10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“AzerGold” ilə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası arasında anlaşma memorandumu imzalanıb

Sentyabrın 2-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində İslam İnkişaf Bankı (İİB) Direktorlar Şurasının 46-cı illik toplantısı çərçivəsində İslam İnkişaf Bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə “AzerGold” QSC arasında anlaşma memorandumu imzalanıb.

QSC-dən bildirilib ki, memorandumu ICD-nin Baş icraçı direktoru Ayman Amin Sejini və “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev imzalayıblar.

Anlaşma memorandumunun imzalanmasında əsas məqsəd qarşılıqlı əməkdaşlığın qurulması, səhmləri 100 faiz dövlətə məxsus olan “AzerGold” QSC-nin layihələrin maliyyələşdirilməsi istiqamətində böyüməkdə olan tələbatını qarşılamaq üçün sukuk (istiqrazların islami ekvivalenti) buraxılması imkanlarını araşdırmaqdan ibarətdir. Bununla yanaşı, sözügedən sənəd çərçivəsində tərəflər Azərbaycanda infrastruktur layihələrinin icrası ilə bağlı mövcud əməkdaşlıq imkanlarını, həmçinin “AzerGold” QSC-nin fəaliyyəti ilə bağlı digər potensial əməkdaşlıq sahələrini müəyyən edəcəklər.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının üzv ölkələrin inkişafına dəstək verməklə bağlı hədəfinə sadiq olduğunu və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini qeyd edən Ayman Amin Sejini “AzerGold” QSC ilə imzalanan memorandumun beynəlxalq təşkilatın Azərbaycan şirkətlərinin müxtəlif təyinatlı maliyyə mənbələrinə çıxış əldə edə bilməsinə dəstək göstərməklə bağlı yüksək səviyyəli planının bir nümunəsi olduğuna diqqət çəkib.

Xəyyam Fərzəliyev imzalanan sənədin potensial əməkdaşlığın təmin edilməsi üçün vacib addım olduğunu bildirib. Səhmdar Cəmiyyətin dağ-mədən layihələrinin icrası üçün ölkə daxilində fərqli maliyyə vəsaitlərinin cəlb edilməsi sahəsində uğurlu təcrübəsinin olduğunu, eyni zamanda, “AzerGold”un bu sahədə beynəlxalq əməkdaşlığa önəm verdiyini vurğulayıb. Sədr müavini aparılacaq müzakirələrin digər potensial fəaliyyət sahələrinin müəyyən edilməsi üçün faydalı olacağına əminliyini ifadə edib.

Məlumat üçün bildirək ki, çoxtərəfli maliyyə institutu olan İslam Korporasiyası İslam İnkişaf Bankı Qrupunun üzvüdür. ICD 1999-cu ilin noyabr ayında üzv ölkələrin özəl sektor layihələrinə maliyyə vəsaiti təmin etmək, rəqabət və sahibkarlığı inkişaf etdirmək, hökumətlərə və özəl şirkətlərə məsləhət xidmətləri göstərməklə beynəlxalq investisiyaları stimullaşdırmaq və onların iqtisadi inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Xatırladaq ki, ölkəmiz 1992-ci ildə İslam İnkişaf Bankına, 2002-ci ildə isə İslam Korporasiyasına üzv qəbul edilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?