13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicisinin həm pərakəndə satış, həm də topdansatış qaydasında təqdim etdiyi mallara vergi hesablanması qaydası

Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə əsasən, Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş verginin ödəyicisi ola bilər. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddəsinin tətbiqində əsas məqsəd vergi ödəyicisi həm pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirdikdə, həm də topdansatış qaydasında malların təqdim edilməsini həyata keçirdikdə vergilərin hesablanması qaydasını müəyyən etməkdir. Vergi Məcəlləsinin bu maddəsinə əsasən, rüb ərzində topdansatış qaydasında elektron qaimə-faktura təqdim etməklə həyata keçirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının həcminin 30 faizindən çox olmadıqda vergi ödəyicisi fəaliyyətini sadələşdirilmiş verginin ödəyicisi kimi davam etdirə bilər.

Topdansatış əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının həcminin 30 faizindən çox olduqda isə vergi ödəyicisi fəaliyyətini sadələşdirilmiş verginin ödəyicisi kimi davam etdirə bilməz.

Misal 1. İşçilərinin sayı 6 nəfər olan fərdi sahibkar ona məxsus olan mağazada pərakəndə ticarət fəaliyyəti qaydasında ərzaq mallarının satışı ilə məşğul olur. Fərdi sahibkarın 2020-ci ilin 1-ci rübündə ticarət əməliyyatlarının ümumi həcmi 50.000 manat, elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş əməliyyatların həcmi isə 12.000 manat və bu fəaliyyətə aid olan xərci isə 15.000 manat olmuşdur. Bu halda fərdi sahibkarın fəaliyyətini hansı formada həyata keçirəcəyini müəyyən etdikdən sonra verginin hesablanması qaydasına baxaq.

Əvvəlcə vergi ödəyicisinin rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş əməliyyatlarının vergi ödəyicisinin ümumi ticarət əməliyyatlarında xüsusi çəkisini müəyyən etməliyik. Bunun üçün elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş əməliyyatların cəmini (12.000 manat) ümumi ticarət əməliyyatlarının cəminə (50.000 manat) bölərək xüsusi çəki məbləğini müəyyən edirik: 12.000 / 50.000 x 100 = 24%.

Göründüyü kimi, rüb ərzində topdansatış qaydasında elektron qaimə-faktura təqdim etməklə həyata keçirilmiş əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının həcminin 30 faizindən çox olmadığından, vergi ödəyicisi fəaliyyətini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirə bilər. Bu halda büdcəyə ödənilməli olan sadələşdirilmiş vergi məbləği isə 1000 manat ( 50.000 x 2% = 1.000) təşkil edəcəkdir.

Misal 2. İşçilərinin sayı 8 nəfər olan fərdi sahibkar ona məxsus mağazada pərakəndə ticarət fəaliyyəti qaydasında ərzaq mallarının satışı ilə məşğul olur. Fərdi sahibkarın 2020-ci il üzrə illik ümumi gəliri 150.000 manat, o cümlədən elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş əməliyyatların həcmi 70.000 manat və bu fəaliyyətə aid xərci isə 40.000 manat olmuşdur. Həmin sahibkarın 1-ci rüb ərzində ticarət əməliyyatlarının ümumi həcmi 80.000 manat, elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş əməliyyatların həcmi isə 32.000 manat olmuşdur. Bu halda fərdi sahibkarın fəaliyyətini hansı formada həyata keçirəcəyini müəyyən etdikdən sonra verginin hesablanması qaydasına baxaq.

Əvvəlcə vergi ödəyicisinin rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş əməliyyatlarının vergi ödəyicisinin ümumi ticarət əməliyyatlarında xüsusi çəkisini müəyyən etməliyik. Bunun üçün elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş əməliyyatların cəmini (32.000 manat) rüb ərzində ümumi ticarət əməliyyatlarının cəminə (80.000 manat) bölərək xüsusi çəki məbləğini müəyyən edirik: 32.000/80.000 x 100 = 40%.

Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinə əsasən, rüb ərzində topdansatış qaydasında elektron qaimə-faktura təqdim etməklə həyata keçirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının həcminin 30 faizindən çox olduğundan vergi ödəyicisi fəaliyyətini sadələşdirilmiş verginin ödəyicisi kimi davam etdirə bilməz. Bu halda fərdi sahibkar gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir. Misalımızdakı fərdi sahibkar 8 nəfər işçisi olduğu və illik gəliri 200.000 manatdan az olduğu üçün mikro sahibkarliq subyekti meyarına uyğun gəldiyindən, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin şərtlərini də nəzərə almaqla ümumi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı xərci çıxdıqdan sonra qalan 110.000 manat (150.000 – 40.000 = 110.000 manat) gəliri ilə vergidən azad olunan hissəni müəyyən etmək üçün həmin gəlirə 75 faiz güzəşt tətbiq etməklə alınan 82.500 manat (110.000 x 75% = 82.500 manat) məbləğ arsındakı fərq olan 27.500 manatdan (110.000 – 82.500 = 27.500 manat) fərdi sahibkar 5.500 manat (27.500 x 20% = 5.500 manat ) gəlir vergisi hesablayacaqdır.

Hazırladı: Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?