17 May 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dividendin ödənilməsi zamanı hansı vergi güzəşti tətbiq edilir?

Dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Bəs bu ödənişlərə hansı formada vergi güzəşti tətbiq olunur? “vergiler.az”ın sualına “Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Hüriyyə Abasova aydınlıq gətirir. 
 

Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, 01.01.2024-cü il tarixdən etibarən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5 faiz dərəcə ilə vergi tutulmalıdır. Dəyişiklikdən əvvəl isə bu vergi 10 faiz dərəcə ilə tutulurdu. Vergi Məcəlləsində edilmiş daha bir dəyişikliyə əsasən isə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının və dövlətin adından yaradılmış publik hüquqi şəxslərin dividend gəlirləri 5 faiz dərəcə ilə vergiyə cəlb olunacaq.

Xatırladaq ki, dəyişiklikdən əvvəl qeyd edilən vergi ödənişlərinə münasibətdə dividend gəlirlərinə görə vergi azadolması tətbiq edilirdi. Mərkəzi icra hakimiyyəti orqanlarının dividend gəlirlərinin vergiyə cəlb edilməsi ilə, təsisçilərin (payçıların) mülkiyyət növündən asılı olmayaraq, hər bir iştirakçı üçün bərabər iqtisadi şəraitin yaradılması məqsədilə sözügedən azadolma ləğv edilərək 5 faiz dərəcə ilə vergi tutulması istiqamətində Vergi Məcəlləsində dəyişiklik edilib.

Qeyd edək ki, 2019-cu ilin 1 yanvar tarixdən ƏDV ödəyicisi olmayan mikro sahibkarlıq subyekti olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri müddətsiz olaraq gəlir vergisindən azaddır. 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri də gəlir vergisindən azad edilib.

Misal 1: Hesabat ilinin yekununda “AA” MMC-nin hesabında 50.000 manat bölüşdürülməmiş mənfəət qalıb və müəssisə bu məbləği dividend şəklində səhmdarlar arasında bölüşdürmək qərarına gəlib.

1. Əgər sözügedən müəssisə mikro sahibkarlıq subyekti olan rezident müəssisə deyilsə, bölüşdürülməmiş mənfəətin ödənişi zamanı onun 5 faiz dərəcə ilə vergi öhdəliyi yaranır:

50.000 x 5% = 2500 manat.

2. Əgər müəssisə ƏDV ödəyicisi olmayan mikro sahibkarlıq subyektidirsə, bu zaman dividend ödənişi zamanı müəssisənin vergi öhdəliyi yaranmayacaq.

Lakin bu güzəşt ƏDV ödəyicisi olmayan mikro sahibkarlıq subyektlərinə 2019-cu ilin 1 yanvar tarixindən verildiyi üçün 01.01.2019 tarixdən əvvəl yaranmış xalis mənfəətin bölüşdürülməsi zamanı bu güzəşt tətbiq olunmayacaq.

Misal 2: ƏDV ödəyicisi olmayan mikro sahibkarlıq subyekti sayılan “BB” MMC 2017-ci ilin yekununda hesabında yaranmış 10.000 manat bölüşdürülməmiş mənfəəti ödəmək qərarına gəlir.

1) Əgər bu hal 2023-cü ildə baş versəydi, onun 10 faiz vergi öhdəliyi yaranacaqdı. Belə ki, 2023-cü ilin 31 dekabr tarixinədək dividend ödənişi zamanı vergi faizi 10 faiz təşkil edirdi.

2) Əgər bu hal 2024-cü ildə baş verirsə, onun 5 faiz vergi öhdəliyi yaranır.

Dividend gəlirləri üzrə verilmiş bu vergi güzəştləri vəsitəsilə respublikamızın regionda əlverişli investisiya mühitinə malik ölkəyə çevrilməsinə təkan vermək, kapital bazarlarında səhmlərə investisiyanı təşviq etmək, kapital bazarı iştirakçısı olmayan investorlar üçün sabit və aşağı dərəcəli vergi mühitinin formalaşmasına nail olmaq, sosial xarakterli vergi güzəştləri ilə əhalinin vergi yükünün azaldılması, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi kimi hədəflərə çatmaq məqsədi hədəflənir.

VergiHüquqi şəxsin ünvan dəyişikliyi VergiƏfqanıstan müharibəsi veteranının həyat yoldaşına vergi güzəşti tətbiq olunurmu? Vergiİpoteka ilə alınan daşınmaz əmlaka görə ƏDV-nin geri qaytarılması VergiRepetitorluq xidməti göstərən fiziki şəxs vergi uçotuna necə alınır? VergiXarici ölkədə ödənilmiş vergilər Azərbaycanda nəzərə alınırmı? VergiFiziki şəxsin vergi orqanında uçota alınması vaxtı VergiQeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər hansılardır? VergiHansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır? VergiXarici ölkədə gəlir əldə edən şəxs VÖEN almalıdırmı? VergiXaricdə əldə edilən gəlirlərin vergiyə cəlb olunması