15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nağdsız ödənişlər: rahat, faydalı və səmərəli

  • Nağdsız ödənişlərin əhatəsinin genişləndirilməsi maliyyə əməliyyatlarının şəffaf və sürətli aparılmasına imkan verir.

  • Bəzi ölkələrdə nağd qaydada aparılan ödənişlərin maksimal məbləği müəyyən edilir.

  • Nağdsız ödəniş daha sərfəli olacaq, çünki bu halda istehlakçı ödədiyi ƏDV-nin daha çox hissəsini geri ala biləcək.

Ölkəmizdə iqtisadi artımın təmin edilməsi, şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi, biznes mühitinin təkmilləşdirilməsi və s. yönümdə aparılan islahatlar çərçivəsində müasir alətlərin tətbiqi, nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması mühüm istiqamətlərdəndir. Nağdsız ödənişlərin əhatəsinin genişləndirilməsi maliyyə əməliyyatlarının şəffaf və sürətli aparılmasına imkan verir. Digər tərəfdən isə nağdsız ödənişlərin (bank kartları və ya virtual hesablaşmaların digər üsulları olmasından asılı olmayaraq) əsas üstünlüklərindən biri onların tətbiq edilməsinin rahat olmasıdır. Plastik kartlar və digər nağdsız ödəniş vasitələri ilə həm ölkə daxilində, həm də xaricdə alış-veriş üçün ödəniş imkanı olur.

Nağdsız ödənişə keçid üçün üsullar

Beynəlxalq təcrübədə nağdsız ödənişlərə tələbin yaradılması və nağd iqtisadiyyatın azaldılması üzrə həyata keçirilən tədbirlər stimullaşdırıcı və inzibati xarakter daşıyır. Stimullaşdırıcı tədbirlər sırasında fiskal stimullar və vergi güzəştləri əsasən üstünlük təşkil edir. Beynəlxalq təcrübədə ödəniş kartları ilə aparılan ödənişlər üzrə Əlavə Dəyər Vergisinin (ƏDV) azaldılması, bəzi malların alışı zamanı nağdsız hesablaşmalara görə aşağı ƏDV dərəcəsinin tətbiqi, ödəniş kartları ilə əməliyyatlar üzrə mənfəət vergisinin müəyyən hissəsinin geri ödənilməsi, bankomat və POS-terminalların idxalı zamanı gömrük rüsumundan azadolmalar, ödəniş terminallarının quraşdırılmasının subsidiyalaşdırılması kimi müxtəlif tədbirlər həyata keçirilir. Eyni zamanda, aidiyyəti hökumət qurumları tərəfindən banklarla əməkdaşlıq çərçivəsində lotereyalar, bonus kampaniyaları kimi müxtəlif stimullaşdırıcı tədbirlər təşkil edilir. İnzibati xarakter daşıyan nağd ödənişlər üzrə maksimal məbləğin məhdudlaşdırılması, habelə bu tələbin pozulmasına görə cərimənin müəyyən edilməsi təcrübəsi bir çox ölkələrdə tətbiq edilir. Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, Avropa və MDB ölkələrində nağd qaydada aparılan ödənişlərin maksimal məbləği müəyyən edilir və həmin həddən yuxarı bütün ödənişlər yalnız nağdsız formada (çeklər, ödəniş kartları, bank köçürmələri) aparılmalıdır. Bu şərtin pozulmasına görə cərimə nəzərdə tutulur. Müxtəlif ölkələrdə bu sferada nəzərdə tutulmuş məhdudlaşmalar onu göstərir ki, nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması üzrə həyata keçirilən tədbirlər qarşıya qoyulan məqsədlərə çatmaqla yanaşı, birbaşa olaraq nağdsız ödənişlərin inkişafına, bank sektorunda əlavə likvid vəsaitlərin formalaşdırılmasına da xidmət edir.

1 noyabr tarixinə kimi ölkə ərazisində 77.979 ədəd yeni nəsil NKA
quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf
aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının
alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

“ƏDV geri al” – nağdsız ödənişə keçid üçün faydalı layihə

Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi 2020-ci ilin may ayından etibarən uğurla tətbiq edilir. “ƏDV geri al” layihəsinin mahiyyəti ondan ibarətdir ki, pərakəndə ticarət, ictimai iaşə, tibbi xidmət sahələrində əhalinin aldığı mallara, iş və xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i istehlakçılara geri qaytarılır. 2020-ci ilin may ayından indiyədək portala çek əlavə edən müştərilərin sayında sürətli artım dinamikası müşahidə edilir ki, bu da “ƏDV geri al” layihəsinə olan kütləvi marağın göstəricisidir. Bu layihənin tətbiqi nəticəsində qarşıya qoyulan hədəflər özünü doğruldur. 1 noyabr tarixinə kimi ölkə ərazisində 77.979 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-oktyabr aylarında həmin NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 18 milyard 605,9 milyon manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz çoxdur.

Gələn ildən nağdsız ödəyənlər daha çox fayda əldə edəcək

Növbəti ildən nağdsız ödənişlərin stimullaşdırılmasının davamı olaraq həmin faiz nisbətlərində dəyişiklik edilməsi nəzərdə tutulur. Hazırda nağdsız ödənişlər üzrə ƏDV-nin istehlakçıya geri qaytarılan 15%-lik hissəsi gələn ildən 17,5%-ə qaldırılır. Nağd əməliyyatlar üzrə istehlakçılara qaytarılan 10%-lik ƏDV hissəsi isə 5%-ə endirilir. Göründüyü kimi, nağdsız ödəniş daha sərfəli olacaq, çünki bu halda istehlakçı ödədiyi ƏDV-nin daha çox hissəsini geri ala biləcək. Bu dəyişiklik nağdsız ödənişlərin artımına təkan verəcək. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər, eyni zamanda, elektron ödəniş alətlərindən istifadənin kütləviləşməsinə və yeni innovativ ödəniş həllərinin tətbiqinə əlverişli zəmin yaradacaq.

Gülay NƏBİYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?