsullarımız üçün çox böyük sifarişlər edilir. Ona görə də ikinci zavodun inşasına da tezliklə başlamağı qərara almışıq”.

Mediatur zamanı KİV nümayəndələrinə iyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə təməli qoyulmuş müəssisələr barədə məlumat verilib. Qeyd edilib ki, “Az-Tex-Import” MMC tərəfindən Sənaye Parkının 4 hektar ərazisində İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 19,2 milyon manat olan layihə çərçivəsində 90 nəfər daimi işlə təmin ediləcək. Zavod ildə 100 ədəd avtomobil istehsal etmək gücündə olacaq.

100 faiz Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co” MMC tərəfindən Sənaye Parkının 22,8 hektar ərazisində keramik plitələrin istehsalı layihəsini həyata keçirən zavod inşa ediləcək. Zavodda Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələr (kafel, metlax) istehsal ediləcək. İnvestisiya dəyəri 68 milyon manat, illik istehsal gücü 18,5 milyon kavdratmetr keramik plitə istehsalı təşkil edəcək müəssisədə 400 nəfər daimi işlə təmin olunacaq.

Sumqayıt Kimya Sənaye Parkının digər rezidenti “4MAPS Bilgi Teknolojileri” MMC Sənaye Parkının 1,5 ha ərazisində “Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin bölmə rəhbəri İlahə Abbaszadə bildirib ki, sənaye zonaları üzrə indiyədək 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 60-ı artıq fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10100-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 450 milyon manatdan çox investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye zonalarında indiyədək ümumilikdə 7,17 milyard manatdan çox məhsul istehsal edilib ki, bunun da 2,3 milyard manatlıq hissəsi (təqribən 32,7%-i) ixrac olunub.

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi təqribən 3,27 milyard ABŞ dollarından artıq olan 31 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək Sənaye Parkına rezidentlər tərəfindən 3,1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Qeydiyyata alınmış 31 rezidentdən 19-u artıq fəaliyyət göstərir. Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Belə ki, 2021-ci ilin I yarısında Sənaye Parkında 794 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin analoji dövründə bu göstərici 52,14 faiz çox – 1,2 milyard manat olub. 2022-ci ilin I yarısında istehsal olunan məhsulların ixrac rəqəmi 2021-ci ilin I yarısı (267,5 milyon manat) ilə müqayisədə 1,9 dəfə artaraq 508 milyon manat təşkil edib.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?