26 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pensiyaya vaxtında çıxmağın təminatı maaşların ağardılmasıdır!

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliyə uyğun olaraq 2019-cu il oktyabrın 1-dən əmək pensiyasının minimum məbləği 200 manata qaldırılıb.

Bu dəyişikliyin pensiyaçıların maddi vəziyyətini yaxşılaşdırdığını deyən hüquqşünas ekspert Elnur Əliyev yeniliklə bağlı diqqət yetirilməli olan məqamlara aydınlıq gətirib: "Azərbaycanda yaşa görə pensiya hüququnun yaranması üçün pensiya yaşına çatma ilə yanaşı, şəxsin sosial sığorta hesabında minimum pensiya təminatına imkan verən həddə vəsaitin yığılması və ya 25 il iş stajının olması tələb olunur. Bu isə o deməkdir ki, minimum pensiyanın məbləği artdıqca yaşa görə pensiya hüququnun yaranması üçün yığılması tələb olunan vəsaitin məbləği də artır.

Məsələn, yaşa görə pensiya hüququnun yaranması üçün bu il oktyabrın 1-dək fərdi sığorta hesabında 23 min manat vəsaitin yığılması tələb olunurdusa, minimum pensiyanın 200 manata qalxması nəticəsində hazırda bu tələb 28 min manatadək artır. Beləliklə gələcəkdə pensiya problemi ilə qarşılaşmamaq üçün mühüm addımlardan biri maaşları rəsmiləşdirməkdir. Burada Vergilər Nazirliyinin şüarını səsləndirmək lazım gəlir: "Maaşları ağartmağın vaxtıdır".

E.Əliyev qeyd edib ki, maaşların rəsmiləşdirilməsində 3 maraqlı tərəf var - dövlət, işçi və işəgötürən. Dövlət istəyir ki, bütün maaşlar olduğu kimi rəsmi göstərilsin və nəticədə vergi, sosial sığorta və digər icbari ödənişlərin həcmi artsın. Bu, işçilər üçün də sərfəlidir. Əməkhaqqı rəsmi göstərildikdə işçinin sosial sığorta hesabında daha çox vəsait toplanır, onun pensiyaya çıxma imkanları artır. Eləcə də kredit almaq və s. məqamlarda əməkhaqqı yüksək göründükdə istədiyi vəsaiti almaq şansı da artır. Lakin digər tərəfdən işçi maaşların tam rəsmiləşməsindən çəkinir. Hüquqşünas bunu belə izah edib: "İşçilər maaşların rəsmiləşəcəyi halda işəgötürənin maliyyə itkilərini (vergi, sosial sığorta ödənişləri və s.) işçilərə ödənilən maaşdan kompensasiya edəcəklərindən ehtiyatlanırlar. İşəgötürən də heç də həmişə əmək haqlarının tam rəsmiləşməsinə maraqlı olmur. Çünki bu, onun üçün əlavə xərclər yaradır. Bazar iqtisadiyyatında işəgötürən maaşın rəsmiləşdirilməsi ilə əlaqədar yaranan əlavə xərcləri işçilərin qorxduğu kimi, işçiyə faktiki ödənilən maaşın azalması hesabına qarşılaya bilmir. Çünki bu halda işçilər daha yuxarı əməkhaqqı verən iş yerlərinə üz tuturlar. Bu səbəbdən təcrübə göstərir ki, maaşı tam rəsmiləşdirən əksər işəgötürənlər işçilərə əvvəllər ödənilən faktiki maaşı azaltmırlar. Əksinə, qarşılaşdıqları əlavə xərcləri işçinin iş əmsalını və məhsuldarlığını artırmaqla əlavə məhsul istehsalından əldə etməyə çalışırlar".

E.Əliyev hesab edir ki, hazırda maaşların tam ağardılması üçün tələb və təşviq edilməli şəxslər əsasən işəgötürənlərdir. Maaşların tam rəsmiləşdirilməsini təşviq etmək üçün dövlət artıq ciddi addımlar atmağa başlayıb. Özəl sahədə işəgötürən tərəfindən işçilərə ödənilən əməkhaqqı üzrə gəlir vergisindən tam azadolma, işəgötürən və işçi tərəfindən ödənilən sosial sığorta ödənişlərində nisbətin işəgötürənin xeyrinə dəyişdirilməsi və s. kimi tədbirlər reallaşdırılır. Hüquqşünasın fikrincə, bu sahədə addımlar davam etdirilməlidir. Eyni zamanda işçilər də işə düzələrkən əmək haqlarının əmək müqavilələrində tam şəkildə rəsmi göstərilməsini tələb etməlidirlər ki, gələcəkdə pensiya ala bilsinlər.

Fərqanə ALLAHVERDİQIZI

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?