Ümumi təhsil müəssisələrinin vergi və maliyyə idarəetməsi üzrə təlim keçirilib
Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində publik hüquqi şəxs statusuna malik ümumi təhsil müəssisələrinin rəhbər heyəti üçün vergi və maliyyə idarəetməsi mövzusunda təlim təşkil olunub.
Təlimdə publik hüquqi şəxs statusuna malik 30 ümumi təhsil müəssisəsinin direktorları, regional və şəhər təhsil idarələrinin maliyyə sektorlarının əməkdaşları iştirak ediblər.
Vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqinə həsr olunan təlimin məqsədi iştirakçıların bu sahələrdə bilik və bacarıqlarının artırılması, vergi mədəniyyətinin formalaşdırılması, maliyyə savadlılığının gücləndirilməsi, eləcə də praktiki bacarıqlarının inkişaf etdirilməsi olub. Təlim çərçivəsində iştirakçılara vergi sisteminin mahiyyəti, vergilərin ölkənin iqtisadi inkişafında və ictimai xidmətlərin maliyyələşdirilməsində rolu, vergi növləri, vergi azadolmaları və güzəştləri barədə ətraflı məlumat verilib, publik hüquqi şəxslərin vergi öhdəlikləri, gəlir və xərclərin vergi uçotu, həmçinin sahibkarlıq fəaliyyətinin təşkili ilə bağlı əsas məsələlər izah olunub.
