Balaxanı Sənaye Parkının rezidentləri 44,8 milyon manat investisiya yatırıb
Balaxanı Sənaye Parkının (BSP) fəaliyyəti dövründə rezidentlər tərəfindən əraziyə 44,8 milyon manat investisiya qoyulub və 800-dən çox yeni iş yeri açılıb.
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) məlumatına görə, fəaliyyətə başladığı vaxtdan indiyə qədər BSP-də 99,5 milyon manatlıq məhsul istehsal olunub və 12,2 milyon manat dəyərində məhsul Rusiya, Belarus, Ukrayna, ABŞ və bir neçə Avropa ölkəsi daxil olmaqla müxtəlif ölkələrə ixrac edilib.
İlkin mərhələdə BSP-də işlənmiş mühərrik, hidravlik və qida yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, süngər tullantılarının təkrar emalı sahələri üzrə cəmi 8 rezident fəaliyyət göstərirdi. Sonrakı dövrlərdə sənaye parkına artan ciddi maraq nəticəsində 24 rezident qeydiyyatdan keçib. Hazırda 17 rezident 27 fəaliyyət sahəsi üzrə tullantıları təkrar emal edərək müxtəlif məhsullar istehsal edir.
Sənaye parkında fəaliyyət göstərən müəssisələrin xammalı, əsasən, tullantılardır. Tullantıların təkrar emalı sahəsi üzrə yaradılan BSP rezidentlərə güzəştlərdən istifadə imkanı yaradır. Hazırda burada fəaliyyət göstərən müəssisələr 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən, 7 il müddətinə sənaye parkında istehsal sahəsinin qurulması və istehsal məqsədilə idxal edilən texnikaların, texnoloji avadanlıqların ƏDV-sindən və gömrük rüsumlarından azaddır. Bu isə “yaşıl iqtisadiyyat”ın inkişafına, Bakı şəhərində və onun ətraf qəsəbələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir.
Qeyd edək ki, BSP Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə yaradılıb, 2012-ci il 19 dekabr tarixində isə ölkə başçısı tərəfindən onun təməli qoyulub. Ümumi ərazisi 10,15 ha olan BSP-nin idarə olunması “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilir.