7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğ

Bəzən bağlanmış müqaviləyə əsasən görülən işlər və göstərilən xidmətlər uzunmüddətli olur. Bu zaman xidmət göstərən və işləri yerinə yetirən şəxs vergitutma məqsədləri üçün öz hesabatlarında hansı məbləği gəliri kimi, hansını isə xərc kimi tanımalıdır? Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir:

Vergi Məcəlləsinin 138-ci maddəsi uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğlərin uçota alınmasını tənzimləyir. Öncə qeyd edək ki, bu maddədə diqqət yetirilməli olan bir sıra mühüm məqamlar vardır. Nəzərə alınmalıdır ki, bu maddə yalnız istehsal, quraşdırma, tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin yerinə yetirilməsi ilə bağlı müqavilələrə şamil edilir. Yəni hər hansı bir mühasibat, audit və ya istehsal, quraşdırma, tikinti ilə bağlı olamayan bu kimi digər analoji xidmətlərlə bağlı uzunmüddətli müqavilələrə bu maddənin normalarını tətbiq etmək düzgün deyil. Bu maddənin tətbiq olunması üçün ikinci tələb müqavilə üzrə xidmətlərin və işlərin yetirilməsinin vergi ili ərzində başa çatdırılmamasıdır. Yəni bu müqavilə üzrə göstərilən xidmətlər və yerinə yetirilən işlər ən azı iki vergi ilini əhatə etməlidir ki, vergi ödəyicisi gəlirlərini və xərclərini vergi illəri üzrə düzgün bölüşdürüb müvafiq vergi illəri üzrə tanıya bilsin.

Maddənin tətbiq edilməsi üçün üçüncü tələb isə müqavilənin müddətinin ən azı 6 ay olmasıdır. Vergi Məcəlləsinin 138-ci maddəsini tətbiq etmək üçün öncə yuxarıda qeyd edilən üç şərt mütləq nəzərə alınmalıdır. Müqavilə istehsal, quraşdırma, tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin yetirilməsi ilə bağlı olmalıdır, müqavilə üzrə öhdəliklər ən azı iki vergi ilini əhatə etməlidir və müqavilənin müddəti ən azı altı ay olmalıdır. Bu üç şərtdən biri olmadıqda vergi ödəyicisi bu müqavilə üzrə öz gəlirlərinin və xərclərinin tanınması meyarlarını həmin maddənin tələblərinə əsasən müəyyən edə bilməz.

Misal:
Tutaq ki, müəssisə havalandırma, soyutma və isitmə sistemlərinin çəkilməsi ilə əlaqədar başqa bir sifarişçi şirkət ilə müqavilə bağlayır. Müqavilə üzrə iş 1 noyabr 2018-ci il tarixdən başlayır və icraçı işi 28 fevral 2019-cu il tarixdə təhvil verir. Göründüyü kimi, maddənin iki tələbi nəzərə alınsa da, altı aylıq müddətlə bağlı tələb yerinə yetirilməyib və bu səbəbdən də vergi ödəyicisi Vergi Məcəlləsinin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlirlərini və xərclərini tanıya və illər üzrə bölüşdürə bilməz. Belə olan halda, vergi ödəyicisi müqavilə üzrə 2018-ci ildə çəkdiyi xərcləri qanunvericiliyin tələblərinə əsasən "Gələcək dövrün xərcləri" kimi uçota alıb, ancaq işləri təhvil verdikdən sonra 2019-cu ildə gəlirlərini tanıdıqda öz xərclərinə daxil etməli və 2019-cu ilin hesabatlarında göstərməlidir.

Uzunmüddətli müqavilələr üzrə gəlirlərin və xərclərin tanınması ilə bağlı beynəlxalq maliyyə hesabatları, eləcə də "Gəlirlər üzrə" Milli Mühasibat Uçotu Standartında ən çox istifadə edilən iki metod vardır. Hazırkı tarixə göstərilmiş xidmətlərin göstəriləcək ümumi xidmətlərin həcminə faiz nisbəti metodu dünya praktikasında "İnput method" adı ilə tanınır. Hazırkı tarixədək çəkilmiş məsrəflərin əməliyyat üzrə qiymətləndirilmiş ümumi məsrəflərə faiz nisbəti metodu isə "output method"dur. Vergitutma məqsədləri üçün ancaq ikinci metoddan istifadə edilir. Vergi Məcəlləsinin 138-ci maddəsinə əsasən, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi uzunmüddətli müqavilə üzrə gəlir və gəlirdən çıxılan məbləğləri vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun uçota almalıdır. "Müqavilənin yerinə yetirilməsinin faktiki həcmi" dedikdə, vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulmuş ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi yolu ilə müəyyənləşdirilir.

Misal:
Müəssisə havalandırma, soyutma və isitmə sistemlərinin çəkilməsi ilə əlaqədar başqa bir sifarişçi şirkət ilə müqavilə bağlayır. Müqaviləyə əsasən sifarişçi bu işlərin görülməsinə görə icraçıya 150.000 manat vəsait ödəməli, işlər 01 iyun 2018-ci il tarixində başlamalı və 31 mart 2019-cu il tarixində təhvil verilməlidir. Görüləcək işlərin ümumi smeta dəyəri 90.000 manatdır. Görülən işlərə görə icraçı 2018-ci ildə faktiki olaraq 60.000 manat xərc çəkib. Göründüyü kimi, icraçı artıq görülməli işlərin 2/3 hissəsini başa çatdırıb (60.000 : 90.000). Deməli, vergi ödəyicisi 2018-ci il üçün 100.000 manat gəlir (150,000 * 2/3) və 40.000 manat mənfəət (100.000 - 60.000) əldə edib.

Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 138-ci maddəsinin müddəaları bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin ödəyicilərinə şamil edilmir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?