12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sabit verginin ödənilməsi haqqında qəbzi kimlər alacaq?

Sadələşdirilmiş vergi üzrə öhdəliyini "Sabit verginin ödənilməsi haqqında qəbz" almaqla həyata keçirən şəxslərin siyahısında dəyişiklik edilib

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) sahibkarlıqla məşğul olan fiziki şəxslərin, başqa sözlə, sabit vergi ödəyicilərinin siyahısı genişləndirilib. Siyahıya bu ildən fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və nəqqaşlıq emalatxanalarının fəaliyyəti siyahısına fərdi qaydada bərbərlər (sabit məbləğ 15 manat), dərzilər (sabit məbləğ 10 manat) və ofisiantlar (sabit məbləğ 10 manat) daxil edilib. Qeyd edək ki, sabit verginin hesablanması üçün xüsusi əmsallardan istifadə olunur.

Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan və bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir:

  • toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət - 30 manat;
  • fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət - 30 manat;
  • çəkməçi, pinəçi - 15 manat;
  • saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri - 10 manat;
  • fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), gözətçi və digər analoji işlər - 10 manat;
  • nəqqaşlıq emalatxanalarının fəaliyyəti - 20 manat;
  • fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər - 15 manat;
  • fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər - 10 manat.

Bu şəxslər fəaliyyətlərini rəsmiləşdirmək üçün Vergilər Nazirliyindən aylıq, rüblük, 6 aylıq və ya illik "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" alırlar və heç bir hesabat təqdim etmirlər.

Vergi ödəyicisi "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz"i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciət olunduğu zaman elektron qaydada həyata keçirir. Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir. Vergi ödəyicisi hesablanmış sabit vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra ona müvafiq olaraq kağız daşıyıcıda və ya elektron qaydada "Sabit verginin ödənilməsi haqqında qəbz" verilir.

Vergi Məcəlləsinin 58.12-ci maddəsinə görə, vergi orqanından bu Məcəllənin 221.8-ci maddəsinə əsasən "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə:

  • təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında;
  • təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?