23 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi uğurların qazanılmasında, regionların inkişafında vergi siyasəti mühüm rol oynayır

Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, qeyri-neft sektorunun davamlı inkişafına əlverişli zəmin yaradıb. Bu proses yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb olunmasına, qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin və yeni iş yerlərinin yaradılmasına, nəticə etibarilə isə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəldilib. Müsahibimiz Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Kamran Bayramovdur.

- Kamran müəllim, bu gün ölkəmizdə aparılan iqtisadi islahatlar, sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrası regionların statistik artım göstəricilərində öz əksini necə tapır?

- Regionlarımızın inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə) xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun təmin olunmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib. Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb.

Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində, 1,5 milyonu daimi olmaqla, ölkədə 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində
ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru
2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb

- 2019-cu il ölkəmizin sosial-iqtisadi həyatında böyük uğurlarla, yeniliklərlə yadda qalan sosial islahatlar ili kimi davam etməkdədir. Minimum əmək haqları və əmək pensiyaları qaldırıldı. Daha hansı sosial layihələr gözlənilir?

- 2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bəyan edən cənab Prezidentin cari il ərzində təqdim etdiyi iki sosial paket bu siyasətin yüksək səviyyədə reallaşmasını, ölkədə sosial inkişaf, sosial rifahın yüksəldilməsi istiqamətində bir-birinin ardınca inqilabi xarakterli addımların atılmasını təmin edib.

Dövlət başçısının bu ilin ilk aylarında təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180 manata, pensiyanın minimum məbləği isə 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Bu gün həmin artımlardan 830 min insan yararlanır. Aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılıb. Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib, 2 yeni təqaüd növü - sağlamlıq imkanları məhdud uşaqlara və birinci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü təsis olunub. Habelə aylıq sosial müavinət alan birinci dərəcə əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü pensiya alan birinci dərəcə əlilliyi olan şəxslərə də şamil edilib. Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunub. Sosial müavinət və təqaüd artımları, təsis olunan yeni təqaüdlər 300 mini əlilliyi olan şəxslərdən ibarət 600 minədək vətəndaşın rifahını yaxşılaşdırıb. Bunlardan əlavə, məcburi köçkünlərin aylıq müavinəti 50 faiz artırılıb, 800 min vətəndaşın problemli kreditləri həll olunub, tələbələrin təqaüdlərində əhəmiyyətli artımlar edilib.

Sosial-iqtisadi inkişafda yeni mühüm irəliləyişlərə zəmin yaradan
həmin addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq
illik 3,9 milyard manat ayrılacaq ki, bu da Azərbaycan dövlətinin
ölkə vətəndaşının rifahına xüsusi diqqətini, qayğısını bir daha göstərir

Prezident İlham Əliyevin ikinci sosial paketini əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərir. Bu sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olunub.

"Minimum aylıq əməkhaqqının artırılması haqqında" 18 iyun 2019-cu il tarixli sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği cari il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Bununla da cari ildə reallaşan iki sosial paket nəticəsində Azərbaycanda minimum əməkhaqqının məbləği 93 faiz artıb. Bu, Azərbaycan dövlətinin sosial siyasətinin növbəti uğuru olmaqla ölkəmizdəki sosial inkişafın daha bir göstəricisidir. Minimum əmək haqqının bu artımı 950 min nəfərin maaşlarının artmasına səbəb olub.

2019-cu il iyunun 18-də imzalanmış digər sərəncamlarla, eyni zamanda, dövlət sektorunda işləyən müəllimlər, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanlar, hərbi qulluqçular, hüquq mühafizə orqanları əməkdaşları, həm ümumi, həm də xüsusi növ üzrə dövlət qulluqçuları, hakimlər və digərlərindən ibarət 400 min nəfərin əmək haqları da cari il sentyabrın 1-dən 20-100 faiz səviyyəsində artırılıb. Ümumilikdə, ikinci sosial paket 1 milyon 350 min nəfəri əhatə edib ki, onlardan da 1 milyonu dövlət, qalanları özəl sektorda işləyənlərdir.

İkinci sosial paket çərçivəsində cənab Prezidentin yeni qanunvericilik təşəbbüsü kimi əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması təmin edilib. Bu artım dövlət başçısının təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan ikinci mühüm addım olub.

Vergi siyasətinin əsaslı şəkildə təkmilləşdirilməsi, kadr potensialının
düzgün yerləşdirilməsi, vergi əməkdaşlarının peşəkarlıq səviyyəsinin
artırılması bu sahədə uğurların əldə edilməsinə imkan verib

Sosial siyasətin davamı kimi, cari ilin ötən dövründə həyata keçirilən və əhalinin rifah halının yaxşılaşdırılması, vətəndaş rifahı naminə inqilabi addımların atılmasını təmin edən iki mühüm sosial islahat paketi 4 milyon 200 min vətəndaşı əhatə edir. Sosial-iqtisadi inkişafda yeni mühüm irəliləyişlərə zəmin yaradan həmin addımların atılması üçün dövlət tərəfindən əlavə olaraq illik 3,9 milyard manat ayrılacaq ki, bu da Azərbaycan dövlətinin ölkə vətəndaşının rifahına xüsusi diqqətini, qayğısını bir daha göstərir.

Bütün qeyd edilənlər sosial islahatlar proqramı nəticəsində Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçildiyini göstərir və ölkəmizdə sosial firavanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə böyük əminlik yaradır.

- Regionların inkişafında həyata keçirilən vergi siyasətinin rolunu necə dəyərləndirərdiniz?

- Azərbaycan iqtisadiyyatının artmasında, xüsusilə regionların sosial-iqtisadi inkişafında əldə edilən uğurlar, nailiyyətlər və bu nailiyyətlərə beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətin verilməsi bir daha göstərir ki, iqtisadi siyasət düzgün, düşünülmüş şəkildə həyata keçirilir. Təbiidir ki, Azərbaycanın iqtisadi uğurlarının qazanılmasında, regionların sosial-iqtisadi inkişafında vergi siyasəti çox mühüm bir rol oynayır. Ölkəmizdə vergi siyasətinin düzgün aparılmasının nəticəsidir ki, bu gün maliyyə ehtiyatlarımız artmaqdadır. Qısa müddət ərzində dövlət başçısının tapşırığı ilə Azərbaycanın vergi sistemi, vergi siyasəti formalaşdı, vergi qanunvericiliyi işlənib hazırlandı, Vergi Məcəlləsi qəbul edildi, vergi inzibatçılığı sahəsində institusional və kadr islahatları aparıldı, ölkəmizdə büdcə proqnozlarının yerinə yetirilməsində, büdcə gəlirlərinin doldurulmasında, maliyyə resurslarının formalaşmasında böyük uğurlar əldə edildi. Vergi siyasətinin əsaslı şəkildə təkmilləşdirilməsi, kadr potensialının düzgün yerləşdirilməsi, vergi əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması bu sahədə uğurların əldə edilməsinə imkan verib.

- Milli Məclisin payız sessiyasında ölkə əhalisi üçün önəmli hansı təkliflərin veriləcəyi və hansı qərarların qəbul olunacağı gözlənilir?

- Qeyd etməliyəm ki, Milli Məclisin payız sessiyasının bu ilin sentyabrın 30-da keçirilmiş ilk iclasında "Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il payız sessiyasının qanunvericilik işləri Planı" müzakirə olunaraq təsdiq edilib. Həmin planda bir sıra qanun layihələrinin müzakirəsi və qəbul olunması nəzərdə tutulur. Eyni zamanda, həmin layihələr sırasında ölkə əhalisi üçün vacib hesab edilə bilən dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri, "Sosial sifarişlər haqqında", "Qida təhlükəsizliyi haqqında", "Reproduktiv sağlamlıq haqqında" və digər qanun layihələri vardır.

Müsahibəni hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz?