9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nigar Vahabzadə: "Məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar 2 dəfəyədək artıb" MÜSAHİBƏ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə “APA-Economics”in əmək bazarında iş yerlərinin və əmək haqlarının “ağardılması” prosesi, təşviqlərin əmək bazarına təsirləri, vergi orqanlarının əmək və xidməti müqavilələrə olan tələbləri, bu sahədə görülən işlərlə bağlı suallarını cavablandırıb:

- Nigar xanım, minimum əməkhaqqı 300 manatdan 345 manata qaldırılsa da, hələ ki, işçilərin maaşını köhnə məbləğlə rəsmiləşdirənlərə rast gəlinir. Bu isə həm də vətəndaşların sosial sığorta yığımlarına təsir edir. Bunu siz də çıxışlarınızda vurğulamısınız. DVX məsələ ilə bağlı hansı addımlar atır?

- Əmək Məcəlləsinə görə minimum əməkhaqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Minimum əməkhaqqının işəgötürənlə işçilər arasında gəlirin ədalətli bölünməsi, yoxsulluğun azaldılması istiqamətlərində müsbət təsiri var.

Bildiyiniz kimi, ölkədə minimum əmək haqqının hər hansı məbləğdə dəyişdirilməsi minimum əməkhaqqı alanlarla yanaşı, dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin gəlirlərində də öz əksini tapır. Belə ki, həmin şəxslərin əməyinin ödənilməsi Vahid Tarif Cədvəli (VTC) əsasında aparılır. Belə şəxslərin əməyin ödənilməsi dərəcələrinə uyğun təyin edilən aylıq maaş miqdarının müəyyən olunması da minimum əməkhaqqının miqdarından asılıdır. Beləliklə, minimum əmək haqqının dəyişməsi təkcə əmək haqqının minimal səviyyəsini əks etdirmir, eyni zamanda VTC üzrə əmək haqqı alan bir çox şəxslərin əmək haqqına təsir edir. Məsələn, son 5 ildə minimum əməkhaqqı 2,7 dəfə artırılması və 345 manata çatdırılması ümumilikdə 700 min işləyən şəxsi əhatə edib.

Əmək Məcəlləsinə əsasən, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqısı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz. 345 manat minimum əməkhaqqı gündəlik 8 saat, həftəlik 40 saat və aylıq normasını işləyən işçilərə şamil olunur. Lakin natamam iş rejimində işləyən işçilər üçün isə minimum əməkhaqqı verilməyə də bilər.

Tutaq ki, işçi ilə müqavilə bağlayan zaman əsas iş yeri, tam iş norması ilə əməkhaqqı məbləği 400 manat qeyd olunmuş, lakin ay daxilində işçi bu normanın bir hissəsini yerinə yetirib və işəgötürən həmin ay üçün minimum əməkhaqqından aşağı 300 manat maaş hesablanıb.

Siz doğru vurğuladınız, hazırda “Əmək müqaviləsi bildirişi” sistemində hələ də 345 manatdan aşağı əməkhaqqı qeyd olunmuş bildirişlər mövcuddur. Bu zaman vergi ödəyicilərinə əmək haqlarının ən azı ölkə üzrə minimum əməkhaqqı səviyyəsinə qaldırılması barədə bildirişlər göndərilir. Lakin işəgötürən işçi ilə əmək müqaviləsi bağladığı zaman əmək müqaviləsi bildirişi sistemində natamam iş rejimini seçdiyi işçini tam iş rejimində çalışdırdığı aşkar olunarsa, bu zaman İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan, min beş yüz manatadək məbləğdə cərimə edilir.

Ümumilikdə gəlirinin aşağı göstərilməsi işəgötürənin vergi, sosial sığorta öhdəliklərindən yayınması ilə yanaşı işçinin sosial təminatına, o cümlədən pensiya kapitalının, işsizlik müavinətinin azalmasına, eyni zamanda işçinin bir çox hallarda kompensasiya almaq hüququ yaranan zaman məbləğin daha aşağı olacağı qaçılmazdır.

- Qeyri-leqal iş yerləri, əməkhaqlarının “ağardılması” ilə bağlı hansı addımlar atılır?

- Əmək bazarında əmək münasibətləri sahəsində işəgötürənlə işçi arasında bir sıra mühüm problemlərin mövcud olduğu heç kimə sirr deyil. Bu sahədə əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi, işçilərə uçotdan kənar əmək haqlarının verilməsi, əməkhaqqı məbləğlərinin müvafiq sektor üzrə orta aylıq əməkhaqqı göstəricilərindən aşağı olması əmək bazarında vergi təşviqlərinin müəyyən edilməsinə zəmin yaradıb.

Bu məqsədlə 2019-cu ildən tətbiq olunan vergi təşviqləri özəl sektorda əmək müqavilələrinin sayının artması, "kölgə iqtisadiyyatı"nın səviyyəsinin azaldılması, vergi, sosial öhdəliklərdən yayınmanın qarşısının alınması ilə nəticələnir. Belə ki, vergi qanunvericiliyinə 2019-cu ildən edilmiş dəyişikliklərə əsasən, qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan şəxslərin muzdlu işdən (8.000 manatadək olan hissəsi) əldə etdikləri gəlirləri 7 il müddətinə vergidən azad edilməsi, eləcə də işəgötürənlərin yükünün azaldılması məqsədilə işçinin gəlirinə nisbətdə işəgötürənin vəsaiti hesabına ödənilən sığorta haqqı 22 faizdən 15 faizə endirilməsi özəl sahədə işçi saylarının sürətlə artması ilə nəticələnib. Göstəricilərə nəzər yetirsək, 2023-cü ilin 1 iyun tarixinə aktiv əmək müqavilələrinin sayı 1 mln. 767 mindən çoxdur. 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 365 mindən çox artıb. Ümumi artımın 87% məhz qeyri-neft və qeyri-dövlət sektorun payına düşür. ”Ağarma” nəticəsində muzdlu işçi sayında artımla paralel ölkədə əməkhaqqı fondunda da artım müşahidə olunur. Əməkhaqqı fondunun artımı həm də sosial sığorta göstəricilərinin də yüksək olmasına səbəb olur.

Qeyd edim ki, 2022-ci ildə məcburi dövlət sosial sığorta haqlarından daxilolmalar 2018-ci illə müqayisədə 2 dəfəyə yaxın artıb. Eyni zamanda, ötən il qeyri- büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqlarına dair proqnoz 109,2% səviyyəsində, cari ilin ötən 5 ayında isə məcburi dövlət sosial sığorta haqları üzrə müəyyən edilmiş proqnozdan 121 mln. manatdan çox vəsait toplanıb.

Bununla belə, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, əmək bazarında hələ də işçiləri qeyri-leqal işlədən işəgötürənlər mövcuddur. Vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı vergi ödəyicisi tərəfindən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Cari ilin 5 ayı ərzində vergi orqanları tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində əmək müqaviləsiz işə cəlb olunmuş 1000-dən çox şəxs aşkar edilib. Əgər yoxlama zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni on nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə uyğun olaraq, 7 min manatdan 10 min manatadək məbləğdə cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur. Onu da qeyd edim ki, vergi ödəyicisi bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozarsa, amma işçiləri ilə əmək müqaviləsi bağlayarsa, eyni zamanda yayındırılmış sosial sığorta haqlarını tamamilə ödəyərsə, cinayət məsuliyyətindən azad edilir.

- Nigar xanım, Əmək Məcəlləsində edilmiş dəyişikliklərdən sonra xidməti müqavilələrin bağlanması ilə bağlı yeni yanaşmalar tətbiq olundu, əmək münasibətlərinin mövcud olduğu şərtlərdə xidməti müqavilələrin əmək müqavilələri ilə əvəzlənməsi tələb edildi. Hazırda bu sahədə hansı işlər görülür?

- Əmək Məcəlləsində 2021-ci ildən edilmiş dəyişikliklərə görə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi Əmək Məcəlləsinin vəzifə və prinsiplərinə əlavə edildi. Edilmiş dəyişiklik bu günə qədər bir çox mübahisə doğuran məsələlərə aydınlıq gətirib. Dəyişikliklərə əsasən, şəxs təşkilatın əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunubsa, bu zaman tərəflər arasında mülki-hüquqi müqavilənin bağlanılmasına yol verilə bilməz.

Praktikada rastlaşdığımız kimi bir çox şirkətlər mühasib, maliyyə işlərini icra etmək üçün şəxslərlə əmək müqaviləsi əvəzinə mülki müqavilə bağlayırlar. Bu hal doğru deyil, çünki normalda şirkətlərin ən azı əməkhaqlarının hesablanması, dövlət orqanlarına bir sıra hesabatların təqdim edilməsi, dövlət büdcəsinə öhdəliklərin ödənilməsi işlərinin görülməsi üçün daimi vəzifənin olması vacibdir. Belə bir hal olarsa, işəgötürən həmin şəxslə əmək müqaviləsi imzalamalıdır. Maliyyə və mühasibatlıq xidmətlərinin birdəfəlik xarakterli olduğu zaman xidməti müqavilə əsasında müəyyən xidmətlər almaq olar.

Digər bir dəyişikliyə görə, işəgötürənin işlərin yerinə yetirilməsi ilə bağlı ödənilən haqqın tərkibi aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olarsa və ya vakant vəzifənin əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirildikdə əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Eyni zamanda tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə münasibətlər əmək münasibətləri hesab olunur.

Daha çox qarşılaşdığımız hallardan biri də işəgötürənin xidməti müqavilə bağlamaqla qarşı tərəf vergi və sosial öhdəliklərini, hesabatların təqdim olunmasını şəxs öz üzərinə götürmüş olur ki, bu da onların hüquqlarının pozulması ilə nəticələnir. Belə olan halda xidməti müqavilə ilə xidmət göstərən şəxslər iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, işdənçıxma müavinətinin və digər hallarda sosial müavinətin əldə olunmasından məhrum olurlar.

Məsələn, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən özəl şirkət aqronom işini icra etmək üçün vergi ödəyicisi olmayan fiziki şəxs ilə mülki hüquqi xarakterli müqavilə bağlayıb. Müqaviləyə əsasən fiziki şəxsin gəliri 1000 manat müəyyən edilib. Bu halda fiziki şəxsin gəlirindən tutulmaqla aşağıdakı qaydada sosial sığorta haqları üzrə ödənişlər edilməlidir.

Məcburi dövlət sosial sığorta haqqı – 1000*25%=250 manat

İcbari Tibbi Sığorta haqqı – 1000*2%=20 manat

Cəmi xərc – 270 manat

Lakin VÖEN-i olan şəxs mülki hüquqi xarakterli müqavilə ilə xidmət göstərərsə, aşağıdakı qaydada ödəniş etməlidir.

Məcburi dövlət sosial sığorta haqqı– 345 *25%= 86,25 manat

İcbari Tibbi Sığorta haqqı – 345*4%=13,8 manat

Cəmi xərc 100,05 manat

Nəticədə vergi ödəyiciləri işçilərini vergi orqanlarında fərdi sahibkar kimi uçota aldıraraq minimum aylıq əməkhaqqının digər sahələrdə 25 faizi miqdarında olan məcburi dövlət sosial sığorta haqqını ödəməklə sosial sığorta haqqından yayınırlar.

Ötən il vergi orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində mülki müqavilə əsasında fəaliyyət göstərən 500-dən çox fiziki şəxs ilə əmək müqaviləsinin bağlanılması təmin edilib.

Keçirilən nəzarəti tədbirləri zamanı vergi ödəyiciləri tərəfindən işçilər ilə əmək müqaviləsi bağlanılmalı olduğu halda mülki-hüquqi xarakterli müqavilələrin bağlanılmasına üstünlük verildiyi müəyyən edilir. Belə olan halda mülki-hüquqi müqavilə əsasında iş və xidmətlər göstərən fiziki şəxslərə nəzarət mexanizminin qurulması, mülki-hüquqi müqavilələrin uçotunun aparılması sahəsində işlərin görülməsinə zərurət yaranır.

- Bildiyimizə görə, işğaldan azad edilmiş ərazilərdə işləyən şirkətlər sosial güzəştlərə malikdir. Bu güzəştlər nədən ibarətdir və nə vaxtdan tətbiq ediləcək?

- Məlum olduğu kimi, “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 10 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiq edilməsi qərara alınıb.

Bununla bağlı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanuna edilmiş dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedənlərin biznes fəaliyyətinin stimullaşdırılması məqsədilə 01.01.2023-cü il tarixindən 10 il müddətində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdə tutulur.

Lakin dövlət və neft-qaz sahəsində həmçinin, qeyri-dövlət sektorunda maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılarına subsidiyalaşdırılma şamil edilməyəcək.

Sığortaedənin vəsaiti hesabına işçilər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilk 3 ildə 100 faizi, növbəti 3 il 80%, 2029-2031-ci illərdə 60%, son 2 il isə 40% miqdarında subsidiyalaşdırılacaq. Gəlin bir nümunə üzərində baxaq:

Zəngilan rayonunda ticarət fəaliyyət ilə məşğul olan sığortaedənin 2 nəfər işçisi var və hər birinin əməkhaqqı məbləği 600 manatdır. Bu halda ödənilmiş məcburi dövlət sosial sığorta haqları 10 il müddətində aşağıdakı formada subsidiyalaşdırılacaqdır.

İşçilərə görə sığortaedənin vəsaiti hesabına rüblük (3 ay) hesablanmış məcburi dövlət sosial sığorta haqqı 624 manat təşkil edir.

01.01.2023-cü il tarixdən – 01.01.2026-cı ilədək rüblük subsidiya məbləği 624 manat (624 manat* 100%) təşkil edir.

01.01.2026-cı il tarixdən – 01.01.2029-cu ilədək rüblük subsidiya məbləği 499,2 manat (624 manat * 80%) təşkil edir.

01.01.2029-cu il tarixdən – 01.01.2031-ci ilədək rüblük subsidiya məbləği 374,4 manat (624 manat * 60%) təşkil edir.

01.01.2031-ci il tarixdən – 01.01.2033-cü ilədək rüblük subsidiya məbləği 249,6 manat (624 manat * 40%) təşkil edir.

Subsidiyalaşdırmadan fiziki şəxslər, o cümlədən sabit qəbz və fərqlənmə nişanı alan vergi ödəyiciləri də yararlanacaqlar. Həmin şəxslərə 10 il müddətində özlərinə görə ödədikləri məcburi dövlət sosial sığorta haqlarının 100 faizi miqdarında vəsait subsidiyalaşdırılması nəzərdə tutulur.

Hazırda subsidiyaların geri qaytarılması prosesini özündə əks etdirən Nazirlər Kabinetinin müvafiq qərar layihəsi qaydalar hazırlanır. Subsidiya hesabatın təqdim edilmə dövrü bitdiyi tarixdən, habelə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” əldə etməklə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) fəaliyyət göstərən fiziki şəxslər üzrə rüb başa çatdıqdan sonra 30 gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Subsidiyanın qaytarılması üçün sahibkarlar ərizə ilə müraciət edə biləcəklər. Subsidiyanın verilməsi üçün sığortaedənlər aylıq sosial sığorta haqlarını ödəyib, hesabatları təqdim etdikdən sonra vergi orqanlarına müraciət edəcəklər. Ərizədə qeyd olunan məlumatlar yoxlandıqdan sonra subsidiya məbləğinin sığortaedənin müraciətində göstərilən bank hesablarına köçürülməsi nəzərdə tutulur.

- Sözügedən güzəştlər Qarabağda fəaliyyət göstərən xarici şirkətlərə də şamil edilir?

Hazırlanan qaydaların layihəsinə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sığortaedənlər dedikdə, bilavasitə həmin ərazilərdə fəaliyyətini həyata keçirən və işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər nəzərdə tutulur.

Eyni zamanda, Vergi Məcəlləsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu Məcəllənin 13.2.39.3-cü maddəsində göstərilmiş filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və onlara VÖEN verilir.

Beləliklə, Qanun layihəsində nəzərdə tutulan şərtlərə cavab verildiyi təqdirdə qeyri-rezidentin yerli qanunvericiliyə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları subsidiyalaşdırıla bilər.

Bununla yanaşı, ölkədə rəqəmsal inkişafın təşviq olunması, xarici investisiyaların cəlbediciliyinin təmin edilməsi, yüksək ixtisaslı mütəxəssislərin və kadrların cəlb olunması məqsədilə bu sahədə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin dəstəklənməsi və stimullaşdırılması məqsədilə Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda bu il dəyişikliklər edilib.

“Sosial sığorta haqqında” Qanunda edilmiş dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin gəlirləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə məcburi dövlət sosial sığortasına cəlb olunmur. Yəni qeyd olunan sahədə fəaliyyət göstərən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı ödəməyəcəklər.

Eyni zamanda texnologiyalar parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqını öz seçimlərindən asılı olaraq ödəyəcəklər Bu seçim ya minimum aylıq əməkhaqqı məbləğinin 4 misli miqdarında olmalı və ya ənənəvi vergi öhdəliyi rejiminə uyğun olmalıdır.

Məsələn, texnologiyalar parkının rezidenti tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən sığortaolunanın aylıq əməkhaqqı məbləği 3000 manatdır. Təqvim ili üçün sığortaolunan tərəfindən minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından məcburi dövlət sosial sığorta haqqının ödənilməsilə bağlı sığortaedənə yazılı məlumat təqdim edildiyi təqdirdə təqvim ilinin sonunadək hər ay üzrə ödənilməli sosial sığorta haqları aşağıdakı qaydada hesablanmalıdır:

345*4=1380 manat

(1380-200)*15%+44=221 manat - sığortaedənin vəsaiti hesabına ödənilən məcburi dövlət sosial sığorta haqqı

(1380-200)*10%+6=124 manat - sığortaolunanın gəlirlərindən tutulan məcburi dövlət sosial sığorta haqqı

Cəmi məcburi dövlət sosial sığorta haqqı: 345 manat

- Həyatın yaşam sığortasında yığımlar dinamik olaraq artmaqda davam edir. Burada tətbiq edilən vergi və sosial sığorta güzəştlərinin rolu yüksəkdir. Sizcə, həyatın yaşam sığortası hazırki pensiya sisteminin rəqibinə və ya özəl pensiya fondlarına çevrilə bilərmi?

- Həyatın yığım sığortası vətəndaşlara uzunmüddətli planlarını həyata keçirtmək məqsədilə yığım etmək imkanı yaradır. Mövcud qanunvericilikdə həyat sığortasının bir neçə növü mövcuddur. Onlardan biri də həyatın yığım sığortasıdır. Ümumilikdə həyatın yığım sığortası əmək- haqqından əlavə gəlir əldə etməyə imkan verir. Yəni işləyən şəxs həyat sığorta şirkəti ilə bağladığı müqavilə əsasında qazancının müəyyən hissəsini şirkətə yönləndirir, həmin müddətdə yönləndirdiyi vəsaitin üzərinə investisiya faizləri də əlavə edilərək müqavilədə qeyd edilən müddət bitdiyi zaman vəsaiti əldə edir. Müqavilənin qüvvədə olduğu müddətdə şəxs vəfat edərsə, yığılan vəsait onun yaxınlarına qaytarılır.

Qeyd etdiyiniz kimi həyatın yığım sığortasında vergi və sosial sığorta güzəştlərinin rolu yüksəkdir. Həyatın yaşam sığortası üzrə tətbiq edilən vergi güzəştləri ölkə iqtisadiyyatında muzdlu işçilərin uzunmüddətə yığım etmələri və eyni zamanda maliyyə bazarlarının inkişafı üçün vacib rol oynayır. Artıq uzun müddətdir sığorta bazarında sektorun əsas drayverlərindən biri məhz həyatın yaşam sığortası sayılır. Belə ki, Vergi Məcəlləsinin 102.1.8 maddəsinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortaolunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğ fiziki şəxslər üçün gəlir vergisindən azaddır. Məcburi dövlət sosial sığorta haqqından azadolma isə “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsi ilə tənzimlənir. Sadə dildə desək, şəxs qazancının 50%-ni keçməmək şərti ilə minimum 3 illik müddətə həyatın yığım sığortasına qoşulduqda,həyat sığortasına ödədiyi məbləğdən gəlir vergisi və sosial sığorta haqları tutulmur.

- Özəl pensiya fondlarının fəaliyyəti ilə bağlı layihə hazırlanır. Azərbaycanda bu sistemin nə vaxt işlək olacağını gözləyə bilərik?

- Artıq həyatın yaşam sığortası maliyyə bazarlarında mövcud investorlarının marağında olan özəl pensiya fondlarına keçidi stimullaşdırır. Bir çox ölkələrdə olduğu kimi vətəndaş gələcək pensiya təminatını etibar edəcəyi fondu seçmək imkanı əldə edir. Hazırda ölkəmizdə bu sahədə Dövlət Sosial Müdafiə Fondu fəaliyyət göstərir. Hər dəfə pensiya məbləğinin artırılması dövlət büdcəsindən transfert olunan vəsaitin yükünü artırır. Özəl pensiya fondları vətəndaşların ödədiyi vəsaitləri investisiya edərək dövriyyələrini təşkil edib dividendlər əldə etmək imkanı yaradır. Əldə olunan dividendlər sığortaolunanların pensiya təminatının yüksək olmasına səbəb olur. Ölkədə pensiya fondlarının fəaliyyəti bazarda sağlam rəqabətliliklə yanaşı, dövlətin sosial yükünün bölüşdürülməsində iştirak edib büdcədən asılılığı minimuma salınmasında əhəmiyyətli rol oynayacaq.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?