15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“ƏDV geri al” – bir neçə hədəfi gerçəkləşdirən layihə MƏQALƏ

  • Layihə həm dövlət, həm biznes strukturları, həm də vətəndaşlar üçün faydalıdır;

  • Layihənin tətbiq edildiyi vaxtdan bu ilin aprelinədək istehlakçılara ümumilikdə 412 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb;

  • “ƏDV geri al” layihəsinin tətbiqi alıcıların ödəniş vərdişlərini də təkmilləşdirir.

Sahibkarlıq mühitinin inkişafı və təkmilləşdirilməsi, innovativ yanaşmaların tətbiqi dövrümüzün mühüm çağırışlarındandır. 2020-ci ilin may ayından etibarən həyata keçirilən “ƏDV geri al” layihəsi də məhz dövlət-biznes-vətəndaş birliyinin bu iqtisadi çağırışlara adaptasiyası istiqamətində uğurlu örnəkdir. Son illərin ən effektiv layihələrindən biri olan “ƏDV geri al” həm dövlət, həm biznes strukturları, həm də vətəndaşlar üçün faydalıdır.

Dövriyyələr şəffaflaşır

"Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznesin leqal fəaliyyətinin bərqərar olması və uçotun dürüstləşdirilməsi ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Dövlət tərəfindən qanunun tələblərinə cavab verən iqtisadi mühitin yaradılması prosesi “ƏDV geri al” layihəsinin həyata keçirilməsi ilə əsaslı irəliləyiş əldə edib. Təsadüfi deyil ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni mexanizmi tətbiq edərkən “kölgə iqtisadiyyatı”nın azaldılmasını hədəfləyirdi. “ƏDV geri al” bir tərəfdən “kölgə”də olan biznesin leqallaşmasına, ƏDV ödəyicilərinin real döviyyələrinin üzə çıxarılmasına, digər tərəfdən isə nağdsız hesablaşmaların genişlənməsinə, elektron nəzarətə keçidə xidmət edir.

3 il ərzində əldə edilmiş nəticələr müəyyən edilmiş hədəflərin gerçəkləşdiyini sübut edir. Ölkədə pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizminin tətbiqi ilə əhəmiyyətli nəticələr əldə olunub. Belə ki, layihənin tətbiq edildiyi vaxtdan bu ilin aprelinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 412 milyon manatdan, təkcə bu ilin yanvar-mart aylarında isə 36 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Biznes təmsilçiləri arasında sağlam rəqabət formalaşır

“ƏDV geri al” layihəsi yeni nəsil nəzarət kassa aparatlarının (NKA-lar) tətbiqini şərtləndirir. Hazırda Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil NKA-ların tətbiqi istiqamətində işlər davam etdirilir və onların sayı 90 mindən çoxdur. 2023-cü ilin 3 ayı ərzində bu kassalar vasitəsilə qeydə alınan dövriyyə 4,9 milyard manatdan artıq olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz çoxdur.
Məlumdur ki, ƏDV-nin bir qisminin geri qaytarılmasına imkan verən çeklərin verilməsi məhz yeni nəsil NKA-lar vasitəsilə mümkün olur. Sahibkarlıq subyektləri bu kassalardan istifadədə ilk növbədə özləri maraqlı olmalıdırlar. Çünki vətəndaşlar alış-veriş zamanı yeni nəsil NKA-lar quraşdırılmış mağazalara, restoranlara və ticarət şəbəkələrinə üstünlük verirlər. Bunu anlayan və daha çox müştəri cəlb etmək istəyən sahibkarlar yeni nəsil NKA-ları tətbiq etməyə çalışırlar. Hətta bəzi mağazalar müştəriləri cəlb etmək üçün mağaza vitrinlərinə və sosial şəbəkələrdəki səhifələrinə “Müştərilərə ƏDV çeki verilir” cümləsini də əlavə ediblər. Yeni nəsil NKA-ların üstünlüklərindən biri də məhz şəffaf biznes əməliyyatlarının aparılmasını təmin etməsidir.

İstehlak bazarında intizamlı vərdişlər yaranır

Vətəndaşların “ƏDV geri al” layihəsinə artan marağı alış-veriş mühitində yeni tendensiyalar formalaşdırıb. Əvvəllər alış-veriş zamanı çek tələb edən nadir sayda alıcı olsa da, indi vəziyyət tamamilə dəyişib. Alıcıların böyük əksəriyyəti alış-veriş çeki tələb edir və bu da öz növbəsində kassirlərin çek təqdim etməyə daha məsuliyyətli yanaşmasını təmin edir. Onlar da artıq alıcının tələbini gözləmədən çekləri təqdim edirlər. Yeri gəlmişkən, xatırladaq ki, kassa çekinin təqdim edilməsi qanunvericiliyin tələbidir və bütün bu tədbirlər istehlak bazarında intizamlı davranışların formalaşmasını təmin edir. Digər tərəfdən isə “ƏDV geri al” layihəsinin tətbiqi alıcıların ödəniş vərdişlərini də təkmilləşdirir. Vətəndaşlar alış-veriş zamanı nağdsız ödənişlərə üstünlük verirlər, çünki bunun üçün ciddi stimullar yaradılıb: 2023-cü ilin 1 yanvar tarixindən istehlakçılara geri qaytarılan ƏDV-nin məbləği nağdsız əməliyyatlar üzrə 15 faizdən 17,5 faizə qaldırılıb, nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib.
“ƏDV geri al”un uğurlu nəticələri onun əhatə dairəsinin genişləndirilməsini təmin edir. Belə ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılır. Bununla yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmaları da yeni nəsil NKA-lar vasitəsilə həyata keçirilir və həmin şəxslər tərəfindən verilən çeklər əsasında istehlakçılara ƏDV geri qaytarılılır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi həcmində ƏDV-nin fiziki şəxs olan istehlakçılara geri qaytarılması barədə qanunvericiliyə dəyişiklik edilib.

Göründüyü kimi, stimullaşdırıcı alətlərdən qaynaqlanaraq mühüm hədəflərə çatmağa töhfə verən “ƏDV geri al” layihəsinin potensialı böyükdür və əldə edilmiş nəticələr daha yüksək nailiyyətlər üçün nikbin proqnozlar yaradır.

Gülay NƏBİYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?