İlya Sokolov: "Vergi sistemi müasir tələblərlə ayaqlaşmalıdır"
Bakıda səfərdə olan Rusiyanın Y.T.Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi, vergi üzrə mütəxəssis İlya Sokolov "vergiler.az"ın suallarını cavablandırıb.
- İlya Aleksandroviç, rəqəmsallaşma trendlərinin yayıldığı bir dövrdə vergi sistemlərinin müasirləşməsi üçün nələr tələb olunur?
- Vergi sistemi özlüyündə fəaliyyət göstərmir, vergi inzibatçılığı prosesində, vergi hesabatlığının aparılmasına və yığıma nəzarət proseslərində müəyyən texnologiyalardan istifadə edir. Əsas odur ki, vergi sistemi iqtisadi dəyişikliklərə adaptasiya olunsun. Çünki iqtisadiyyat xidmət sahəsinə tranformasiya olunduqda rəqəmsal iqtisadiyyat sektoru genişlənir, eləcə də vergi sahəsinin buna uyğunlaşması zərurəti yaranır. Əks halda, bu proseslərin desinxronizasiyası, baxışların və vergi inzibatçılığı yanaşmasının müasir olmaması iqtisadi prosesləri yaxından izləməyə imkan verməyəcək ki, bu da istənilən ölkə üçün problem olacaq. Ona görə də vergi sisteminin müasir tendensiyalardan geri qalması iqtisadiyyatın strukturunun ikinci hissəsi olan büdcənin gəlir strukturuna təsir edə bilər. Burada vergi yükü çox olduqda aşağıdan yuxarı təsir tendensiyası formalaşır. İnsanlar və biznes tərəfindən istehlak həyata keçirilir, bəzi resurslar isə bərpa olunmur, üstəlik də ekoliji vəziyyət pisləşir. Vergi bütövlükdə istehlak prosesinin tənzimlənməsini təmin etməlidir. Lakin bu zaman baza funksiyası olan fiskal funsksiya yaddan çıxarılmamalıdır. Əks halda dövlət öz işlərini heç nə ilə maliyyələşdirə bilməz: pulsuz təhsil, səhiyyə, pensiya təminatını həyata keçirmək, onu maliyyələşdirmək mümkün olmaz. Odur ki, vergi sistemi müasir tələblərlə ayaqlaşmalıdır.
Vergi bütövlükdə istehlak prosesinin tənzimlənməsini təmin etməlidir.
Lakin bu zaman baza funksiyası olan fiskal funsksiya yaddan çıxarılmamalıdır
- Rusiyada vergi qanunvericiliyi ilə bağlı hansı yeniliklər gözlənilir?
- Rusiyada bu sahədə əsaslı dəyişikliklər gözləmirəm. Rusiyada vergi sistemi 2000-2010-cu illərdə öz adaptasiya dövrünü keçib və artıq mükəmməldir. Aydın məsələdir ki, təkmilləşmə daimi prosesdir. Əsasən, verginin xüsusi rejimləri optimallaşdırılmalıdır. Əsas məsələlərdən biri özünüməşğulluq, yəni peşəkar fəaliyyət üçün vergi təcrübələrinin genişləndirilməsidir. Neft-qaz sektorunda vergi xərclərinin inzibatçılığı, imtiyazlardan azad olma kimi məqamlar da mühümdür. Bu sahədə Rusiyanın vergi qanunvericiliyi artıq formalaşıb, fundamental dəyişikliklərə ehtiyac qalmır. Əvvəlcədən hazırlanan və əsaslandırılan məsələlər tədricən tətbiq edilməlidir. Nəzərə almaq lazımdır ki, nəyisə sındırmaq düzəltməkdən asandır.
- Azərbaycanla Rusiyanın vergi orqanları arasında əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Rusiyanın Federal Vergi Xidməti vergi inzibatçılığı üzrə, bütün istehsal nöqtələri üzrə məhsulun hərəkətinin izlənilməsi üçün avtomatik informasiya sisteminin qurulmasına görə bütün dünyada qabaqcıl hesab olunur. Onun rəhbəri öz hesabatları, təqdimatları, nailiyyətləri ilə bağlı xarici ölkələrdə təqdimatlar edir, təcrübəsini bölüşür. Bu, müxtəlif reytinqlərdə də təsdiqlənib. Dünya Bankının hər il elan etdiyi "Doing Business" hesabatında da vergi inzibatçılığı üzrə öz yerimizi əhəmiyyətli dərəcədə yaxşılaşdırmışıq, öndə gedən ölkələr sırasındayıq. Ona görə də Rusiya yalnız öz uğurları ilə bağlı dialoq qurmur, həm də başqa ölkələrlə ikiqat vergitutma, vergitutma bazasının aşınmasına və mənfəətin vergidən yayındırılmasına qarşı mübarizə (BEPS), informasiya mübadiləsi üzrə çoxsaylı razılaşmaları vardır.
Vergi yığımları az olduqda, qarşıya qoyulan vəzifələrin həyata keçrilməsi,
maliyyələşməsi problemlər yaradır. Çox yığım isə bizi biznesdən və bəzən yaxşı
idarə edilməyən, ancaq istifadəyə yararlı olan resurslardan yararlanmaqdan məhrum edir
Cəmiyyətdə elə bir münasibət formalaşdırılmalıdır ki, vergilərin yığılması dövlətin öz funksiyalarını yerinə yetirməsini maliyyələşdirmək üçün lazım olduğunu dərk etsin. Vergi yığımları az olduqda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi, maliyyələşməsi problemlər yaradır. Çox yığım isə bizi biznesdən və bəzən yaxşı idarə edilməyən, ancaq istifadəyə yararlı olan resurslardan yararlanmaqdan məhrum edir. Ona görə də istənilən vergi sistemində dövlətin həmin o funksiyaları və ehtiyacları balanslı şəkildə qurması vacibdir. Vergi sistemi, ilk növbədə, maksimum ədalətli olmalıdır. Vergi ödəyicilərinin davranış tərzlərində təhriflər minimum dərəcədə olmalıdır. Nəhayət, vergi sistemi effektiv olmalıdır. Hər bir ölkə öz vergi sistemini bu prinsiplərin optimal şəkildə birləşdirilməsini nəzərə alaraq qurur. Lakin bu da bir həqiqətdir ki, çox az ölkə buna nail ola bilir.