12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏDV tutulan əməliyyatlar və ƏDV-dən azad edilmiş əməliyyatlar apardıqda ƏDV-nin əvəzləşdirilməsi

Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin tətbiqinin əsas məqsədi vergi ödəyicisi həm ƏDV tutulan əməliyyatlar, həm də ƏDV-dən azad edilmiş əməliyyatlar apardıqda, ƏDV üzrə əvəzləşdirmənin hansı qaydada hesablandığını müəyyənləşdirməkdir. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparıldıqda və bu əməliyyatlar üçün ayrı-ayrılıqda uçot aparılmadığı halda ƏDV üzrə əvəzləşdirilən məbləğ vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilir.

Amma, ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların ayrı-ayrılıqda uçotu aparıldıqda isə ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara görə ödənilmiş ƏDV-nin məbləği tam məbləğdə əvəzləşdirilir.

Misal 1. ƏDV qeydiyyatında olan vergi ödəyicisinin hesabat ayında ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsi 150.000 manat, ƏDV-dən azad olan əməliyyatlar üzrə dövriyyə 50.000 manat, ƏDV-yə "0" dərəcəsi ilə cəlb olunan əməliyyatlar üzrə dövriyyə 20.000 manat olmuşdur. Həmin ayda 130.000 manat dəyərində mallar alınmış və EVHF-ləri üzrə ödənilmiş ƏDV məbləği 23.400 manatdır. Hesabat ayında 70 min manatlıq mal istifadə edilmişdir. Sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparılmamışdır. Büdcə ilə əvəzləşdirilməsinə yol verilən və verilməyən ƏDV məbləğini müəyyən edək.

Misalımızdan göründüyü kimi, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin vergi tutulan əməliyyatları və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar olmuş və bu əməliyyatların uçotunu ayrı-ayrılıqda aparmamışdır, Buna görə də ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləğini hesablayırıq.

Qeyd olunan rəqəmlərə əsasən, hesabat ayında ümumi dövriyyə 220.000 manat (150.000 + 50.000 + 20.000 = 220.000), o cümlədən vergi tutulan əməliyyatlar üzrə 170.000 manat (150.000 + 20.000 = 170.000), bu dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisi isə 77,3 faiz ((170.000 : 220.000) x 100% = 77,3%) təşkil edir.

Belə olan halda, mallar əldə edilərkən ödənilmiş 23.400 manat ƏDV-nin vergi tutulan əməliyyatlar üzrə dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyənləşdirilən 18.088 manatı (23.400 x 77,3% = 18.088) büdcədən əvəzləşdirilir və əvəzləşdirilməyən 5.312 manat (23.400 - 18.088 = 5312) ƏDV isə malların dəyərinə aid edilir.

Misal 2. ƏDV qeydiyyatında olan vergi ödəyicisinin hesabat dövrü ərzində ümumi dövriyyəsi 130.000 manat (ƏDV-siz) olmuşdur. Bunun 30.000 manatı ƏDV-dən azad olunan əməliyyat, 10.000 manatı ƏDV-yə sıfır dərəcə ilə cəlb olunan əməliyyat, 90.000 manatı isə ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatdır. ƏDV-dən azad olunan əməliyyatların və ƏDV-yə cəlb olunan əməliyyatların ayrı-ayrılıqda uçotu aparılmışdır. Bu əməliyyatların aparılması üçün həmin hesabat dövründə vergiyə cəlb olunan əməliyyatlar çərçivəsində digər şəxslərdən elektron vergi hesab-fakturaları əsasında alınan mallara (işlərə, xidmətlərə) görə nağdsız qaydada ödəmələr üzrə ƏDV-nin depozit hesabına köçürülən ƏDV-nin məbləği 14.400 manat olmuşdur. 25.000 manat dəyərində isə ƏDV-dən azad edilən əməliyyat çərçivəsində mal idxal etmişdir. Büdcə ilə əvəzləşdirilməyə qəbul edilən ƏDV məbləğini və büdcəyə ödəniləcək vergi məbləğini müəyyən edək.

Misalımızdan göründüyü kimi, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin vergi tutulan əməliyyatları və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar olmuş və bu əməliyyatların uçotunu ayrı-ayrılıqda aparmışdır. Buna görə də mallar əldə edilərkən ödənilmiş 14.400 manat ƏDV tam məbləğdə əvəzləşdirildiyindən hesablanmış 16.200 manat (90.000 x 18% = 16.200) ƏDV məbləğindən əvəzləşdirilən 14.400 manat ƏDV məbləğini çıxdıqdan sonra büdcəyə ödənilməli olan vergi məbləği 1800 manat ( 16.200 – 14.400 = 1800) təşkil edəcəkdir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?