15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Endrü Auerbax: “İƏİT Azərbaycanı uğurlu vergi siyasətinin həyata keçirilməsində dəstəkləyir” MÜSAHİBƏ

Ötən həftə iqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin nümayəndələri Endrü Auerbax, Tomas Balko və Sara Şirmur ilə görüşüb.

Görüşdə İƏİT ilə ölkəmiz arasında uğurlu əməkdaşlıq qeyd olunub, Azərbaycanın İƏİT çərçivəsində bügunədək qoşulduğu vergi məsələlərini tənzimləyən Çoxtərəfli Konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi səviyyəsinin yüksək qiymətləndirildiyi bir daha vurğulanıb. Eyni zamanda, Azərbaycanın “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) layihəsinin İnklüziv Çərçivəsinə üzv qismində qoşulmasının önəmi və bu platformada əldə edəcəyi faydalar, eləcə də perspektiv fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb. Azərbaycan Respublikasının vergi qanunvericiliyi və inzibatçılığının BEPS-in 15 fəaliyyət və Pillar 1 və Pillar 2 (GloBE rules) layihələrindən irəli gələn beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək, iqtisadiyyatın rəqəmsallaşmasından irəli gələn vergi məsələlərini həll etmək üçün İƏİT tərəfindən mümkün texniki yardımlar barədə dəyərləndirmələr aparılıb.

Görüş nəticəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya” (MLI) imzalanıb. Bununla da, Azərbaycan 100-dən çox ölkənin qoşulduğu Konvensiyaya tərəfdar çıxmaqla, qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesinə töhfə vermək niyyətini nümayiş etdirib.

Mövzu ilə bağlı “vergiler.az”ın suallarını İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Siyasəti və İnzibati Mərkəzinin baş vergi məsləhətçisi Endrü Auerbax cavablandırır.

- Azərbaycan Respublikasının iqtisadiyyat naziri ilə görüşdə əməkdaşlıq perspektivlərinə toxundunuz. Bu görüşün nəticələrini necə xarakterizə edərdiniz?

- İqtisadiyyat naziri Mikayıl Cabbarovla beynəlxalq vergitutma, İnklüziv Çərçivə və ümumilikdə İƏİT-lə əməkdaşlıq məsələləri ilə bağlı çox məhsuldar görüşümüz oldu. Biz çox şadıq ki, Azərbaycan BEPS layihəsinə (İnklüziv Çərçivə) qoşuldu və beynəlxalq vergi standartlarını tətbiq etmək üçün “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya” (MLI) imzaladı. Biz hədəf olaraq irəliləməyə və uğurlu vergi siyasətinin həyata keçirilməsində Azərbaycana dəstək olmağa yönəlmişik.

- Qeyd etdiyiniz kimi, görüş zamanı “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya” imzalanıb. Bu sənədin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bu, Azərbaycan üçün irəliyə doğru böyük addımdır. Konvensiya beynəlxalq vergitutma üzrə çoxtərəfli əməkdaşlığın əsas məhsullarından biridir. Bu, Azərbaycanın beynəlxalq vergi qanunlarına riayət olunmasına güclü sadiqliyini nümayiş etdirir.

MLI-nin əsas üstünlüyü Azərbaycanın müqavilə şəbəkəsini yeniləmək və qorumaq qabiliyyətidir. Azərbaycanda 50-dən çox vergi müqaviləsi qüvvədədir. Biz bu sənədin imzalanmasından çox məmnunuq və sənədin tezliklə ratifikasiyasına ümid edirik. Bu ratifikasiya Azərbaycanla digər ölkələr arasında qüvvədə olan müqavilələrdən potensial sui-istifadə hallarını xeyli azaldacaq.

- Ölkə hesabatına gəlincə, biz ekspert qiymətləndirməsindən keçmişik. Ölkələr üçün ekspert qiymətləndirməsinin faydaları nələrdir?

- İnklüziv Çərçivənin əsas üstünlüyü ona daxil olan bütün ölkələr üçün bərabər şəraitin yaradılmasıdır. Ümumilikdə 145 üzv var və bu, təcrübə mübadiləsi üçün böyük potensial deməkdir.

Hər şeyin beynəlxalq standartlara uyğun sınaqdan keçirilməsi çox vacibdir. Azərbaycan ardıcıl təcrübələrin həyata keçirilməsi baxımından digər yurisdiksiyaların təcrübəsindən faydalanmaq və eyni zamanda, özünü etibarlı mübadilə tərəfdaşı kimi təsdiq etmək imkanına malikdir.

Tamilla MƏMMƏDOVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?