Endrü Auerbax: “İƏİT Azərbaycanı uğurlu vergi siyasətinin həyata keçirilməsində dəstəkləyir” MÜSAHİBƏ

2023.11.29 15:54 (UTC+04:00)

- Azərbaycan Respublikasının iqtisadiyyat naziri ilə görüşdə əməkdaşlıq perspektivlərinə toxundunuz. Bu görüşün nəticələrini necə xarakterizə edərdiniz?

- İqtisadiyyat naziri Mikayıl Cabbarovla beynəlxalq vergitutma, İnklüziv Çərçivə və ümumilikdə İƏİT-lə əməkdaşlıq məsələləri ilə bağlı çox məhsuldar görüşümüz oldu. Biz çox şadıq ki, Azərbaycan BEPS layihəsinə (İnklüziv Çərçivə) qoşuldu və beynəlxalq vergi standartlarını tətbiq etmək üçün “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya” (MLI) imzaladı. Biz hədəf olaraq irəliləməyə və uğurlu vergi siyasətinin həyata keçirilməsində Azərbaycana dəstək olmağa yönəlmişik.

- Qeyd etdiyiniz kimi, görüş zamanı “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya” imzalanıb. Bu sənədin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bu, Azərbaycan üçün irəliyə doğru böyük addımdır. Konvensiya beynəlxalq vergitutma üzrə çoxtərəfli əməkdaşlığın əsas məhsullarından biridir. Bu, Azərbaycanın beynəlxalq vergi qanunlarına riayət olunmasına güclü sadiqliyini nümayiş etdirir.

MLI-nin əsas üstünlüyü Azərbaycanın müqavilə şəbəkəsini yeniləmək və qorumaq qabiliyyətidir. Azərbaycanda 50-dən çox vergi müqaviləsi qüvvədədir. Biz bu sənədin imzalanmasından çox məmnunuq və sənədin tezliklə ratifikasiyasına ümid edirik. Bu ratifikasiya Azərbaycanla digər ölkələr arasında qüvvədə olan müqavilələrdən potensial sui-istifadə hallarını xeyli azaldacaq.

- Ölkə hesabatına gəlincə, biz ekspert qiymətləndirməsindən keçmişik. Ölkələr üçün ekspert qiymətləndirməsinin faydaları nələrdir?

- İnklüziv Çərçivənin əsas üstünlüyü ona daxil olan bütün ölkələr üçün bərabər şəraitin yaradılmasıdır. Ümumilikdə 145 üzv var və bu, təcrübə mübadiləsi üçün böyük potensial deməkdir.

Hər şeyin beynəlxalq standartlara uyğun sınaqdan keçirilməsi çox vacibdir. Azərbaycan ardıcıl təcrübələrin həyata keçirilməsi baxımından digər yurisdiksiyaların təcrübəsindən faydalanmaq və eyni zamanda, özünü etibarlı mübadilə tərəfdaşı kimi təsdiq etmək imkanına malikdir.

Tamilla MƏMMƏDOVA