6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İşçilərin yemək xərclərinin rəsmiləşdirilməsi ilə bağlı vacib məqamlar

İşçilərin yemək xərclərinin rəsmiləşdirilməsi ilə bağlı vacib məqamlar

2024-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsində edilən dəyişikliklərdən biri də işçilərin mənzil və yemək xərclərinin gəlirdən çıxılması normaları ilə bağlı idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 noyabr 2024-cü il tarixli Qərarı ilə “Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və qaydası” təsdiq edilib. Bəs hansı hallarda bu ödənişlər işçinin vergi tutulan gəlirlərinə aid edilir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş idarəsinin rəis müavini Əvəz Quliyev “Vergi və Mühasibatlıq Zirvəsi 2025"in “Vergilər: Menecment və Vizyon” panelində həmin məqamlara aydınlıq gətirib və işçilərin yemək xərclərinin rəsmiləşdirilməsi ilə bağlı vacib məqamlara toxunub.

Onun sözlərinə görə, işçilərin yemək xərcləri ilə bağlı müvafiq normalar, 2024-cü ilin noyabr ayında təsdiq edilməsinə baxmayaq, 2024-cü il ərzində vergi ödəyicilərinin sözügedən qərarla müəyyən olunmuş qaydada çəkdiyi yemək xərclərinə tətbiq olunur: “İşçilərin yemək xərclərinin çəkilməsi ilə bağlı 3 formada norma müəyyən olunub - yemək xərcinin əvəzi birbaşa işçinin özünə ödənildikdə, yeməyin hazırlanması işəgötürənin özü tərəfindən təmin edildikdə, iaşə xidməti ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda.

Yemək xərcinin əvəzi birbaşa işçinin özünə nağdsız ödənildiyi halda işçiyə norma daxilində ödənilən yemək xərcinin əvəzi, Vergi Məcəlləsinin 98.5-ci maddəsinə əsasən, işçinin vergitutulan gəlirlərinə aid edilmir və həmin gəlirlər gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur.

İşçiyə normadan artıq ödənilən yemək xərcinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergi tutulan gəlirlərinə daxil edilir. Bu zaman həmin hissə gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

Bununla yanaşı, işçilərin yeməklə təmin olunması işəgötürənin özü tərəfindən həyata keçirilməklə və ya iaşə xidməti göstərən şəxslərlə bağlanan müqavilə əsasında təmin edildikdə çəkilən yemək xərcləri norma daxilində işəgötürən şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bu zaman çəkilən xərclər qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduqda, yəni dolayısı ilə işçi maddi formada bundan faydalanırsa, bu xərclərin norma daxilində və ya normadan artıq olmasından asılı olmayaraq, işçinin vergi tutulan gəliri formalaşmır”.

Ə.Quliyev vurğulayıb ki, ümumilikdə, norma daxilində və ya normadan artıq çəkilən yemək xərcləri əməkhaqqının tərkibinə daxil edilməyən sosial xarakterli xərclər olduğundan, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına cəlb olunmur.

O, həmçinin, əlavə edib ki, işçiyə yemək xərci ilə bağlı nağdsız ödəniş həyata keçirilirsə, ödənişin təyinatında bu ödənişlərin yemək xərci ilə bağlı olması qeyd olunmalıdır. İşçinin yemək xərcləri 3-cü şəxsə ödənilirsə və ya yeməyin hazırlanması işəgötürənlərin özləri tərəfindən təmin edilirsə, aparılan əməliyyat Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada, o cümlədən elektron qaimə-faktura ilə rəsmiləşdirilir. Bu zaman ictimai iaşə fəaliyyəti göstərən şəxs tərəfindən təqdim edilmiş elektron qaimə-fakturanın qeyd hissəsində ödənişin vergi ödəyicisinin işçilərinin yemək xərci ilə bağlı olması qeyd edilməlidir.

Fərqanə ALLAHVERDİQIZI

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?