DVX rəisi Orxan Nəzərli Milli Məclisin komitə iclasında çıxış edib
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli çıxış edib. DVX rəisi bildirib ki, təqdim olunan dəyişikliklər ölkəmizdə həyata keçirilən iqtisadi islahatların davamı olmaqla, vergi sisteminin müasir çağırışlara uyğun inkişafına yönəlib:
“Əsas məqsəd vergi inzibatçılığının sadələşdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, vergi ödəyicilərinin inzibati və maliyyə yükünün optimallaşdırılması, eyni zamanda, fiskal dayanıqlılığın təmin edilməsidir. Dəyişikliklər paketi 2027-ci ildən tətbiqi nəzərdə tutulan büdcə – fiskal çərçivə ilə uzlaşdırılıb, ölkənin sosial-iqtisadi inkişaf prioritetləri, strateji sahələrin dəstəklənməsi və investisiyaların təşviqi hədəfləri nəzərə alınmaqla hazırlanıb. Xüsusi vurğulamaq istərdim ki, təqdim olunan dəyişikliklərin bir hissəsi sahibkarlıq subyektləri ilə aparılan geniş müzakirələrin nəticəsi və onların irəli sürdüyü təkliflər əsasında formalaşdırılıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində İqtisadi Şurada sahibkarların üzləşdiyi çətinliklərin öyrənilməsi və həlli yollarının müəyyənləşdirilməsi məqsədilə xüsusi altqrup yaradılıb. Həmin altqrupla sıx əməkdaşlıq şəraitində müxtəlif sahələri təmsil edən sahibkarlıq subyektləri və biznes assosiasiyaları ilə çoxsaylı görüşlər keçirilib, onların fəaliyyətində yaranan çətinliklər və irəli sürdükləri təkliflər ətraflı təhlil olunub. Aparılan müzakirələrin nəticələri cari ilin büdcə-vergi siyasətində nəzərə alınıb. Ümumilikdə, hazırki layihədə dəyişiklik təklif olunan 67 istiqamətdən 21-i məhz sahibkarlıq subyektlərinin təqdim etdiyi və tərəfimizdən məqsədəmüvafiq hesab edilmiş təkliflərin əsasında formalaşdırılmışdır. Bu yanaşma vergi siyasətinin formalaşdırılmasında biznes ictimaiyyətinin iştirakının təmin edilməsinə, sahibkarların real ehtiyaclarının nəzərə alınmasına və dövlət –biznes dialoqunun konkret nəticələrə çevrilməsinə xidmət edir.
Layihə 4 əsas blokdan ibarət olmaqla ümumilikdə 67 istiqamət üzrə dəyişiklik təklifini əhatə edir. Layihənin əsas istiqamətləri biznes mühitinin yaxşılaşdırılması və
investisiyaların təşviqi, vergitutma bazasının genişləndirilməsi, vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsindən ibarətdir. Ən mühüm dəyişikliklərin gözləndiyi əsas blokdan başlamaq istərdim.
Biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklər mikro və kiçik sahibkarlığın dəstəklənməsini, vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsinin stimullaşdırılmasını, kənd təsərrüfatında yeni vergitutma mexanizminin tətbiqini, ayrı-ayrı sektorların inkişafına yönəlmiş tədbirləri, eləcə də bir sıra vergi güzəştlərinin müddətinin uzadılmasını əhatə edir. Bu çərçivədə növbəti il üçün təklif olunan mühüm dəyişikliklərdən biri mikro və kiçik sahibkarlığın inkişafının stimullaşdırılmasına, fəaliyyətlərinin dayanıqlılığının təmin edilməsinə və uzunmüddətli böyümə imkanlarının genişləndirilməsinə yönəlib. Ən azı iki il kiçik sahibkar kimi fəaliyyət göstərən vergi ödəyicilərinə müəyyən şərtlərlə gəlir və ya mənfəət vergisi üzrə 5 illik güzəştin tətbiqi nəzərdə tutulur. Aparılmış hesablamalara əsasən, yalnız bu dəyişiklikdən təxminən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir.
Digər mühüm dəyişiklik ixracyönümlü fəaliyyətin stimullaşdırılması ilə bağlıdır. Bu istiqamətdə ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün əlavə vergi təşviqlərinin tətbiqi nəzərdə tutulur. Təklif olunan təşviqlər malların ixracı ilə yanaşı, həm də xidmətlərin ixracını əhatə etməklə, yerli sahibkarlıq subyektlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə və ixrac potensialının artırılmasına yönəlib. Müsbət xəbərlərdən biri budur ki, vergi öhdəlikləri müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, gecikdirilmiş günlər üçün hesablanan faiz dərəcələrinin 2 dəfə azaldılması təklif olunur. Burada həmçinin maliyyə sanksiyalarının qısa müddətdə ödənilməsini stimullaşdırmaq məqsədilə əlavə təşviq elementləri nəzərdə tutulub. İnvestisiya fəallığını yüksəltmək məqsədilə layihədə bir sıra sahələrə əlavə vergi güzəştləri əksini tapıb.
Turizm sektoru üçün bu il 2 mühüm yeniliyimiz olacaq. Sektorun vergi dəstəklənməsinin davam etdirilməsi məqsədilə regionlarda otel fəaliyyətində istifadə edilən daşınmaz əmlaklara görə əmlak vergisi üzrə güzəştinin müddətinin uzadılması nəzərdə tutulur. Həmçinin bu sektorda fəaliyyət göstərən müəssisələr üçün xarici turistlərə xidmətlər üzrə gəlir və mənfəət vergisindən azadetmənin tətbiqi təklif edilib.
Bununla yanaşı, aqrar sektorda yerli aqrotexnika istehsalının dəstəklənməsi üçün güzəştlərin tətbiqi, ikinci əl avtomobil satışında və təkrar mənzil satışlarında ƏDV-nin ticarət əlavəsindən hesablanması və digər təşviqlərin verilməsi yeni təkliflər sırasındadır. Nağdsız əməliyyatlar üzrə ƏDV-nin 50%-nin qaytarılmasının əhatə dairəsinin genişlənməsi, səhiyyə və kənd təsərrüfatı da daxil olmaqla bir sıra sahələrdə mövcud güzəştlərin müddətinin uzadılması nəzərdə tutulur. Buğdanın idxalı və satışı, buğda unu və çörəyin, heyvan və quş ətinin, həmçinin yem və yem əlavələrinin satışı üzrə ƏDV-dən azadolmaların tətbiq müddətinin daha 3 il uzadılması təklif olunur. Bu azadolmaların müddətlərinin uzadılması sahibkarlıq subyektlərinə göstərilən vergi dəstəyinin davamlılığının təmin edilməsinə yönəlib.
Azərbaycanda kənd təsərrüfatının inkişafının dəstəklənməsi məqsədilə uzun illərdir geniş vergi güzəştləri tətbiq olunur. Bu güzəştlərin sektora təsiri, əldə olunan nəticələr və onların iqtisadi səmərəliliyi Dövlət Vergi Xidməti və aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq təhlil edilir və qiymətləndirilir.
Aparılmış təhlillər göstərir ki, ötən dövr ərzində kənd təsərrüfatı sektoru əhəmiyyətli inkişaf yolu keçib. Tətbiq olunan vergi güzəştləri bu inkişafın dəstəklənməsində, sahənin iqtisadi potensialının güclənməsində və gəlirliliyinin artmasında mühüm rol oynayıb. Əldə olunan nəticələr və sektorun mövcud inkişaf səviyyəsi kənd təsərrüfatında vergitutmaya yeni yanaşmanın tətbiqi üçün imkanların formalaşdığını göstərir. Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunur. Layihəyə əsasən aqrar sahədə uzun illər tətbiq olunan 100%-lik tam vergi azadolması ləğv edilir və onu 2027-ci il yanvarın 1-dən 5 il müddətinə 90%-lik güzəşt mexanizmi əvəz edir. Yəni qısaca desək, istehsalçıların əldə etdiyi gəlir və ya mənfəətin yalnız 10%-i ümumi qaydada vergiyə cəlb olunacaq. Bundan başqa, sadələşdirilmiş vergi üzrə tam vergi azadolması müəyyən edilmiş şərtlər daxilində daha 5 il müddətinə saxlanılacaq. Onu da qeyd edim ki, kənd təsərrüfatı güzəştlərindən istifadə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində uçota alınma və əməliyyatların vergi hesabatlarında bəyan edilməsi ilə şərtləndiriləcək.
Qarşıdakı il üçün daha bir güzəşt mexanizmi təklif edilir. Bu heyvandarlıq sektoru üzrə idxal güzəştidir. Belə ki, kökəltmə məqsədilə heyvanların idxalı 3 il müddətinə ƏDV-dən azad ediləcək.
Vergitutma bazasının genişləndirilməsi məqsədilə növbəti ildən aksizə cəlb olunan malların siyahısının artırılması da nəzərdə tutulur. Vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi istiqamətində vətəndaşlarımız üçün maraqlı ola biləcək yeni bir yanaşma vardır. Dəyişikliklər layihəsində ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, hazırda ƏDV ödəyicilərindən alınan mal və xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi tətbiq olunur. Gələn ildən isə ƏDV qeydiyyatında olmayan vergi ödəyicilərindən alınan mal və xidmətlərə görə nağdsız qaydada ödənilmiş məbləğin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması təklif olunur.
Vergi nəzarətinin effektivliyinin artırılması istiqamətində nəzərdə tutulan mühüm yeniliklərdən biri yanacağın markalanması və izlənilməsi mexanizminin tətbiqi ilə bağlıdır. Dövlət Vergi Xidməti tərəfindən uzun müddətdir ki, bu sahədə beynəlxalq təcrübə və mümkün tətbiq mexanizmləri araşdırılır. Aparılmış təhlillər və hazırlıq işləri nəticəsində artıq bu mexanizmin praktik tətbiqinə keçid üçün imkanlar formalaşıb. Beləliklə, daxili istehsal və idxal olunan yanacaq məhsullarına tədarük, daşınma və satış mərhələlərində vergitutma və dövriyyə üzrə zəncirboyu nəzarətin təmin edilməsi məqsədilə, beynəlxalq təcrübəyə uyğun olaraq yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizminin tətbiqi nəzərdə tutulur. Vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində də bəzi mühüm yeniliklər var. Bunlardan biri yükdaşıma sektorunda sadələşdirilmiş vergi rejiminin tətbiqidir. Sahibkarlıq subyektləri ilə aparılan müzakirələrin nəticəsi olaraq bu təklif irəli sürülüb. Belə ki, ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə gəlirlərin vergiyə cəlb edilməsində 5 il müddətinə alternativ olaraq 8% dərəcə ilə sadələşdirilmiş verginin tətbiqi hüququnun verilməsi təklif olunur.
Kapital bazarlarının inkişafının dəstəklənməsi cari ildə də vergi siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Bu istiqamətdə səhm və istiqraz bazarlarının inkişafını stimullaşdıran vergi təşviqlərinin tətbiqi siyasəti davam etdirilcək.
Vergi borcları üzrə möhlət mexanizminin avtomatlaşdırılması və sadələşdirilməsi sahibkarlar üçün daha bir mühüm güzəştdir. Vergi borclarına möhlət verilməsi hüququnun avtomatlaşdırılması və tətbiq şərtlərinin sadələşdirilməsi, yəni əlavə sənədlərin təqdim edilməsinə dair tələbin aradan qaldırılması nəzərdə tutulub.
Göründüyü kimi, təklif olunan dəyişikliklərin mütləq əksəriyyəti sahibkarlığın dəstəklənməsinə, biznes mühitinin yaxşılaşdırılmasına və iqtisadi fəallığın stimullaşdırılmasına yönəlib. Bir daha qeyd edim ki, dəyişikliklərin bir hissəsi sahibkarlıq subyektləri və biznes assosiasiyaları ilə aparılan müzakirələr, eləcə də onların irəli sürdüyü təkliflər əsasında formalaşıb. Bu, vergi qanunvericiliyinin təkmilləşdirilməsində dövlət – biznes dialoquna verdiyimiz önəmin göstəricisidir”.

