Açıq platformada maarifləndirici təlim
İqtisadiyyat Nazirliyinin kommunikasiya strategiyasına uyğun olaraq, iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Medianın İnkişafı Agentliyi ilə birgə KİV nümayəndələri üçün “Bazar iqtisadiyyatı və rəqabət mühiti” və “İstehlakçının hüquq və vəzifələri” mövzularında təlim keçirilib. Təşkilatçı və bəzi iştirakçılar təlimlə bağlı fikirlərini “vergiler.az” ilə bölüşüblər:
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli:
“KİV nümayəndələri üçün təlimlər azad iqtisadiyyatın prinsipləri və rəqabət mühitinin formalaşması, ölkəmizin iqtisadi inkişafı və iqtisadi dayanıqlığı ilə bağlı maarifləndirmə baxımından çox böyük əhəmiyyət daşıyır. Düşünürəm ki, bu təlim də faydalı tədbirlərdən biridir”.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov:
“Birgə təlimlərin keçirilməsini həm medianın, həm də dövlət orqanlarının fəaliyyətini nəzərə alaraq təmin edirik. Bu təlimlər mediada peşəkarlığın artırılması, sahəvi jurnalistikanın inkişaf etdirilməsi məqsədi daşıyır.
İqtisadiyyat Nazirliyinin nümayəndələri tərəfindən jurnalistlərimizə verilən məlumatlar onların gələcək fəaliyyəti üçün faydalı olacaq. Belə təlimlərdən bəhrələnib məzmun və keyfiyyət baxımından daha yüksək standartlara uyğun materiallar təqdim etmək olar. Bununla biz medianın iqtisadiyyat sahəsində yaydığı məlumatların keyfiyyətinin artmasına nail ola bilərik”.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov:
“Media nümayəndələri ilə mütəmadi əlaqə saxlamaq və ictimaiyyətə açıq olmaq, zəruri informasıyanı cəmiyyətə çatdırmaq, jurnalistlərlə açıq platforma üzərindən fikir mübadiləsi aparmaq üçün şərait yaradan bu cür təlimlərin əhəmiyyətli olduğunu düşünürəm. Hər birimiz istehlakçıyıq, gündəlik mal və xidmətləri alırıq və bu sahədə kifayət qədər problemlərlə qarşılaşırıq. Dövlət Xidməti daim fəaliyyətini təkmilləşdirirək bu problemlərin həlli istiqamətində işlər görür. Əsasnaməyə görə, həmin işlərin tərkib hissələrindən biri də maarifləndirmə tədbirlərinin keçirilməsidir. Vətəndaşlarımız istehlakçı hüququnu nə qədər daha dərindən bilsələr, bu barədə geniş məlumatlara malik olsalar, öz hüquqlarını qoruya biləcəklər və aidiyyəti dövlət qurumları da işlərini daha düzgün qurmuş olacaqlar”.
Azərbaycan Televiziyasının əməkdaşı Rövşən Əliyev:
“Bu cür təlimlər iqtisadiyyat sahəsində çalışan jurnalistlər üçün xüsusilə əhəmiyyətlidir. Bəzən jurnalistlər hansısa iqtisadi məsələlərlə bağlı məlumatsızlıqdan yanlışlığa yol verə bilərlər. Bu təlimlər həmin yanlışlıqların aradan qaldırılmasına böyük töhfə verir”.
ATV-nin əməkdaşı Vəfa Şəhlayi:
“Təlimin formatı mənim üçün çox əhəmiyyətlidir. Bəzi qurumlar belə fikirlər səsləndirirdilər ki, onların verdikləri məlumatları jurnalistlər düzgün anlamırlar və ya yanlış şərh edirlər. İndi isə elə bir mühit yaradılıb ki, buyurun, siz özünüz jurnalistlərin sizi doğru anlamasına kömək edin”.
“Oxu.az”ın müxbiri İlhamə Əbülfət:
“Bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin zəruri olduğunu düşünürəm. Bu, sahə üzrə ixtisaslaşmış jurnalistlər üçün yaradılmış çox böyük imkandır”.
“Azərbaycan” qəzetinin müxbiri Aydan Xəlilova:
“Ümumiyyətlə, mətbuata açıq tədbirlərin keçirilməsi bu sahədə çalışan jurnalistlərin ixtisaslaşması üçün böyük əhəmiyyət daşıyır. İstərdik ki, iqtisadi məsələlərlə bağlı aidiyyəti qurumlara göndərdiyimiz sorğular, verdiyimiz suallar həmişə düzgün və aydın olsun. Bu cür təlimlər sayəsində müəyyən bir istiqamət üzrə biliklərimiz artır və verəcəyimiz suallar haqqında öncədən geniş informasiyaya sahib oluruq”.
Söhbətləşdi:
Elxan İSAYEV