İnnovativ startaplar yerli bazarı hərəkətləndirir II HİSSƏ
Yazının əvvəlki hissəsi ilə buradan tanış olmaq olar.
Sürətli, sərfəli və təhlükəsiz çatdırılma...
Müştərilər yeni tətbiq vasitəsilə göndərişlərini istədikləri vaxtda rahatlıqla sifariş verə və sənədlərin çatdırılmasını real rejimdə izləyə biləcəklər. “Azari” MMC-nin onlayn platforması kuryer və poçt xidmətlərini daha sürətli, effektiv və istifadəçilərin ürəyincə olacaq bir şəkildə təqdim edəcək. Startapın müəllifi Asif Ağayev müştəri məmnuniyyəti üçün daha şəffaf və əlverişli qiymət siyasəti tətbiq etdiklərini bildirir. Tətbiqin üstünlüklərindən danışan startapçı avtomatlaşdırma və süni intellekt texnologiyalarından istifadə etdiklərini, bunun da kuryer marşrutlarını optimallaşdıraraq işçi yükünü müəyyən qədər azaltdığını deyir. Müştərilərə platforma və təbiq üzərindən həm sürətli, həm də sərfəli çatdırılma variantları təklif edilir. Bundan savayı, hər bir müştərinin ehtiyacına uyğun fərqli paketlər var. Göndərişlərin hər birini real vaxtda izləmək imkanı təmin edilib. Kuryerlərin marşrutlarının optimallaşdırılması xidmətin sürətini xeyli artırır və bu da resurslardan daha səmərəli istifadə deməkdir. Tətbiqin interfeysinə gəlincə, sadə olması bütün yaş kateqoriyalarından olan insanların işini asanlaşdıracaq. Sifariş, ödəniş və izləmə funksiyası da çox asandır. Təhlükəsizlik tədbirləri və şəxsiyyət doğrulama sistemləri tətbiq olunur ki, bunun sayəsində göndərişin məxfi saxlanılması təmin edilir.
A.Ağayev düşünür ki, gəlir vergisindən azad olmaq startapa əlavə maliyyə vəsaiti təmin etmək deməkdir. Bu vəsaitlər biznesin böyüməsi üçün vacib olan yeni məhsul və xidmətlərin inkişafına, texnologiya infrastrukturunun təkmilləşdirilməsinə və marketinq fəaliyyətlərinə yönləndirilə bilər. Digər tərəfdən, vergi yükünün azalması müştəri tələblərini daha yaxşı qarşılamağa və bazarda daha rəqabətli oyunçuya çevrilməyə də imkan yaradır. Platforma ilkin mərhələdə Bakı və Sumqayıt şəhərlərindəki mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri üçün nəzərdə tutulsa da, qısa müddətdə bütün ərazilərdə əlçatanlığın təmin edilməsi hədəflənir.
Lazımi sənədləri əldə etmək asanlaşdı
Əməkdaşların və idarəetmə orqanlarının işini sürətləndirən və asanlaşdıran “Şəxsi kabinet” portalı sayəsində işçilərin hər hansı sənəd almaq üçün çalışdıqları şirkətin insan resurları xidmətinə getməsinə ehtiyac qalmayacaq. “U and R Company”nin yaratdığı platforma üzərindən əməkdaşlar əməkhaqqı, məzuniyyət və digər lazımi sənədləri elə şəxsi kabinetləri üzərindən ala biləcəklər. Məsələn, bir işçi məzuniyyət günlərinin qalıqlarını izləyə, müraciət edə və təsdiqlənmiş günlərini görə, məzuniyyətə çıxmaq istədiyi günlər arasındakı hesablanmış vəsaiti və əməkhaqqında olan dəyişikliyi görə biləcək.
“Şəxsi kabinet” portalında uzaqdan idarəetmə imkanının olması daha çox məsafədən çalışanların işinə yarayacaq. Çünki onlar üçün şirkətlə əlaqə saxlamaq və işlə bağlı məsələləri həll etmək bir platforma qədər yaxında olacaq. Portal 1C müştəri lisenziyalarından istifadə etmədən məlumatları təqdim edir, beləliklə, müəssisə resurslarının planlanması (ERP) sisteminə əlavə yük yaratmır. Burada davamiyyət barədə məlumatları yoxlamaq və iş saatlarına dair detalları da əldə etmək mümkündür. İşçi telefon nömrəsini, ünvanını və təhsil məlumatlarını dəyişdiyi halda, heç yerə getmədən, kompüter arxasında oturub şəxsi kabineti vasitəsilə rahat bir şəkildə bu sahə üzrə işləyən meneceri xəbərdar edə biləcək. Şirkətdaxili yeni vakansiyaları da platformada izləmək mümkün olacaq.
“U and R Company” əməkdaşlar üçün rahat, insan resursları üçün effektiv, şirkət üçün isə qənaətli bir həll təqdim edir. Startapın müəllifləri inanırlar ki, gəlir vergisindən 3 il azad olmaq texnoloji inkişaf, komandanın genişləndirilməsi, xərclərin optimallaşdırılması baxımından çox əlverişli olacaq. Məhz bu dəstək sayəsində startapın dayanıqlığı artacaq və rəqabət qabiliyyəti yüksələcək.
Qarşıya qoyulan məqsədlərə gəlincə, ilk mərhələdə yerli bazarda möhkəmlənib, daha sonra beynəlxalq bazarlara çıxış hədəflənir. Komanda böyüdüləcək və yeni iş yerləri yaradılacaq. İstifadəçi təcrübəsini daha da yaxşılaşdırmaq və məmnuniyyəti artırmaq üçün müştəri xidmətləri gücləndiriləcək ki, bunun üçün əlavə işçilər tələb olunacaq. Platformanın beynəlxalq bazara çıxışı zamanı isə yeni və bacarıqlı mütəxəssislərə ciddi ehtiyac yaranacaq.
Yalnız ikitəkərli nəqliyyat vasitələrinə fokuslanmış ilk yerli platforma
“Motobaza” platforması istifadəçilərə motosiklet, elektriklə işləyən ikitəkərli nəqliyyat vasitələri və velosipedləri asanlıqla tapmaq, müqayisə etmək və satın almaq imkanı yaradır. Ənənəvi üsullarla axtarışa vaxt sərf etmək yerinə, bir neçə kliklə ehtiyac duyulan nəqliyyat vasitəsinə çıxış mümkündür. Motobaza həm mobil tətbiq, həm də veb-platforma şəklində fəaliyyət göstərəcək. İstifadəçilər buradan motosiklet, elektrikli skuter və velosiped elanlarına baxa, qiymətləri müqayisə edə, filtrləmə alətləri ilə istədikləri nəqliyyat vasitəsini daha tez tapa biləcəklər. Eyni zamanda, satıcılar da öz elanlarını yerləşdirə, satış prosesini izləyə və mesajlaşma funksiyası vasitəsilə alıcılarla birbaşa ünsiyyət qura biləcəklər. Platforma həm yeni, həm də ikinci əl məhsullar üçün nəzərdə tutulub. “Motobaza” şəhər mobilliyini artırmaq məqsədilə dayanıqlı və qənaətli nəqliyyatı təşviq etmək üçün yaradılıb. Burada yerli bazarın ehtiyaclarına uyğunlaşdırılmış filtr, axtarış və elan yerləşdirmə funksiyaları var. Gələcəkdə isə texniki xidmət təklif edən ustalar, aksesuarlar və ehtiyat hissələri üçün ayrıca bölmələrin yaradılması da planlaşdırılır.
Layihənin müəllifi Bəylər İbrahimov deyir ki, gəlir vergisindən qənaət ediləcək məbləğ ilkin mərhələdə texnoloji inkişaf, marketinq xərclərini qarşılamağa imkan verəcək. Bu da layihənin böyümə sürətini artıracaq, daha çox istifadəçiyə çatmaq və keyfiyyətli xidmət təqdim etmək üçün imkan yaranacaq. Startapçı ilkin mərhələdə yerli bazara fokuslandıqlarını, gələcəkdə isə yaxın ölkələr – Gürcüstan, Qazaxıstan, Özbəkistan bazarına çıxış üçün layihələrin həyata keçiriləcəyini bildirir. Onun sözlərinə görə, “Motobaza” yalnız alış-satış platforması deyil, həm də ikitəkərli nəqliyyat mədəniyyətini təşviq edən bir icmadır. Gələcəkdə müxtəlif tədbirlər, yarışmalar və təlim proqramları həyata keçirməklə istifadəçilər arasında ünsiyyət qurmaq və bu nəqliyyat vasitələrinin təhlükəsiz istifadəsini təşviq etmək də əsas planlar arasındadır.
Azərbaycanda ilk dəfə satıcısız mağaza və kofe-şop yaradılıb
İnnovasiya ilə rahatlığın birləşdiyi “Selfbar” layihəsi istifadəçilərə satıcısız və kassirsiz mağaza və kofe-şop təqdim edir. Selfbar iki hissədən: ağıllı mikromarket və özünəxidmət kofe-şopundan ibarətdir. İnsanlar bir dəqiqədən də az müddətdə özlərinə təzə üyüdülmüş kofe ala və ya ağıllı mağazadan alış-veriş edə bilərlər. Bütün proseslər quraşdırılmış ağıllı sistem və sensorların köməyi ilə idarə olunur. Startapın həmtəsisçisi və icraçı direktoru Orxan Seyidov bildirir ki, burada bütün əməliyatları müştərinin özü həyata keçirir, yəni həm kassir, həm də barista elə müştərinin özüdür. Bunun sayəsində əməliyyat xərcləri aşağı düşür və istifadəçilər məhsulları daha sərfəli qiymətə əldə etmiş olurlar. Ən əsası isə alış prosesi rahat, sürətli və növbəsizdir.
“Selfbar” platforması ağıllı idarəetmə modulundan (“smart box”) və proqram təminatından ibarət zəngin bir sistemlə çalışır. Bu qurğu vasitəsilə istənilən soyuducunu və ya digər qapısı olan mebelləri ağıllı satış nöqtəsinə çevirmək mümkündür. Yəni “smart box” idarəetmə kompüteri, elektrikli qıfıl, kamera, temperatur, rütubət və digər sensorlardan ibarət bir sistemdir. İstifadəçilər “Selfbar” mobil əlavəsi vasitəsilə mağazanın qapısını aça və seçdiyi məhsulları səbətə əlavə edib ala bilərlər. Proqramda müştərilərin xoşuna gələcək bir sıra loyallıq aksiyaları da movcuddur.
O.Seyidov üç il mənfəət və ya gəlir vergisindən qənaət olunacaq məbləği layihənin inkişafına yönləndirməyi hədəflədiyini deyir. Hazırda ölkə daxilində “Selfbar” nöqtələrinin sayının artırılması üzərində iş gedir. Ölkə xaricində fəaliyyət isə sonrakı planlar arasındadır.
Faiq KƏRİMOĞLU