6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Akif Musayev: "Vergi orqanı müstəqilliyin və bazar iqtisadiyyatının yaratdığı institutdur"

"Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" başlığı altında keçirilmiş konfransda iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Akif Musayev vergi orqanlarının keçdiyi tarixi yola nəzər salıb. O, vergi orqanının yaranmasından təxminən 30 il keçdiyini xatırladıb: "Bu, Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşür. Vergi orqanı müstəqilliyin və bazar iqtisadiyyatının yaratdığı institutdur. Bu institutun formalaşması müəyyən mərhələlərdən keçib".

A.Musayev vergi sisteminin inkişafında əsas mərhələ kimi 2000-ci ildə Vergi Məcəlləsinin qəbul edilməsini vurğulayıb: "2001-ci il yanvarın 1-dən qüvvəyə minərək təsdiq olunmuş Məcəllənin hazırlanma mərhələsində böyük iş aparıldı. Müzakirələrdə hər bir maddə ulu öndər Heydər Əliyevin diqqət mərkəzində idi".

Qeyd edilib ki, Vergi Məcəlləsinin qəbul olunması ilə əsası qoyulan yeni bir normativ hüquqi bazanın yaradılması vergi sistemini yeni bir əsas üzərinə köçürüb.

A.Musayevin sözlərinə görə, vergi sisteminin inkişaf mərhələlərində yerli vergi orqanları ilə mərkəzi vergi orqanı arasındakı münasibətlərin təkmilləşdirilməsi mühüm yer tutub. O zaman regonlarda iqtisadiyyatın inkişaf səviyyəsi o qədər də yüksək deyildi, yerli vergi orqanlarının vergi ödəyiciləri ilə münasibətlərində müəyyən çətinliklər var idi: "Yerli vergi orqanlarının fəaliyyətinin səmərəliliyi qiymətləndirildi və məlum oldu ki, 20-yə yaxın rayon vergi orqanının saxlanmasına dövlət büdcəsindən toplanan vergidən daha çox xərc çəkilir. Ona görə də yerli vergi orqanlarının hamısının ləğv olunmasına və ərazi vergi orqanlarının yaradılmasına qərar verildi. Həmin struktur təsbit olunduqdan sonra artıq yeni mərkəzi idarəetmə mexanizmi yarandı. Bu, o dövr üçün kifayət qədər səmərəli addım idi".

A.Musayev vergi orqanlarında çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması üçün görülən işlərə də toxunub. "İlk növbədə, Təhsil Nazirliyi və Nazirlər Kabineti ilə birgə əməkdaşlıq nəticəsində iki ixtisas üzrə kadr hazırlığı nəzərdə tutuldu. Vergi işinin təşkili və idarə edilməsi, vergi və vergiqoyma ixtisaslarının tədrisi məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində ixtisaslaşmış kafedranın yaradılmasına nail olduq. İkinci mərhələdə isə kadrların peşəkarlıq səviyyəsinin artırılması üçün Nazirliyin tərkibində Tədris Mərkəzinin yaradılmasına nail olundu. Dərsliklər, dərs vəsaitləri hazırlandı".

A.Musayevin sözlərinə görə, vergi sisteminin inkişaf mərhələlərində vacib məsələlərdən biri vergi ödəyicilərinə xidmət strukturlarının yaradılması olub. Vergi ödəyicilərinin maarifləndirilməsinə böyük əhəmiyyət verilib. "Vergilər" qəzetinin, "Azərbaynın vergi xəbərləri" jurnalının nəşr edilməsi, bukletlərin çap olunması ilə yanaşı, televiziyalarda geniş maarifləndirmə işləri aparılıb. Ən vacib məsələlərdən birinin də vergi sistemin rəqəmsallaşmasının olduğunu deyən A.Musayev Avtomatlaşmış Vergi İnformasiya Sisteminin, Çağrı mərkəzinin yaradılmasını mühüm addımlar kimi qiymətləndirib.

Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?