14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Kənddən şəhərə": fəaliyyət meydanı genişləndirilir

2016-cı ildə qəbul edilmiş "Kənd təsərrüfatı kooperasiyası haqqında" Qanun ölkədə kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və inkişafının, kooperativlərin təşkilinin və fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edən müvafiq mexanizmin işə düşməsinə şərait yaratdı. Qanunun məqsədi ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri müəssisələr yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli məhsullar istehsal etmək və məhsuldarlığı artırmaqdır. Müsahibimiz Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədovadır.

- Leyla xanım, Dövlət Aqrar Ticarət Şirkətinin əsas fəaliyyəti nədən ibarətdir?

- Şirkətimizin yaranması Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması, idxalı əvəz etmək potensialı olan kənd təsərrüfatı və emal sənayesi məhsulları istehsalının təşviqi, kənd təsərrüfatı və emal sənayesi məhsulları üzrə ixracın təşviqi və dəstəklənməsi, kənd yerlərində məşğulluğun artırılması, əhalinin maarifləndirilməsi və rifahının yüksəldilməsi, kənd turizminin və ekoturizmin inkişaf etdirilməsi kimi prioritet məsələlərin həllinə dair zərurətdən irəli gəlib. Əsas məqsədimiz sosial məsuliyyət anlayışını mənimsəmiş bir qurum kimi, ölkədə kənd təsərrüfatı məhsullarının bazar infrastukturunu inkişaf etdirmək, kiçik və orta fermer təsərrüfatı sahiblərinin bazarlara çıxışını asanlaşdırmaqdır.

Bundan başqa, şirkət kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların satışını təşkil etmək üçün müvafiq işlər görür. Biz bu istiqamətdə daxili və xarici bazarda sifarişçilərlə - böyük istehsal müəssisələri, market şəbəkələri, bazarlar, restoran və digər ictimai iaşə obyektləri ilə əməkdaşlıq edirik.

- Fəaliyyətinizi hansı prinsiplər üzərində qurursunuz?

- Dövlət Aqrar Ticarət Şirkətinin fəaliyyətinin əsas prinsipləri dürüstlük və şəffaflıq, sosial məsuliyyət, çeviklik, yüksək keyfiyyət və etibarlı əməkdaşlıq üzərində qurulmuşdur. Biz fermerlərlə işimizdə bu dəyərlərə üstünlük veririk. Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlardan şirkətimizə şifahi və ya yazılı müraciət daxil olur, onlar yetişdirdikləri məhsul barədə ətraflı məlumat verir və əməkdaşlarımız həmin müraciəti qeydiyyata alır. Bunun əsasında məhsula baxış keçirilərək keyfiyyəti müvafiq qayda və standartlara uyğun yoxlanılır. Sonda ən qısa zamanda məhsula müvafiq alıcı tapılır və satış həyata keçirilir.

Kiçik təsərrüfat sahiblərinin aqrar məhsullar istehsalında zəif mövqeləri, ümumiyyətlə, istehsal səviyyələrinin çox aşağı olması onların həm müvafiq resurslara olan tələbatlarının ödənilməməsi, həm də bazara çıxışla və bu sahədə mövcud olan problemlərlə əlaqədardır. Biz könüllü sürətdə birləşmək yolu ilə bütün problemlərin öhdəsindən gəlməyə, daha düzgün həll yollarını tapmağa çalışırıq. Yaradılmasını nəzərdə tutduğumuz fermer mağazaları, "yaşıl marketlər", kooperativ bazarlar, topdansatış mərkəzləri buna geniş yol açacaq.

Mərkəzləşdirilmiş təsərrüfatlar yaradılarsa, aqrar sahədə istehsalın həcmini kəskin şəkildə artıra bilərik.

Bu, kənd təsərrüfatında, xüsusən də kiçik və orta sahibkarlığın inkişafında ciddi əhəmiyyət kəsb edəcək

- Bazar iqtisadiyyatı şəraitində kəndli-fermer təsərrüfatları respublikada əhalinin ərzaq məhsullarına tələbatının yaxın gələcəkdə ödənilməsinin ən güclü ehtiyat mənbəyidir. Sifarişçilərlə əlaqə qurmaq çətin deyil ki?

- Kooperativ təsərrüfatlar heç də kolxoz, sovxoz anlamına gəlmir. Məsələn, ABŞ-da məşğul əhalinin 3 faizi aqrar sahədə çalışsa da, bu ölkə dünyada nəhəng kənd təsərrüfatı məhsulları ixracatçısı kimi tanınır. Bizdə isə məşğul əhalinin 40 faizi aqrar sahədə çalışır. Mərkəzləşdirilmiş təsərrüfatlar yaradılarsa, aqrar sahədə istehsalın həcmini kəskin şəkildə artıra bilərik. Bu, kənd təsərrüfatında, xüsusən də kiçik və orta sahibkarlığın inkişafında ciddi əhəmiyyət kəsb edəcək.

Sifarişçilərlə əlaqə qurmaqda heç bir çətinliyimiz yoxdur. Fəaliyyətə başladığımız qısa müddət ərzində artıq bir neçə ixrac əməliyyatı həyata keçirmişik və daxili bazarda iri supermarketlər şəbəkələrindən biri ilə daimi əməkdaşlıq qurmuşuq. Bu sahədə işlərimizi bütün sürəti ilə davam etdiririk.

- Layihələrinizdən biri də "Kənddən şəhərə" adlanır. Bu layihə özünü doğrulda bildimi?

- "Kənddən şəhərə" şirkətimizin həyata keçirdiyi çox önəmli layihədir. Bu layihənin bir neçə istiqamətdə həyata keçirilməsini nəzərdə tutmuşuq. "Kənddən şəhərə" mağazaları açılır. Bu yaxınlarda şəhərin mərkəzində - Nizami küçəsində açılacaq mağaza vətəndaşlarımızın istifadəsinə veriləcək. Bundan başqa, mütəmadi olaraq "Kənddən şəhərə" yarmarkalarının keçirilməsini planlaşdırırıq. İlk belə yarmarka Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində təşkil olunacaq. Yarmarkada vətəndaşlarımız birbaşa fermerlərin özlərindən təbii və keyfiyyətli kənd təsərrüfatı məhsulları əldə edə biləcəklər. Layihənin digər istiqaməti çərçivəsində kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların vahid "Kənddən şəhərə" markası altında qablaşdırılmasını həyata keçirməkdir. Qablaşdırılmış məhsulların yerli market şəbəkələrində satışı, eyni zamanda ixrac etdirilməsi də nəzərdə tutulub. İnanırıq ki, sosial yönümlü bu layihənin həyata keçirilməsi fermerlərimizin məhsullarının satışında yeni bir mərhələ olacaq.

- Başqa hansı yenilikləriniz, planlarınız var?

- Çalışırıq ki, fəaliyyətimizi prioritetlər və innovasiyalar üzərində quraq. Bu səbəbdən, aqrar ticarət sahəsində bir sıra yeniliklər etməyi planlaşdırırıq. Bunlardan biri "Fermer kartı"dır. Bu yaxınlarda təqdim olunmuş "Fermer kartı" aqrar ticarətdə nağdsız ödənişləri stimullaşdıracaq, fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdıracaq və onların maliyyə savadlılığını artıracaqdır.
Bundan əlavə, "Kənddən şəhərə" yarmarkasının təşkilini innovativ qaydalarla həyata keçirəcəyik. Fermerlər şirkətin rəsmi internet səhifəsində yerləşdirilmiş müraciət formasını doldurmaqla yarmarkada iştiraklarını bildirə bilərlər. Bu zaman bölgələrdə fəaliyyət göstərən daimi işçilər, həmçinin şirkətin çağrı mərkəzinin əməkdaşları fermerlərin onlayn qeydiyyatdan keçməsi üçün zəruri olan hər cür kömək göstərəcəkdir. Yarmarka zamanı fermerlər öz məhsullarını şəhərin mərkəzində yerləşən qapalı və isti yerdə heç bir ödəniş etmədən sata biləcəklər.

Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?