6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikro sahibkarlıq subyektlərində vergilərin hesablanması

Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir və mənfəət vergisindən azaddır. Məcəllənin 114.3-1-ci maddəsində isə göstərilib ki, mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəlləyə əsasən, müəyyən edilən amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malik olmaqla yanaşı, həm də 199.14-cü maddəyə uyğun olaraq əmlak vergisini ödəməkdən azaddırlar. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddələrinin tətbiqinin əsas məqsədi mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərindən vergilərin hesablanması qaydasını və mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə amortizasiya ayırmalarının hesablanması qaydasını müəyyən etməkdir. Əvvəlcə onu qeyd edək ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 10 nəfərdən çox olmayan və gəliri 200.000 manatdan az olan sahibkarlıq subyektləri nəzərdə tutulur.

Misal 1. Tutaq ki, işçilərinin sayı 7 nəfər olan fərdi sahibkar sahibkarlıq fəaliyyəti subyektlərinə vergi və mühasibat məsələləri üzrə məsləhət xidmətləri göstərməsindən illik ümumi gəliri 70.000 manat, bu fəaliyyətə aid olan xərci isə 20.000 manatdır. Verginin hesablanması qaydasını nəzərdən keçirək.

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti subyektlərinə xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Buna görə də sahibkarlıq fəaliyyəti subyektlərinə vergi və mühasibat məsələləri üzrə məsləhət xidməti göstərən fərdi sahibkar gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir. Məsələmizdəki fərdi sahibkarın 7 nəfər işçisi olduğu və illik gəliri 200.000 manatdan az olduğu üçün mikro sahibkarliq subyekti meyarına uyğun gəldiyindən, Vergi Məcəlləsinin 102.1.30.-cu maddəsinin şərtlərini də nəzərə almaqla ümumi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı olan xərci çıxdıqdan sonra qalan 50.000 manat (70.000 – 20.000 = 50.000 manat) gəliri ilə vergidən azad olunan hissəni müəyyən etmək üçün həmin gəlirə 75 faiz güzəşt tətbiq etməklə alınan 37.500 manat ( 50.000 x 75% = 37.500 manat) məbləğ arsındakı fərq olan 12.500 manatdan (50.000 – 37.500 = 12.500 manat) fərdi sahibkar 2.500 manat (12.500 x 20% = 2500 manat ) gəlir vergisi hesablayacaqdır.

Misal 2. Tutaq ki, mikro sahibkarın qüvvədə olan meyara uyğun olaraq müəssisənin fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi əsas vəsaitlərinin cari ilin sonuna qalıq dəyəri qurğular üzrə – 40.000 manat, avadanlıqlar üzrə – 20.000 manat, istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə isə – 5.000 manatdır. Bu müəssisənin amortizasiya ayırma məbləğini hesablayaq.

Vergi Məcəlləsinin 114.3-1-ci maddəsinə əsasən, mikro sahibkarlıq subyektləri əsas vəsaitlərə amortizasiya ayırmalarını 114.3- cü maddə ilə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq olunduğundan, qurğu üzrə illik amortizasiya normasını (7 faizi) 2 əmsala vurmaqla amortizasiya norması 14 faizə (7% x 2 = 14%), avadanlıq üzrə illik amortizasiya normasını (20 faizi) 2 əmsala vurmaqla amortizasiya norması 40 faizə (20% x 2 = 40%), istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər üzrə isə illik amortizasiya normasını (10 faizi) 2 əmsala vurmaqla amortizasiya norması 20 faizə (10% x 2 = 20%) bərabər götürülməklə müəssisənin amortizasiya ayırma məbləği 14.600 manat (40.000 x 14% + 20.000 x 40% + 5000 x 20% = 5600 + 8000 + 1000 = 14.600 manat ) təşkil edəcəkdir.

Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azad olmaqla yanaşı, 102.1.31-ci maddəyə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi fəaliyyət göstərən startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir - 3 il müddətinə gəlir vergisindən azaddır.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?