1 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hədəf yaradıcı sahibkarın və rəqabətli bazarların formalaşdırılmasıdır MÜSAHİBƏ

Azərbaycanın inkişafla bağlı qoşulduğu beynəlxalq layihələrdən biri də BMT-nin 2016-2030-cu illər üçün qlobal Dayanıqlı İnkişaf Məqsədləri Təşəbbüsüdür. İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan “İqtisadi zona” verilişində bu təşəbbüsə qoşulmaqdan irəli gələn vəzifələrlə bağlı sualları cavablandırıb.

- Hüseyn müəllim, bu təşəbbüsə qoşulmaqla Azərbaycanın üzərinə hansı öhdəliklər düşür? Öhdəliklərin yerinə yetirilməsi Azərbaycana nələri vəd edir?

- Ölkəmizin iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunmuş bir sistemdir. Təbii ki, dünyada baş verən iqtisadi, sosial proseslər ölkəmizdə də bu proseslərə adekvat reaksiya verilməsini tələb edir. Azərbaycan bir sıra beynəlxalq təşkilatlar tərəfindən irəli sürülmüş təşəbbüslərə qoşulub. Məsələn, 2000-ci ildə BMT-nin inkişafla bağlı ilk təşəbbüsü olan Minilliyin İnkişaf Məqsədlərinə qoşulduq. 15 illik dövrü əhatə edən müddətdə çox uğurlu icra mexanizmi ortaya qoyuldu. Lakin dəyişən dünya, təbii ki, yeni təşəbbüslərin icrasını şərtləndirir. 2015-ci ildə BMT-nin irəli sürdüyü Dayanıqlı İnkişaf Məqsədləri Təşəbbüsünü 193 üzv ölkə qəbul etdi. Azərbaycan da bu təşəbbüsə qoşulan ölkələrdən biri oldu. 2016-cı ildə ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədləri Təşəbbüsünün icrasının əlaqələndirilməsi üçün üst səviyyədə dayanıqlı inkişafa dair Milli Əlaqələndirmə Şurasının formalaşdırılmasına nail olundu. Şura və aidiyyəti dövlət qurumlarının müzakirəsi nəticəsində Azərbaycan üçün aktual əhəmiyyət kəsb edən 88 hədəf prioritetləşdirildi. Azərbaycan bu hədəflər üzrə dayanıqlı inkişafla bağlı milli hesabatını artıq üç dəfə BMT-nin İqtisadi və Sosial Şurasına təqdim edib. Ölkəmiz regionda və dünyada öhdəliklə bağlı öz hesabatını Şuraya təqdim etmiş 10 ölkədən biridir. Bu öhdəliklərin yerinə yetirilməsi, təbii ki, ölkənin iqtisadiyyatına, sosial siyasətinə, eləcə də ətraf mühitlə bağlı aparılan siyasətə müsbət töhfəsini verib. Milli prioritetlər çərçivəsində müəyyənləşdirilmiş hədəf və məqsədlər Azərbaycanda mövcud olan dövlət proqramlarına və hazırlanan strateji layihələrə inteqrasiya edilib. Ötən 5 il ərzində 30-dan çox strateji sənəd, fəaliyyət planı, dövlət proqramı, dövlət qurumlarının qəbul etdiyi müxtəlif səpkili strateji sənədlər məhz Dayanıqlı İnkişaf Məqsədləri ilə müəyyən olunmuş məqsəd və hədəflərə uyğunlaşdırılıb.

Milli prioritetlər çərçivəsində müəyyənləşdirilmiş hədəf və məqsədlər Azərbaycanda
mövcud olan dövlət proqramlarına və hazırlanan strateji layihələrə inteqrasiya edilib.

- Görülən tədbirlər, hesabatların təqdim edilməsi, ölkəmizin dayanıqlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımlar BMT-nin qlobal reytinqlərində özünü necə göstərir?

- Əslində, dayanıqlı inkişafa nail olmaq məsələləri mütləq surətdə ölkədəki makroiqtisadi sabitliyin təmin olunması ilə birbaşa bağlıdır. Ötən dövrün, xüsusən də 2021-ci ilin statistik göstəricilərinə nəzərə salsaq, 2020-ci illə müqayisədə ÜDM-in real artım tempi təxminən 5,6%, adambaşına düşən ÜDM-in artım tempi isə təxminən 5,1% səviyyəsində olub. 2021-ci ildə neft-qaz sektorunda istehsal olunan əlavə dəyərdə 2020-ci illə müqayisədə 1,8%-lik artım əldə edlib. İnflyasiya göstəriciləri 6% ətrafında birrəqəmli həddə dəyişib. Strateji valyuta ehtiyatlarında da müsbət artım templəri qeydə alınıb. Hazırda 52 milyard dollardan artıq strateji valyuta ehtiyatlarımız var. Təbii ki, bu sabitliyin təmin olunmasında makroiqtisadi göstəricilər mühüm əhəmiyyət daşıyır ki, onların artım tempinin müsbət saxlanılması dayanıqlı inkişafın zəruri şərtləri hesab olunur. Ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinin icrası prosesi də mövcud makroiqtisadi sabitliyin və dayanıqlı inkişafın sağlam təməl üzərində qurulmasını şərtləndirən vacib amillərdəndir. BMT-nin ixtisaslaşmış qurumları tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri Təşəbbüsünün icrası ilə bağlı müxtəlif qiymətləndirmələr aparılıb. Ən nüfuzlu qiymətləndirmə Dayanıqlı İnkişaf İndeksi hesab olunur. 2021-ci ildə Azərbaycan bu indeksdə mümkün 100 xaldan 72,4 xalla 165 ölkə arasında 55-ci yerdə qərarlaşıb, regionda liderliyini qoruyub saxlayıb. BMT-nin İqtisadi və sosial Departamenti tərəfindən vaxtaşırı bu hesabatların əsasında müxtəlif qiymətləndirmələr hazırlanır. BMT-nin könüllü milli hesabatlarla bağlı sintezis hesabatında Azərbaycanın 2021-ci ildə təqdim etdiyi inkişafla bağlı hesabatında kifayət qədər müsbət məqamların olduğu göstərilib. Xüsusilə COVID pandemiyası dövründə Azərbaycanda həyata keçirilən fəaliyyət müsbət qiymətləndirilib. Məlumat üçün qeyd edim ki, Azərbaycanda pandemiya ilə mübarizə tədbirlərinə yönləndirilən vəsaitin təxmini həcmi 2,7 milyard dollar olub ki, bu da UDM-in təxminən 6%-ni təşkil edir. Bu vəsait iqtisadi canlandırmanın təmin olunması istiqamətində fəaliyyətlərin maliyyələşdirilməsinə, sosial rifahın qorunmasına, eləcə də səhiyyə xidmətlərinin əlçatanlığı istiqamətində həyata keçirilən tədbirlərə yönləndirilib.

Ən nüfuzlu qiymətləndirmə Dayanıqlı İnkişaf İndeksi hesab olunur.
2021-ci ildə Azərbaycan bu indeksdə mümkün 100 xaldan 72,4 xalla
165 ölkə arasında 55-ci yerdə qərarlaşıb, regionda liderliyini qoruyub saxlayıb.

- Milli prioritetlərə və beynəlxalq sənədlərə əsaslanaraq 2022-2026-cı illərdə ölkədə sosial-iqtisadi inkişaf strategiyasını əks etdirən yeni bir sənəd hazırlanıb. Bu sənəd növbəti beş ildə ölkəmiz üçün hansı hədəfləri müəyyən edir?

- 2021-ci ilin 2 fevral tarixində dövlət başçısının müfaviq fərmanı ilə 2030-cu ilə qədər dövrü əhatə edən “Azərbaycan 2030 - Milli İnkişaf Prioritetləri” qəbul olunub. Bu prioritetlərin hədəfi onillik dövr ərzində 5 əsas alt prioritetin həyata keçirilməsidir. Bunlardan ilki artan rəqabətli dayanıqlı iqtisadiyyatın formalaşdırılmasıdır. İkinci alt prioritet inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasıdır. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilmə 3-cü alt prioritetdir. Daha sonra təmiz ətraf mühit və “yaşıl artım ölkəsi”nin qurulması gəlir. Ən vacib prioritetlərdən biri də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsidir.

Onillik dövrü əhatə edən milli inkişaf prioritetlərinin icrası iki mərhələyə bölünür. Birinci mərhələ 2022-2026-cı illəri əhatə edən strateji sənədin hazırlanmasıdır. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı ilə 10 işçi qrupu formalaşdırılıb. Bu qrupların intensiv fəaliyyəti nəticəsində 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının layihəsi hazırlanaraq Prezident Adminstrasiyasına təqdim olunub və sənəd, yəqin ki, yaxın günlərdə təsdiq olunacaq.

Yeni strategiyanın əsas hədəflərindən biri beşillik dövr ərzində ölkədə bütün sahələrdə həyata keçirilən və nəzərdə tutulan islahatların ideologiyasının təmin olunmasına xidmət edəcək. Bu ideologiyanın nüvəsində duran əsas məqsəd yaradıcı sahibkarın, eləcə də məhsuldar investisiyaların və rəqabətli bazarların formalaşdırılması, ən vacibi də müsbət iqtisadi artım templərinin və ölkədə mövcud olan makroiqtisadi sabitliyin qorunub saxlanılmasıdır.

Strategiyanın əsas istiqamətlərindən biri də növbəti beşillik dövr ərzində tükənməkdə olan enerji mənbələrindən daha səmərəli istifadə etməyin və tükənməyən enerji mənbələrindən istifadənin stimullaşdırılması ilə “yaşıl inkişaf”ın təşviqinə yönəldiləcək.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ