6 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əməliyyatın alğı-satqı və ya royalti kimi vergiyə cəlb edilməsi

Vergi ödəyicilərinin çətinliklərlə rastlaşdıqları vergitutma məsələlərindən biri də müəyyən əməliyyatların royatli sayılıb-sayılmaması, başqa sözlə, əməliyyatın alğı-satqı və ya royalti kimi vergiyə cəlb edilməsidir. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Lisenziyaların və proqram təminatlarının royalti sayılıb-sayılmamasını araşdırmaq üçün misallara baxaq.

Misal: Tutaq ki, "AA" MMC sifarişçi kimi "VV" MMC-yə 3.000 manatlıq proqram təminatının yazılmasını sifariş vermişdir. Bundan başqa, "AA" MMC başqa bir qeyri-rezident ilə bağlamış müqaviləyə əsasən, 5 il müddətində onun proqram təminatından istifadə edəcəkdir və bu istifadəyə görə illik 2.000 dollar vəsait ödəyəcəkdir. Həmçinin qeyri-rezident "AA" MMC üçün proqram təminatının saxlanması üzrə əlavə xidmətlər göstərir və illik 1.000 dollar haqq alır.

Sual: Bu əməliyyatlarda royalti varmı?

Bu suala cavab tapmaq üçün Vergi Məcəlləsinin 13.2.23.-cü maddəsinə nəzər yetirməliyik.

Maddədə deyilir ki, royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.

Aydın olur ki, royalti 13.2.23-cü maddədə olan iş və ya xidmətlərdən istifadə hüququnun verilməsidir. Yəni mülkiyyət hüququ həmin xidmətlərin sahibində qalır, sadəcə digər şəxsə isə müəyyən müddət ərzində istifadə hüququ verilir.

Misalımızda "VV" MMC-nin yazdığı 3.000 manatlıq proqram təminatının yazılması royalti sayılmır, "VV" MMC-nin təqdim etdiyi xidmət sayılır. Amma "AA" MMC-də həmin 3.000 manat qeyri-maddi aktiv kimi uçota alınır.

İkinci əməliyyata aid 2.000 dollar isə royalti xidmətinin dəyəri sayılır. Ona görə ki, qeyri-rezident 5 il müddətinə öz proqramından istifadə hüququ vermişdir və buna görə də müəyyən haqq alır.

Üçüncü əməliyyatdan yaranan 1.000 dollar da royalti sayılmır. Bu, sadəcə qeyri-rezidentin "AA" MMC üçün göstərdiyi xidmətdir.

Sual: "AA" MMC ödədiyi 2.000 və 1.000 dollar vəsaitə görə hansı vergiləri ödəməlidir?

"AA" MMC-nin qeyri-rezidentə ödədiyi 2.000 dollar royalti sayıldığından ödəmə mənbəyində tutulan 14 faiz vergi öhdəliyi vardır və burada əlavə dəyər vergisi hesablanmır. Yəni ödənilən 2.000 dollardan 280 dollar (2000* 14% = 280) həcmində royaltidən vergi tutulacaqdır və qalan 1.720 USD məbləğ qeyri-rezidentə ödəniləcəkdir.

1.000 dollar isə xidmətin haqqı olduğundan bu məbləğdən ödəmə mənbəyində 10 faiz vergi, üstəgəl 18 faiz ƏDV hesablanacadır.

Fəxriyyə İKRAMQIZI

VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır?