29 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicisi qarışıq əməliyyatlar həyata keçirdikdə xərclərin gəlirdən çıxılması qaydası

Vergi ödəyicisinin vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunmuş əməliyyatlar həyata keçirməsi qarışıq əməliyyatlar aparması kimi başa düşülür. Bəs bu əməliyyatlar üçün çəkilmiş xərclər gəlirdən hansı qaydada çıxılır? “vergiler.az”ın sualına Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev aydınlıq gətirir: 
 

Bunu müəyyən etmək üçün, ilk növbədə, Vergi Məcəlləsinin müvafiq maddəsinə nəzər salaq. Məcəllənin 108.2-ci maddəsində göstərilib ki, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.
Maddəyə əsaslanaraq deyə bilərik ki, vergi ödəyicisi vergiyə cəlb olunan əməliyyatlarla bağlı gəlirlərinin və xərclərinin uçotunu ayrılıqda apararsa, bu halda vergiyə cəlb olunan əməliyyatlarla bağlı xərclərini tam şəkildə gəlirindən çıxa bilər.

Misal 1: Vergi ödəyicisinin mənfəət vergisinə cəlb olunan əməliyyatlarının həcmi 240.000 manat olub. Bu əməliyyatlarla bağlı xərci isə 130.000 manat təşkil edib. Vergi ödəyicisinin mənfəət vergisini hesablayaq:

240.000 – 130.000 = 110.000 manat;

110.000 x 20% = 22.000 manat.

Maddənin digər bir əsası ondan ibarətdir ki, vergi ödəyicisi vergiyə cəlb olunan əməliyyatlarla yanaşı, vergidən azad olunmuş əməliyyatlar apararsa, bu əməliyyatlarla bağlı bölüşdürülməsi mümkün olmayan xərclərini tam həcmdə yox, xüsusi çəki əsasında gəlirindən çıxa bilər.

Misal 2: Vergi ödəyicisinin hesabat dövründə vergidən azad olunmuş əməliyyatlarının həcmi 40.000 manat, mənfəət vergisinə cəlb edilən əməliyyatlarının həcmi isə 160.000 manat olub. Bu əməliyyatlarla bağlı bölüşdürülməsi mümkün olmayan xərcləri 60.000 manatdır. Vergi ödəyicisinin bölüşdürülməsi mümkün olmayan xərclərinin gəlirdən çıxılan hissəsini müəyyən edək. Bunun üçün göstərilən əməliyyatlara nəzərən xüsusi çəki müəyyən edilməlidir. Xüsusi çəki mənfəət vergisinə cəlb olunan dövriyyənin ümumi dövriyyəyə nisbəti ilə müəyyən edilir:

160.000 + 40.000 = 200.000 manat;

Xüsusi çəki – 160.000 : 200.000 = 0,8;

Gəlirdən çıxılan xərc - 60.000 x 0,8 = 48.000 manat.

Deməli, vergi ödəyicisi bölüşdürülməsi mümkün olmayan xərclərinin 48.000 manatını gəlirindən çıxa bilər.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?