Keçmişi “zibil səltənəti”, bu günü təmiz məkan REPORTAJ
- Zavod istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri zavod hesab olunur.
- Zavodda iki soba və iki qazanxana fəaliyyət göstərir. Məişət tullantılarının yandırılması prosesi xüsusi idarəetmə pultu ilə həyata keçirilir.
- Zavod fəaliyyətə başlayandan 2021-ci ilin sonuna kimi 4 milyon tondan çox tullantı zərərsizləşdirilib və nəticədə 1,586,394 MVt/saat elektrik enerjisi istehsal edilib.
Hər birimiz gündəlik olaraq ərzaq tullantılarını, işlənmiş tikinti materiallarını, köhnəlmiş məişət əşyalarını, elektrik avadanlıqlarını, plastik qabları və s. zibil yeşiklərinə atırıq. Hesablamalara görə, hər bir Bakı sakini ildə, orta hesabla, 350 kq məişət tullantılarını zibilliyə atır. Xüsusən, ekoloji cəhətdən daha çox zərərli və əhalinin sağlamlığı baxımından ciddi təhlükə mənbəyi olan plastik materialların utilizasiyası aktual məsələlərdəndir. Məhz bu səbəbdən, Azərbaycan Prezidentinin müvafiq sərəncamına uyğun olaraq, 2009-cu ildən fəaliyyət göstərən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılıb. Hazırda ASC-yə məxsus 20 hektarlıq ərazidə Bərk məişət tullantılarının çeşidlənməsi zavodu, Bərk məişət tullantılarının yandırılması zavodu, eləcə də Balaxanı Sənaye Parkı fəaliyyət göstərir.
Balaxanı Bərk məişət tullantılarının yandırılması zavodunda olan “vergilər.az”ın əməkdaşı burada şahidi olduğu mənzərə ilə bağlı təəssüratlarını təqdim edir.
Məşhur “Balaxanı zibilliyi”...
Vaxtilə Bakıda yığılmış zibil və tullantılar məşhur “Balaxanı zibilliyi”nə aparılırdı. Cəmi bir neçə il əvvələdək Balaxanının 1963-cü ildən zibilxana üçün ayrılmış ərazisində yığılmış nəhəng zibil qalaqları “göz oxşayırdı”... Lakin artıq problem öz həllini tapıb - 2009-cu ildən “Təmiz Şəhər” ASC-nin tabeliyinə verilmiş bu poliqonun ərazisində qısa müddət ərzində açıq havada zibillərin yandırılmasına son qoyulub. Bunun nəticəsidir ki, bir neçə il əvvəl insanlar Balaxanı qəsəbəsindən yan keçməyə cəhd edirdilərsə, artıq bir çox ölkələrdən nümayəndələr, çoxsaylı mütəxəssislər və turistlər bu qədim, tarixi qəsəbəyə səfər etmək üçün xüsusi olaraq paytaxtımıza təşrif buyurur, burada məişət tullantılarının idarə olunması sahəsində yaradılmış müasir infrastrukturla tanış olurlar. Bu gün Bakının məişət tullantılarının atılması və idarə olunması sahəsində təcrübəsi bir çox şəhərlər üçün örnəkdir.
Adı kimi, fəaliyyəti ilə də məşhur məkan: “Təmiz Şəhər”
Bu gün paytaxtımızın əksər küçələrində rast gəldiyimiz narıncı rəngli zibil qutuları məhz “Təmiz Şəhər”ə məxsusdur. Kağız, butulka, plastik və s. kimi tullantılar üçün nəzərdə tutulmuş bu qutular həm vətəndaşların rahatlığı, həm də zibil məhsullarının çeşidlənməsi baxımından önəm daşıyır. “Təmiz Şəhər” ASC-nin prioritet fəaliyyət istiqamətlərindən biri məişət tullantılarının təkrar istehsala yönəldilməsidir. Tullantıların utilizasiyası prosesi Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda başlayır. Alman texnologiyası ilə fəaliyyət göstərən zavod 2012-ci ilin dekabrında istifadəyə verilib. Müəssisənin imkanları 200 min tona qədər bərk məişət tullantılarını emal etməyə imkan verir. Bu proses bir neçə mərhələdən ibarətdir: çeşidlənmə, təkrar emal, yandırılma və xüsusi poliqonda utilizasiya. Qəbul edilən tullantılar müxtəlif kateqoriyalara bölünür: kağız, metal, plastik və s. Böyük tullantılar isə xüsusi avadanlıq vasitəsilə çeşidlənir.
Tullantılardan əldə olunan faydalar
Balaxanı qəsəbəsində 20 hektar ərazidə inşa olunmuş və illik gücü 500 min ton məişət tullantısı, o cümlədən 10 min ton tibbi tullantı təşkil edən zavodun idarəetməsi hazırda Fransanın “PAPREC Enerji Azərbaycan” şirkəti tərəfindən həyata keçirilir. Zavod tullantıların yandırılması prosesi nəticəsində il ərzində 231,5 mln. kVt/saat elektrik enerjisi hasil etmək gücünə malikdir ki, bu da 100 min ev təsərrüfatını elektrik enerjisi ilə tam təmin etmək deməkdir. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulan zavod istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri zavod hesab olunur və Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində müəyyənləşdirdiyi normativlərə tam cavab verir.
Bəs zibil zibillikdən çıxarıldıqdan sonra nə baş verir? Təkrar emal sənayesi nədir? İnsanlar nadir hallarda bu sualların cavablarıyla maraqlanırlar. Bu sahədə məchulluq pərdəsini açdıqda isə hər şey aydın olur. Burada - “zibil səltənəti”ndə təkrar emal nəticəsində onun cəmiyyətə necə fayda verə biləcəyini öyrəndik. Hər şeydən əvvəl, zavodun ərazisində təmizlik göz oxşayır, hansısa üfunətdən isə söz gedə bilməz. Bütün istehsal prosesi tam avtomatlaşdırılmış zavod həftənin yeddi günü, 24 saat ərzində fasiləsiz işləyir. Onu da qeyd etmək yerinə düşər ki, zavodda bütün təhlükəsizlik tələblərinə riayət etməklə normal iş şəraiti yaradılıb.
İstehsal prosesi nədən ibarətdir?
Zavodda iki soba və iki qazanxana fəaliyyət göstərir. Məişət tullantılarının yandırılması prosesi xüsusi idarəetmə pultu ilə həyata keçirilir. Pəncərəyə yaxınlaşıb sanki filmdəki kimi prosesi müşahidə edirik. Ardı-arası kəsilməyən maşınların gətirdiyi nəhəng zibil topalarını gördükdə burada işin heç də asan başa gəlmədiyi anlaşılır. Məlum olur ki, zibil dərhal yandırılmır. Burada iş “zəncir” prinsipi üzərində qurulub, çünki yeni gələn zibil aramsız olaraq yığılmalıdır ki, yanma prosesi fasiləsiz davam etsin. Yanma prosesindən sonra daha ağır və zərərsiz olan dib külü yol inşaatında tikinti materialı kimi istifadə oluna bilər. Xüsusi filtrlər hesabına tüstü ətraf mühiti çirkləndirmir. Bundan əlavə, tullantının yandırılması zamanı texnoloji avadanlıqları soyutmaq üçün istifadə edilən təchizat suyu da təmizləndikdən sonra axıdılır. Zavodun tullantı hədlərinin monitorinqi gündəlik həyata keçirilir və nəzarətdə saxlanılır.
Qeyd edək ki, zavod fəaliyyətə başlayandan 2021-ci ilin sonuna kimi 4 milyon tondan çox tullantı zərərsizləşdirilib və nəticədə 1,586,394 MVt/saat elektrik enerjisi istehsal edilib. Ötən müddət ərzində termik üsulla emal edilən tullantıların ümumi həcmi 10 dəfəyə qədər azalıb. İstehsalı mümkün olan meliorantlar kənd təsərrüfatında, daha dəqiq desək, şorlaşmış, şorakətləşmiş torpaqların meliorasiyasında tətbiq edilə bilər. Zavodda tullantıların yandırılması prosesində ayrılan zəhərli qazların zərərsizləşdirilməsi üçün üç mərhələdən ibarət xüsusi sistem yaradılıb. Bu məqsədlə əhəng, aktivləşdirilmiş karbon və digər vasitələrdən istifadə olunur. Bunun sayəsində zərərli yanma məhsulları bərk birləşmələrə çevrilir və daha sonra utilizasiya üçün Sumqayıt ərazisindəki təhlükəli tullantılar poliqonuna göndərilir.
Zavodda qəbul edilən tullantılar xüsusi bunkerə yığıldıqdan sonra xarici görünüşünə görə “hörümçək” adlandırılan zondların köməyi ilə sobaya yerləşdirilir. Yeri gəlmişkən, belə bir zond eyni anda 7-7,5 tona qədər tullantı qaldıra bilir. Ocaqda yanma temperaturu 850 dərəcə Selsiyə çatır. Fırınların üstündə yerləşən qazanlar istilik şəbəkələrinə və istilik elektrik stansiyalarına göndərilən suyu qızdıraraq buxara çevrilir. Yeri gəlmişkən, buradakı bütün istehsal prosesini daha yaxşı anlamaq üçün zavodun idarəetmə otağına baş çəkmək yetərlidir. Burada onlayn rejimdə işləyən monitor və kameralardan istifadə etməklə prosesləri ətraflı şəkildə izləmək mümkündür.
“Yaşıl biznes”ə biz də dəstək verək!
...Sonda vətəndaşlarımıza kiçik bir müraciət etmək istərdim. Gəlin zibilləri çeşidləməklə bu məsuliyyətli işi öz üzərinə götürənlərə yardımımızı əsirgəməyək. Hər birimiz anlamalıyıq ki, “yaşıl biznes”ə dövlət dəstəyi bu sahənin sürətli inkişafına gətirib çıxaracaq və nəticə etibarilə ölkə iqtisadiyyatının şaxələndirilmiş artımına töhfə verəcək, həmçinin ətraf mühit, insan sağlamlığına riskləri və mənfi təsirləri azaldacaq.
Tamilla MƏMMƏDOVA